Accessibility links

Vəfa Quluzadə: Azərbaycan İran qarşısında azərbaycanlıların mədəni hüquqlarının təmin olunması məsələsini qaldırmalıdır (audio)


Xəzər Araşdırmalar Mərkəzinin rəhbəri Vəfa Quluzadə

Xəzər Araşdırmalar Mərkəzinin rəhbəri Vəfa Quluzadə

Keçmiş dövlət müşavirinin fikrincə, Azərbaycan-İran münasibətləri çox gərgin mərhələdədir. “İran iş aparır ki, Azərbaycan dini və İran yönümlü dövlətə çevrilsin”.

“Xəzər” Araşdırmalar Mərkəzinin prezidenti, Azərbaycanın xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri Vəfa Quluzadə Amerikanın Səsi radiosuna müsahibəsində Azərbaycan-İran münasibətlərinin hazırkı durumundan, İranın Azərbaycan qarşı siyasətindən və bu ölkədə yaşayan azərbaycanlıların hüquqlarından danışıb.


Cənab Quluzadənin fikrincə, Azərbaycan-İran münasibətləri çox gərgin mərhələdədir. İki ölkə arasındakı ziddiyyətlər qabarıb, ortalığa çıxıb. Azərbaycanda İranın müxtəlif agentləri təxribat işi aparmaqda günahlandırılaraq tutulub. İranda isə Azərbaycanın iki şairini əvəz çıxmaq üçün həbs ediblər ki, guya casusdurlar. Amma, bu ittihamı sübut edə bilmədiklərindən sonradan İranın əleyhinə danışmaqda ittiham edirlər.

Onun fikrincə, ziddiyyətlərin kökündə İranın Azərbaycana qarşı iddiaları və təmənna durur. “İran Azərbaycanı ona yaxın şiə dövləti adlandırır. Halbuki Azərbaycan dünyəvi dövlətdir, respublikadır, dini dövlət deyil. İran iş aparır ki, Azərbaycan dini və İran yönümlü dövlətə çevrilsin”.

Vəfa Quluzadə hesab edir ki, Azərbaycanın müstəqil, qərb yönümlü siyasəti həm də İranı hirsləndirir. “Avropaya inteqrasiya, Amerika və İsraillə əməkdaşlıq məsələlərini də İran qəbul etmir. Azərbaycan müstəqil dövlətdir və öz milli maraqlarından çıxış edir. İran Azərbaycanın müstəqil siyasətinə təsir edə bilməz”.

Öz növbəsində, Azərbaycan İranın daxili işlərinə qarşımır. “Azərbaycan İranla ticarət, iqtisadi əlaqələri inkişaf etdirir. Mədəni əlaqələrin daha da inkişafında maraqlıyıq. Çünki bizim birgə mədəniyyətimiz var. Amma, bunların müqabilində İran Azərbaycana qarşı özünü aqressiv aparır. Eyni zamanda, İran Azərbaycan ərazilərini işğal etmiş Ermənistanla və onun arxasında dayanmış Rusiya ilə müttəfiqlik edir”, - bildirib.

O hesab edir ki, Azərbaycan Suriya məsələsində öz seçimini edib və Suriyaya qarşı sanksiyaları dəstəkləyir. “Azərbaycanın xarici siyasət prioriteti qərblə, Avropa İttifaqı və Amerika ilə strateji əməkdaşlığı inkişaf etdirməkdir. Bu səbəbdən də Azərbaycan siyasi məsələlərdə əksər durumlarda bu mövqedədir. Eyni zamanda, Azərbaycan Fələstin məsələsində islam dövlətləri ilə eyni mövqedə dayanır. Amma, Suriya məsələsində Azərbaycan İranla eyni mövqedə ola bilməz. Çünki, həm Suriyada situasiya başqadır, həm də Suriyanı müdafiə edən İran, Çin və Rusiya totalitar rejimlərdir”.

V.Quluzadə İranın ali dini liderinin Azərbaycanda terror aktları törətmək barədə şəxsən göstəriş verməsi barədə “The Telegraph” qəzetinin yaydığı məlumatlara inanmır. “Ona görə inanmıram ki, bu cür terror aktları ilə heç nə əldə etməyəcək. Üstəlik də ali dini rəhbər yüksək savada və təcrübəyə malik bir insandır. Onun əsas məqsədi üç-dörd yerdə bomba partlatmaq deyil, Azərbaycanı ələ keçirməkdir. Bomba partlatmaq, terror etmək primitiv bir işdir. İran burada böyük iş aparır. Məsələn, İran Azərbaycanda dini dairələrə himayədarlıq edir, onların ailələrinə, kasıb adamlara kömək edir. Azərbaycanın problemləri neft və qazından böyükdür. Qarabağ problemi, bir milyon qaçqın və başqa problemlər var. Biz öz problemlərimizi həll etmirik, İran da bundan istifadə edir. İranın hətta Azərbaycanda qaçqınlara etdiyi yardımlar da dini təbliğatla müşahidə olunurdu. Bir sözlə, İran Azərbaycanda tərəfdarlar axtarır, onları özünə cəlb edir. Bununla da müxtəlif yollarla öz məqsədinə çatmaq istəyir”.

O İranın davranışlarının da totalitar təfəkkürə söykəndiyini deyib “Azərbaycanın zələzlə zonasına göndərdiyi yardımların sərhəddə təhvil alınması, könüllülərin zəlzələ bölgəsinə buraxılmaması buna dəlalət edir. İkincisi, İranın Cənubi Azərbaycanla bağlı xüsusi siyasəti var. Onlar bütün hüquqlarından məhrumdur. Hətta öz ana dillərində dövlət idarələrində danışmaq hüququndan məhrum ediliblər”.

Keçmiş dövlət müşavirinin fikrincə, İran hökumətinin bu ölkədə yaşayan azərbaycanlılara qarşı siyasəti səhvdir. “Ona görə ki, İranın 30 milyon azərbaycan-türk mənşəli əhalisi öz vəziyyətlərindən olduqca narazıdır və bir gün onlar keçmişdəki kimi ayağa qalxacaqlar”.

Cənab Quluzadə hesab edir ki, Azərbaycan Respublikası beynəlxalq hüquq çərçivəsində İranda yaşayan qardaşlarının hüquqlarının bərpasına çalışmalıdır. İran rəsmiləri ilə əlaqələrində bunları onların diqqətinə çatdırmalıdır. “Məsələn bu gün İranın xarici işlər nazirinin müavini Azərbaycanda səfərdədir. Azərbaycan hökuməti onun qarşısında İranda yaşayan çoxmilyonlu azərbaycanlıların fundamental insan hüquqlarının və mədəni hüquqlarının təmin edilməsi məsələsini qaldırmalıdır”.

Show comments

XS
SM
MD
LG