Accessibility links

Vaşinqtonda ekspertlər İran-Azərbaycan əlaqələrindən danışdı [Video]


Yaxın Şərq İnstitutunun tədqiqatçısı Aleks Vatanla İranda yaşayan azərbaycanlıların fəallaşması barədə Amerikanın Səsinə müsahibə verib

Martın 14-ü Vaşinqtonda Cons Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunda “İran və Qafqaz” mövzusunda konfrans keçirilib. Tədbirin mühazirəçiləri Mərkəzi Asiya və Qafqaz İnstitutunun qeyri-daimi tədqiqatçısı Brenda Şaffer və Yaxın Şərq İnstitutunun araşdırmaçısı Aleks Vatanka olub. Konfransda habelə Gürcüstanın ABŞ-dakı sabiq səfəri Temuri Yakobaşvili Qafqazdakı vəziyyət barədə danışıb.

Tədbiri giriş sözü ilə açan institutun direktoru Frederik Star İranın XIX əsrin əvvəllərinədək Qafqazda mövcudluğunu vurğulayıb. 1813-cü il Türkmənçay müqaviləsini xatırladan cənab Star daha sonra Gülüstan müqaviləsi ilə İranın Qafqazda mövcudluğunun tədricən azaldığını bildirib.
Aleks Vatanka isə hazırda İranın xarici siyasətində Qafqazın önəmli yer tutmadığını deyib. Onun sözlərinə görə, İran siyasətində Əfqanıstan və İraq kimi ölkələr prioritet təşkil edir.
Cənab Vatanka Amerikanın Səsinə İranda yaşayan azərbaycanlıların genişlənən siyasi hərəkatının İran-Azərbaycan münasibətlərinə təsirindən danışıb: “Azərbaycan hökuməti İrandakı azərbaycanlıları açıq şəkildə Tehran hökumətinə qarşı iranlıların təbiri ilə desək “səfərbər” etməyibsə, düşünmürəm ki, iranlılar bu hadisələrə qəzəblənə bilər. Azərbaycan “Böyük Azərbaycan” ideologiyasından uzaq durduğu müddətdə, iranlılar əhəmiyyət verməyəcək. Bu dəqiqə ölkə nüvə proqramı, Qərblə münaqişə kimi o qədər ciddi məsələlərlə məşğuldur ki, onlar çətin ki, qonşu bir dövlətlə münaqişə istəsinlər”.

Cənab Vatankanın sözlərinə görə, İranın Bakıya sərt reaksiya verməsi üçün hadisələr xeyli ciddiləşməlidir, ancaq hazırda belə bir şey yoxdur. Xomeyni ideologiyasının yayılmasından da danışan ekspert deyib ki, nə Ayətulla Xomeyni, nə də islam respublikasının ideologiyası şiə əksəriyyət təşkil edən Azərbaycana və ya regiondakı digər müsəlman dövlətlərinə cəlbedici görünür: “Əgər sənin öz ölkəndə qeyri-legitimlik varsa, onu başqa ölkədə tətbiq etmək çox çətin olar. Regiondakılar 2009-cu ildə İranda baş verənləri gördü. Azərbaycandakı müsəlmanların öz hökumətləri ilə problemləri ola bilər, amma bu o demək deyil ki, onlar İrandakı rejimi öz ölkələrində istəyirlər.”

Yaxın Şərq İnstitutunun ekspertinin fikrincə İranın Qafqaz siyasəti Rusiyanın siyasətinin təqlidindən ibarətdir. O, bunu Rusiyanın BMT Təhlükəsizlik Şurasında veto hüququnun olması və mühüm məqamlarda İranın tərəfini saxlaması ilə izah edir.

Mərkəzi Asiya və Qafqaz İnstitutunun qeyri-daimi tədqiqatçısı Brenda Şaffer də diqqəti İrandakı etnik azərbaycanlılara yönəldib. Onun sözlərinə görə, Bakıdan cənuba doğru səfərə çıxan hər hansı bir şəxs Azərbaycan dilini bilirsə, dil problemi yaşamadan İran paytaxtı Tehranadək gedə bilər. O deyir ki, buna baxmayaraq İranda erməni və ivrit dillərində tədris ocaqları olduğu halda, Azərbaycan dilində heç bir məktəb yoxdur. “Hətta kiçicik bir karikatura Azərbaycanlılar tərəfindən böyük etiraza səbəb olur. Heç bir şey yoxdur, sadəcə karikaturadır. Futbol oyunları... Hətta prezident Əhmədinejad açıqlama verməli olmuşdu ki, biz Traktok komandasını da dəstəkləyirik. Futbol oyunları da etnikləşdirilmiş bir hadisəyə çevrilir” - deyə xanım Şaffer bildirib.

Ötən həftəyədək Gürcüstanın ABŞ-dakı səfiri kimi fəaliyyət göstərmiş Temuri Yakobaşvili isə İranın Gürcüstana yönəlik siyasətindən söhbət açıb.

Daha sonra konfrans sual-cavab sessiyası ilə davam edib.
  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG