Accessibility links

Venesiya Komissiyası: Siyasi partiyalar haqqında qanuna düzəlişlər problemləri azaltmadı, əksinə böyütdü


Venesiya Komissiyası: Siyasi partiyalar haqqında qanuna düzəlişlər problemləri azaltmadı, əksinə böyütdü

Venesiya Komissiyası: Siyasi partiyalar haqqında qanuna düzəlişlər problemləri azaltmadı, əksinə böyütdü

Azərbaycan “Siyasi partiyalar haqqında” qanuna dəyişiklik etmək istəyir. Venesiya Komissiyası, Azərbaycanın vətəndaş cəmiyyəti və müxalifət partiyalar təklif olunan düzəlişləri kəskin tənqid edib.

Avropa Şurasının Venesiya Komissiyası (VK) “Azərbaycan Respublikasının siyasi partiyalar haqqında” qanununa düzəlişlər layihəsi haqqında rəyini açıqlayıb. Düzəlişlər Azərbaycan Prezident Administrasiyası tərəfindən bu ilin yazında hazırlanıb.
VK-dan Turan Agentliyinə bildiriblər ki, düzəlişlər hələ 2004-cü ildə verilmiş tövsiyələr, yəni beynəlxalq və regional sənədlər və standartlar, xüsusən Vətəndaş Hüquqları və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, birləşmək hüququna zəmanət verən İnsan Hüquqları üzrə Avropa Konvensiyası, Avropa İnsan Hüquqları Məhkəməsinin bu sahədə, o cümlədən siyasi partiyaların maliyyələşdirilməsi üzrə prioritetlər müəyyən edən məhkəmə təcrübəsi və bir sıra digər sənədlər fonunda qiymətləndirilir.
Venesiya Komissiyasının 2004-cü ildə həyata keçirdiyi ekspertiza zamanı aşkar edilmiş bir sıra problemlər nəzərə alınmayıb. Buraya korrupsiyanın aradan qaldırılması məqsədilə görülən tədbirlərin səmərəsizliyi və həmkarlar ittifaqları arasında ayrı-seçkilik mümkünlüyüdür.
Üçüncü tənqid əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin siyasi həyatdan təcrid edilməsi ilə bağlıdır. Həmçinin konstitusiya quruluşuna zidd əməllər törətməməyi tələb edən düzəliş şübhə doğurur. Bu dinc yolla konstitusiyaya fundamental düzəlişlər tələb edən partiyaların qeydiyyatından imtina və ya buraxılması üçün istifadə oluna bilər. “Qanuna düzəlişlər bu problemləri azaltmadı, əksinə böyütdü və bu arqument qanun layihəsinin dövlətin konstitusiya quruculuğunda dinc yolla dəyişiklik etmək istəyən siyasi partiyanın yaradılmasını qadağan edəcək. Bu qadağa Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsində müəyyən edilmiş prinsiplərə ziddir”, - deyə VK-nin bəyanatında qeyd edilib.
”Siyasi partiyaların üzvlərinin minimal sayının 1000-dən 5000-ə qədər artırılmasının nəzərdə tutulması əsassızdır. Bu, etnik azlıqları təmsil edən və onların hüquqlarını müdafiə edən siyasi partiyaların yaradılmasını çətinləşdirə bilər. Siyasi partiyaların buraxılması ilə bağlı düzəliş qanunların riayət olunmasını hansı icra hakimiyyəti orqanının təmin edəcəyini dəqiqləşdirmir. Bu orqan qərəzsiz olmalı və hökumətdən asılı olmamalıdır. Buraxılma ilə bağlı bəzi müddəalar qeyri-proporsional tətbiq olunur”, - deyə rəydə bildirilir.
Xatırladaq ki, Azərbaycan hakimiyyəti bu düzəlişləri Milli Məclisin bu il dekabrın sonlarında başa çatacaq payız sessiyasında qəbul etməyi planlaşdırırdı. Venesiya Komissiyasından başqa, Azərbaycanın vətəndaş cəmiyyəti və müxalifət partiyaları da təklif olunan düzəlişləri kəskin tənqid edib.

