Accessibility links

Vəfa Quluzadə: Demokratiya qaçılmazdır [Video-müsahibə]


Azərbaycanın xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri Vəfa Quluzadə Amerikanın Səsinə müsahibəsində Ukrayna və Yaxın Şərq hadisələrinin regional təsiləri, Qafqaz bölgəsində təhlükəsizlik, Azərbaycanın enerji layihələrinin daxili və xarici təhlükələrə təsirlərindən danışıb.

Amerikanın Səsi: Ukrayna və Yaxın Şərqdə baş verən hadisələrin regional strateji təsirləri nə olacaq?

Ukraynanın müstəqilləşməsi və Avropaya inteqrasiya etməsi Rusiyanın özünü də liberallaşdıracaq.

Vəfa Quluzadə: Ukraynada qlobal hadisələr baş verir. Bu ölkə Avropaya inteqrasiya etməyə qərar verib və bu qərar avtoritar Rusiyanın şiddətli müqaviməti ilə üzləşib. Rusiya Krımı işğal edib və Ukraynanın şərqində müharibə aparır. Lakin qərb, ABŞ, Avropa və Ukrayna xalqı birləşib bu, inteqrasiyaya nail olacaq. Bunun nəticəsində nəinki Ukrayna demokratik dövlət olacaq, Ukraynanın həm də Rusiyaya böyük təsiri olacaq. Çünki Rusiyada intellektualların, liberalların səyləri nəticə vermədi. Putin vəziyyəti daha da şiddətləndirdi, insan haqlarını daha da şiddətli şəkildə pozdu. Ona görə Ukraynanın müstəqilləşməsi və Avropaya inteqrasiya etməsi, Rusiyanın sərhədində 50 milyonluq xalq və dövlət Rusiyanın özünü də liberallaşdıracaq. Ukraynanın azadlığı, Ukraynanın Avropaya inteqrasiyası hamıya böyük təsir edəcək.

Azərbaycan bu proseslərin mənfi təsirlərindən uzaq olmaq üçün hazır olmalıdır.

O ki, qaldı Yaxın Şərqdəki proseslərə, bu proseslər olduqca mürəkkəbdir. Yaxşı olardı ki, bu proseslər müsbət nəticələr versin. Lakin hələlik Şərqdə vəziyyət qarışır, çox böyük dezinteqrasiya, anarxiya var. Müharibə gedir, qan tökülür. Azərbaycan bu proseslərin mənfi təsirlərindən uzaq olmaq üçün hazır olmalıdır.

Amerikanın Səsi: Belə çətin, təzadlı geopolitik durumda Azərbaycan öz təhlükəsizliyini, gələcək təhlükəsizliyini təmin etmək üçün nə etməlidir?

Amma, gələcəkdə neft faktoru Azərbaycanın demokratikləşməsinə xidmət etməlidir, əksinə yox.

Vəfa Quluzadə: Azərbaycanın neft strategiyası birinci mərhələdə, yəni 90-cı illərdə öz böyük xidmətini etdi. Azərbaycanda stabilliyə xidmət etdi. Amma, gələcəkdə neft faktoru Azərbaycanın demokratikləşməsinə xidmət etməlidir, əksinə yox. Çünki neft faktoru elədir ki, yeni mərhələdə demokratikləşmənin qarşısında sədd də ola bilər. Amma əksinə olmalıdır. Neft və qazdan gələn gəlirlər Azərbaycanı Avropaya inteqrasiya etməyə sövq etməlidir. Ölkədə böyük islahatlar keçirilməlidir və bunun nəticəsində Azərbaycan sovet mentalitetindən, adət-ənənələrindən, keçmişin qalıqlarından canını qurtarmalıdır.

Amerikanın Səsi: Azərbaycanın enerji siyasətinin regiona sülh və sabitlik gətirəcəyini bildirilər. Siz necə fikirləşirsiniz?

Neft və qaz islahatlara xidmət etməlidir, Azərbaycan cəmiyyətinin həm mənəvi, həm maddi, həm də siyasi səviyyəsini dəyişməlidir.

Vəfa Quluzadə: Enerji siyasəti 90-cı illərdə Azərbaycana sülh və sabitliyi gətirdi. Lakin gələcəkdə sülh və sabitliyin davam etməsi üçün islahatlar lazımdır. Neft və qaz islahatlara xidmət etməlidir, Azərbaycan cəmiyyətinin həm mənəvi, həm maddi, həm də siyasi səviyyəsini dəyişməlidir.

Amerikanın Səsi: Diplomatlar deyir ki, xarici siyasət daxili siyasətin davamıdır. Yəni sosial sülh olmasa dövlətlərarası sülh olmaz. Azərbaycanda indi daxili sosial sülh varmı, neft Azərbaycana sosial sülh gətiribmi?

Düşünmək lazım deyil ki, qanunun aliliyini yalnız kasıblar istəyir. Qanunun aliliyini və demokratiyanı indi yüksək təbəqələr də istəyir.

Vəfa Quluzadə: Böyük iqtisadi inkişaf Azərbaycanda yeni təbəqə yaradıb. Yeni təbəqə keçmiş məmurlar, polis işçiləri, və başqalarıdır. Onların hamısı sahibkar olub, daşınmaz əmlakları var və bu insanların hamısı qanunun aliliyini istəyir. Düşünmək lazım deyil ki, qanunun aliliyini yalnız kasıblar istəyir. Qanunun aliliyini və demokratiyanı indi yüksək təbəqələr də istəyir. Çünki, onların əldə etdiyi varidat yalnız qanunun aliliyi nəticəsində yaşaya bilər və onların nəvə-nəticələrinə keçə bilər. Ona görə inkişaf və demokratiya qaçılmazdır və olacaqdır.

Show comments

XS
SM
MD
LG