Accessibility links

Vəfa Quluzadə: Azərbaycan çərçivə sazişini imzalaya bilər, bəs Ermənistan... (Video-müsahibə)


Vəfa Quluzadə: Azərbaycan çərçivə sazişini imzalaya bilər, bəs Ermənistan...
please wait

No media source currently available

0:00 0:10:46 0:00

Vəfa Quluzadə: Azərbaycan çərçivə sazişini imzalaya bilər, bəs Ermənistan...

"Böyük sammitdə Qarabağ məsələsinin səslənməsi müsbət hadisədir. Bəyanatı dəyərləndirəndə o nəticəyə gəlirəm ki, Dağlıq Qarabağ məsələsinin həlli hələ gündəmdə deyil"

Azərbaycanın xarici siyasət məsələləri üzrə sabiq Dövlət müşaviri, Təhlükəsizlik Şurasının keçmiş üzvü Vəfa Quluzadə Amerikanın Səsinə müsahibəsində ATƏT-in Minsk Qrupunun həmsədr dövlət başçılarının (ABŞ prezidenti Barak Obama, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Fransua Olland) böyük səkkizlərin toplantısı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı birgə bəyanatları, münaqişənin nizamlanma prosesindən danışıb.

Sual: Dünən ATƏT-in Minsk Qrupunun həmsədr dövlət başçıları Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı birgə bəyanatla çıxış edib. Necə qiymətləndirirsiniz?

Bəyanatda sanki BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi unudulub.
Cavab: Bu cür böyük sammitdə Qarabağ məsələsinin səslənməsi müsbət hadisədir. Eyni zamanda, bəyanatı dəyərləndirəndə o nəticəyə gəlirəm ki, Dağlıq Qarabağ məsələsinin həlli hələ gündəmdə deyil. Bəyanatda sanki BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi unudulub. BMT tələb edir ki, Ermənistanın işğalçı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılsın. Bundan başqa, ABŞ, NATO, ATƏT-in sammitləri, xüsusilə Lissabon sammiti Dağlıq Qarabağın statusunu da təsdiq edib. Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və Azərbaycanın ərazisi çərçivəsində danışıqlarla ən yüksək statusa nail ola bilər. Əsas məsələ bundan ibarətdir.

Amma, deyəndə ki, tərəflər gedib öz aralarında danışıb sülh əldə etsinlər, təcavüzkar burada göstərilmir. Ermənistanın işğalçılığı göstərilmir. Mən daha onu da demirəm ki, Ermənistanın arxasında nüvə dövləti Rusiyanın dayandığı da göstərilmir. Azərbaycan bütün dövrlərdə konstruktivlik nümayiş etdirib Minsk
Mən daha onu da demirəm ki, Ermənistanın arxasında nüvə dövləti Rusiyanın dayandığı da göstərilmir
Qrupunun təkliflərini qəbul edib, amma Ermənistan rədd edib. Yalnız ümumdövlət təklifini Azərbaycan qəbul etməyib.

Azərbaycan yenə də çərçivə sazişini imzalamağa hazırdır. Hətta orada bir çox bəndlər razılaşdırılmasa da Azərbaycan imzalamağa hazır olduğunu təklif edib. Amma, ermənilər buna hazır deyil. Ona görə də hesab edirəm ki, irəliləyiş yoxdur. G8-lərin gündəliyində başqa məsələlər durur. Prioritet Suriya məsələsi oldu. Suriya məsələsində də bir qədər irəliləyişə nail oldular.

Sual: Həmsədr dövlət başçılarının bəyanatında deyilir ki, balanslı çərçivə sazişinin imzalanmaması qəbuledilməzdir. Azərbaycan dəfələrlə bəyan edib ki, çərçivə sazişini imzalamağa hazırdır. Lakin qarşı tərəfdən cavab gəlməyib. Necə baxırsınız?

Ermənistan Kəlbəcəri, Laçını, Şuşanı işğaldan azad etmək istəmir, biz bununla razı deyilik.
Cavab: Yenə də həmin vəziyyətdir. Rusiyadan Ermənistanın mövqeyi formalaşdırıb. Ermənistan Dağlıq Qarabağı müstəqil tanıtmaq istəyir, biz ona razı deyilik. Ermənistan Kəlbəcəri, Laçını, Şuşanı işğaldan azad etmək istəmir, biz bununla razı deyilik. Bu məsələlərin heç birində həmsədrlərin mövqeyi bəlli deyil. Həmsədrlər gərək mövqelərini ciddi şəkildə sərgiləsin. Bu məsələlər həllini tapmadığına baxmayaraq Azərbaycan çərçivə sazişini imzalaya bilər. Lakin Ermənistan imzalamaq istəmir. Yəni Rusiya bu məsələdə heç bir irəliləyişin olmasını istəmir. Ermənistan da Rusiyanın bir əyaləti olduğuna görə buna qadir deyil.