Rəsmi Bakı isə bu gün "Siyasi partiyalar haqqında" qanuna əlavə və dəyişikliklərlə bağlı Venesiya Komissiyası ilə razılaşmadığı məqamları açıqlayıb.
"Biz Venesiyya Komissiyası ilə apardığımız iki müzakirədə - istər ötən ay, istərsə də sonuncu müzakirələrdə Azərbaycan dövlətinin siyasi partiyalarla bağlı hazırladığı qanunun ümumi məntiqini ortaya qoyduq. Məntiq də ondan ibarətdir ki, biz 1992-ci ildə qəbul olunmuş və Azərbaycanın Konstitusiya normalarına, sonrakı siyasi inkişafın tələblərinə cavab verməyən qanun yeni, daha bir dinamik vəziyyətə salınmalı, indiki tələblərə uyğunlaşdırılmalıdır", - deyə Trend Agentliyinə müsahibəsində Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Cənab Həsənov bildirib ki, eyni zamanda, bu qanuna əlavə və dəyişikliklərin edilməsi ondan irəli gəlirdi ki, Azərbaycan hökuməti siyasi partiyaları dövlət büdcəsindən maliyyələşdirmək iradəsini ortaya qoyub. "Azərbaycan hökuməti digər inkişaf etmiş ölkələrdə olduğu kimi, siyasi partiyaları kənar təsirlərdən, o cümlədən kənar maliyyə təsirlərindən azad etmək istəyini nümayiş etdirir. Belə olan halda, əlbəttə, siyasi partiyaların xarici ölkələr tərəfindən maliyyələşdirilməsi və yaxud xarici vətəndaşların siyasi partiya üzvü olması anlamı bizim hazırkı vəzifələrimizə uyğun gəlmir. Ona görə də biz bəri başdan bəyan etdik ki, Venesiya Komissiyasının Avropa İttifaqı ölkələri üçün məqbul saydığı normalar Avropa Şurasının digər üzvləri üçün məqbul hesab olunmur və indiyə qədər bu ölkələrin heç birində belə bir qanun olmayıb ki, xarici vətəndaşlar ölkədə siyasi partiya yarada, onu maliyyələşdirə və hakimiyyət uğrunda mübarizə apara bilərlər", - deyə Həsənov əlavə edib.
Prezident Administrasiyasının rəsmisinin sözlərinə görə, Azərbaycan əvvəlcədən bəyan edib ki, bu norma Azərbaycan üçün məqbul deyil və hansı rəy verilməsindən asılı olmayaraq, Azərbaycan Parlamenti belə bir qanunu qəbul edə bilməz.
Cənab Həsənov bildirib ki, digər müzakirə olunan məsələ siyasi partiyaların Konstitusiya quruluşuna qarşı çıxmasıdır. "Bu da Venesiya Komissiyası ilə bizim aramızda ciddi müzakirə mövzusu oldu. Bizim təqdim etdiyimiz müddəada göstərilir ki, siyasi partiya Konstitusiya quruluşuna qarşı zorakı yollarla mübarizə apararsa, onun bağlanması məsələsi qoyulur və bu partiya bağlanılır, bir siyasi institut kimi ləğv olunur. Venesiya Komissiyası bu məsələdə müəyyən qədər tərəddüd edir, Konstitusiya quruluşuna qarşı mübarizənin digər formaları haqqında mülahizələr irəli sürülür. Əlbəttə, orada açıq şəkildə yazılıb ki, söhbət siyasi partiyaların zorakı formada fəaliyyətindən gedir".
PA-nın şöbə müdirinin bildirdiyinə görə, digər bir mübahisə predmeti ondan ibarət oldu ki, Azərbaycan hesab edir ki, siyasi partiyalar getdikcə birləşməlidir, bunlar arasında bir müəyyən konsolidasiya getməlidir və əgər dövlət büdcəsindən maliyyələşmə gedirsə, partiyaların sayı kifayət qədər dövlətin siyasi həyatına adekvat olmalıdır. "Belə olan halda biz siyasi partiyaların yaradılması meyarlarında dayanan əvvəlki min adam həddini, ölçüsünü 5 minə qaldırmağı təklif etmişik. Əgər bir siyasi partiya doğrudan da partiya olmaq istəyirsə, seçkilərdə iştirak etmək istəyirsə, dövlət maliyyələşməsinə düşmək istəyirsə, onun üzvlərinin sayı 5 mindən az olmamalıdır. Əlbəttə, Venesiya Komissiyası hesab edir ki, bu, çətinlik yarada bilər, ancaq biz hesab edirik ki, bu, heç bir çətinlik yaratmayacaq. İndiyə qədər mən eşitməmişəm ki, hansısa partiya bəyan edə ki, onun üzvlərinin sayı 5 mindən azdır. Hər partiya hesab edir ki, onun üzvlərinin sayı 5 mindən qat-qat çoxdur və ona görə də bu məsələ Azərbaycan üçün heç bir problem yaratmayacaq".
Cənab Həsənov bildirib ki, digər bir məsələ partiyaların fəaliyyətinin dayandırılması proseduru ilə bağlıdır. "Burada söhbət ondan gedir ki, siyasi partiyanın fəaliyyətini kim və hansı halda dayandıra bilər. Qanuna əlavə və dəyişikliklərdə bu məsələlərə dəqiq ölçülər qoymuşuq: hansı halda qeydiyyat orqanı, yəni Ədliyyə Nazirliyi siyasi partiyanın bağlanması təşəbbüsü ilə çıxış edə bilər. Çünki partiyaları qeydiyyata alan orqan Ədliyyə Nazirliyidir. Ancaq partiyaların bağlanması haqqında qərarı istənilən halda məhkəmə verir. Məhkəmə müstəqil bir qurumdur. Ona görə də məhkəmənin müstəqilliyinə heç kimin şübhəsi ola bilməz. Bu məsələdə də düşünürəm ki, Venesiya Komissiyasının irəli sürdüyü irad və yaxud tövsiyə müəyyən qədər bizim tərəfimizdən anlaşılmazdır".
Onun sözlərinə görə, digər müzakirə olunan məsələ isə həmkarlar təşkilatlarının siyasi partiyalara münasibəti, siyasi proseslərdə iştirakı məsələsi idi. "Biz bu məsələdə də ümumi razılaşdırılmış vəziyyətə gəldik ki, həmkarlar ümumiyyətlə siyasətdə iştirak etmir, amma hər bir həmkarlar özü ayrıca olaraq siyasi partiyanın üzvü ola bilər, siyasi partiyaya maliyyə yardımı göstərə, siyasi partiyanın təşkilində iştirak edə bilər. Amma ümumən həmkarlar təşkilatları tərəfsiz təşkilatlardır və siyasətdə iştirak etmir", - deyə şöbə müdiri bildirib.

XS
SM
MD
LG