Accessibility links

Jurnalistlər Venesiya Komissiyası ilə diffamasiyanı müzakirə ediblər


Venesiya Komissiyası_logo

Venesiya Komissiyası_logo

Qanun layihəsinin təşəbbüskarı ATƏT-in yerli ofisidir. Layihə bir ildən çoxdur ki, Mətbuat Şurası tərəfindən Milli Məclisə təqdim edilib

Azərbaycanın bir qrup müstəqil jurnalisti və jurnalist təşkilatları çərşənbə günü Avropa Şurasının Bakı ofisində Venesiya Komissiyasının ekspertləri ilə diffamasiya haqqında qanun layihəsi ilə bağlı vəziyyəti müzakirə ediblər.

Qanun layihəsinin təşəbbüskarı ATƏT-in yerli ofisidir. Layihə bir ildən çoxdur ki, Mətbuat Şurası tərəfindən Prezident Administrasiyasının təklif etdiyi kimi, Milli Məclisə təqdim edilib.

Diffamasiyaya görə cinayət cəzasının ləğvini nəzərdə tutan qanun layihəsi Avropa İnsan Hüquqları Məhkəməsinin standartlarına uyğun hazırlanıb. Məhkəmə cəriməsinin məbləği jurnalistin üç aylıq əmək haqqı ölçüsündə təklif edilib ki, bu da beynəlxalq standartlara uyğundur.

Üç il əvvəl – 2009-cu ilin oktyabrında “Yeni Nəsil” jurnalistlər birliyi tərəfindən də buna bənzər qanun layihəsi hazırlanıb və Cəmil Həsənli, Vahid Əhmədov, Fazil Qəzənfəroğlu və Sabir Rüstəmxanlıdan ibarət deputat qrupu tərəfindən 6 jurnalist təşkilatı adından parlamentə təqdim edilib. Lakin bu sənəd hələ də müzakirəyə çıxarılmayıb.

Ötən il ölkənin vətəndaş cəmiyyəti nümayəndələri prezident İlham Əliyevi qanunun qəbulunu təmin etməyə çağırıblar. Lakin prezident administrasiyası qanuna qarşı çıxır. İctimai-siyasi şöbənin müdiri Əli Həsənov müntəzəm olaraq diffamasiyaya görə cinayət cəzasının ləğvinin əleyhinə bəyanatlar verir.

O, jurnalistlərin peşə səviyyəsi aşağı olduğu üçün belə bir qanun qəbul etməyin mümkün olmadığını təkrar etməyi sevir. Onun sözlərinə görə, jurnalistlər özləri təhqir edilmiş oxucuların zorakılığının qurbanı olacaqlar.

Bu arada, son 4 ildə beynəlxalq təşkilatların diffamasiyaya görə cinayət cəzasını ləğv etmək tələbləri fonunda hakimiyyət jurnalistləri “xuliqanlıq” və “qanunsuz narkotik saxlamaq” ittihamları ilə həbsə atmağa başlayıb.

Ənənəvi olaraq, məhkəmələr müxalif KİV-ləri iqtisadi cəhətdən boğmaq üçün böyük məbləğdə cərimə edir.

“Sərhədsiz reportyorlar” beynəlxalq təşkilatının məlumatına görə, Azərbaycan “2011-2012 mətbuat azadlığı indeksi”ndə 162-ci yeri tutur.
XS
SM
MD
LG