Sual: Çərçivə sazişi Yenilənmiş Madrid Prinsipləri əsasında düzəldilib. Çərçivə sazişinin əsas məqamları nədən ibarətdir? Ermənistanı nə qane etmir? Çünki siz danışıqlar prosesinin əksər hissəsində iştirak edibsiniz?

Ermənistanı sazişin birinci bəndi qane etmir: “Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıyır”.
Cavab: Ermənistanı sazişin birinci bəndi qane etmir: “Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıyır”. Ermənistan Azərbaycanın ərazi bütövlüyün tanımır. Ermənistan Dağlıq Qarabağı hələ Sovet dövründə ərazisi kimi konstitusiyasına daxil etdirib. Ermənistan Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıyır. Üstəlik də erməni siyasətçiləri işğal olunmuş Azərbaycan ərazilərini “azad olunmuş ərazi” hesab edir. Yəni nə erməni millətçiliyi, nə də ekstremist mövqeləri pislənilir. Ortada günahkar biz çıxırıq. Guya biz ermənilərlə razılığa gəlmək istəmirik.

Sual: Həmsədr dövlət başçılarının bundan öncəki bəyanatında “mövcud status-kvo qəbul edilnməzidir” deyə bildirilirdi. Amma, sonuncu bəyanatda həmin ifadələr yer almayıb. Səbəb nədir?

Ona görə ki, münaqişənin həlli hələ böyük dövlətlərin gündəliyində deyil.
Cavab: Səbəb odur ki, G8-lərin bəyanatları tamamilə sxematik xarakter daşıyır. Məsələnin məğzinə gedilmir. Ona görə ki, münaqişənin həlli hələ böyük dövlətlərin gündəliyində deyil.

Sual: Böyük dövlətlər bir tərəfdən münaqişənin sülh yolu ilə nizamlanması ilə bağlı öhdəliklərinə sadiq olduqlarını bəyan edirlər, digər tərəfdən münaqişənin müharibə yolu ilə həllinin tam əleyhinədirlər. Amma, status-kvoda da hər hansı dəyişiklik yoxdur. Çıxış variantı nədir?

Ona görə də onların status-kvo dözülməzdir bəyanatları tam boş sözlərdir.
Cavab: Çıxış variantı yoxdur. Həm Amerika, həm Rusiya, həm də Fransa status-kvonun davam olunmasını istəyir. Ona görə də onların status-kvo dözülməzdir bəyanatları tam boş sözlərdir. Məsələnin mahiyyətini Avropa da, Amerikada bilir. Amerika və Avropa bilir ki, Qarabağ problemini Rusiya strategiyası yaradıb. Rus strategiyası Qarabağ məsələsini yaratmaqla qərbin regiondakı maraqlarını təhlükədə saxlayır. Qərb maraqlıdır ki, bu məsələni tezliklə həll etsin. Amma, hələlik Rusiya dirəniş göstərir. Qərb də buna dözür.

O ki qaldı müharibə variantına, Azərbaycanda gözəl başa düşürlər ki, müharibə Rusiya ilə müharibədir. Çünki Qarabağ müharibəsində Rusiya əsgərləri,
Azərbaycanda gözəl başa düşürlər ki, müharibə Rusiya ilə müharibədir.
zabitləri Ermənistan tərəfdən iştirak edib. O vaxtı biz onları əsir götürmüşdük. Azərbaycan televiziyasında əsir götürülmüş Rusiya zabit və əsgərlərini nümayiş etdirəndə Rusiyadan çox sərt reaksiya gəldi ki, bizim əsgər və zabitləri azad edin və nahaq yerə onları televiziyada nümayiş etdiribsiniz. Heydər Əliyev də gücün qabağında məcbur olub geri çəkildi və onları Rusiyaya təhvil verdi.

Sual: Böyük səkkizlərin sammitində Rusiya Suriya məsələsində güzəştə getməli oldu. Fikrinizcə Dağlıq Qarabağ probleminin həllində də Rusiya güzəştə gedə bilərmi?

Çünki Azərbaycan və Ermənistan İstanbul Sammitində sülh sazişinə imza atmaqla bağlı razılığa gəlmişdi. Amma Rusiya bunu pozdu.
Cavab: Vaxtı gələndə güzəştə gedəcək. Yadınıza salın, 1999-ciu ildə İstanbul Sammitində Rusiya böyük güzəştə getdi. Rusiya o zaman gərək Qarabağ məsələsində də güzəştə gedəydi. Çünki Azərbaycan və Ermənistan İstanbul Sammitində sülh sazişinə imza atmaqla bağlı razılığa gəlmişdi. Amma Rusiya bunu pozdu, imkan vermədi (Ermənistan parlamentində o zaman baş verən qanlı hadisə nəzərdə tutulur-T.F). Lakin, Gürcüstan məsələsində Rusiya böyük güzəştə getdi. ATƏT-in İstanbul sammitində Rusiya Gürcüstandan əsgəri bazalarının çıxarılması barədə razılığa gəldi və bazaları çıxardı. Bundan sonra Saakaşvilinin hakimiyyətə gəlməsi mümkün oldu. Onun dövründə bütün bu islahatlar həyata keçirildi. Gürcüstan NATO və Avropa İttifaqına yönəldi. Abxaziya və Osetiyanı tutan Rusiya Tbilisini də tuta bilərdi və orada hakimiyyətə Georqadzeni gətirə bilərdi. Lakin, Rusiya qərbə güzəştə gedərək bunu etmədi. İndi Qarabağ məsələsində də belə güzəşt baş verəcək.

Sual: Həmsədr dövlət başçıları bəyanatlarında Helsinki yekun aktına, tərəflərin bir-birinin ərazi bütövlüyün tanımasına istinad etsə də BMT-nin 4 qətnaməsinə istinad edilməyib. Səbəb nədir?

Hamı başa düşür ki, ortalıqda super nüvə dövləti Rusiya var.
Cavab: Səbəb ondan ibarətdir ki, hamı real vəziyyəti gözəl təsəvvür edir. Hamı başa düşür ki, ortalıqda super nüvə dövləti Rusiya var. Rusiya da qərbə hər görüşdə beş güzəşt edə bilməz. Əgər Suriyada bir balaca Rusiyanın mövqeyi ilə bağlı irəliləyiş əldə edilibsə böyük nailiyyətdir.

Sual: Həmsədr dövlət başçıları, o cümlədən Amerika səfirliyi tərəfləri xalqlar səviyyəsində sülhə hazırlamağa çağırır. Amma, real vəziyyət budur ki, tərəflər hərbi gücünü nümayiş etdirməklə məşğuldur. Belə olan halda sülh nə qədər yaxındır?

Xalqlar arasında əlaqələrin yaranması üçün sülh müqaviləsi imzalanmalıdır.
Cavab: Xalqlar heç zaman müharibə vəziyyətində olduğu halda bir-birinə dostluq sərgiləyə bilməz. Xalqlar arasında əlaqələrin yaranması üçün sülh müqaviləsi imzalanmalıdır. Ona görə bunlar qeyri real təkliflərdir.

Problem isə o zaman həll olacaq ki, Rusiya mövqelərindən geri çəkiləcək. Rusiya Şimali Qafqazı təhlükə altında saxlamaq ideyasından əl çəkəcək.

Sual: Azərbaycanda bu il prezident seçkiləri keçiriləcək. Belə çətin siyasi durumda Azərbaycan balanslaşdırılmış çərçivə sazişini imzalaya bilərmi?

Çünki balanslaşdırılmış çərçivə sazişi Azərbaycan iqtidarının əleyhinə çevriləcək.
Cavab: Hesab edirəm ki, qəbul edə bilməz. Çünki balanslaşdırılmış çərçivə sazişi Azərbaycan iqtidarının əleyhinə çevriləcək. Bu saziş heç nəyi həll etməyəcək. Yəni iqtidar bunu təbliğata götürsə ki, baxın biz sazişi imzalamışıq, sonra torpaqlar azad olunacaq. Ona heç kim inanmayacaq. Sazişdə də ermənilər iddialarından geri çəkilməyəcək. Nə Dağlıq Qarabağın “mustəqilliyi”ndən əl çəkəcəklər, nə də Azərbaycanın ərazi bütövlüyünü tanımayacaqlar. Elə isə bu sazişə imza atmağın Azərbaycana xeyri nədir?

Sual: Vəziyyətdən çıxış yolunu nədə görürsünüz?

Cavab: Azərbaycan böyük imkanlara malik dövlətdir. Azərbaycanın təbii sərvətləri var. Bunların hamısını hüquqi dövlət qurulmasına yönəltmək lazımdır. Güclü islahatlar aparmaq lazımdır. Azərbaycan bu islahatlar nəticəsində özünün strateji tərəfdar dediyi Amerikanın həqiqi strateji tərəfdaşı olmalıdır.
XS
SM
MD
LG