Accessibility links

Kredit borclarını və vergi öhdəliklərini ödəməyənlər çətin durumda


Borc
Borc

Mayın 13-də gün ərzində yerli mediada kredit borclarını qaytara bilməyən çoxsaylı iş adamının Daxili İşlər Nazirliyinin Baş Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılması və ya saxlanılması barədə məlumatlar yayılmaqdadır. Rəsmi mənbələr xəbərləri hələ təsdiq etməsə də, bəzi iş adamlarının vəkilləri bunu təsdiq edib.

Bu gün “söhbətə” dəvət edilənlər arasında İbrahim İbrahimlinin (Nehrəmli) adı da çəkilir. Bu Caspian İslands layihəsinin sahibinin adı Beynəlxalq Bankın borcluları arasında keçir. Nehrəmlinin özünün etiraf etdiyinə görə, o, 57 mln. dollar kredit götürüb, lakin Beynəlxalq Bankdakı mənbələr 850 mln. kimi çox böyük rəqəm göstərir. Nehrəmlinin BCMİ-də söhbətinin nə ilə başa çatdığı hələlik məlum deyil.

Bu arada, digər iş adamı Nizami Piriyevin həbsi haqqında məlumat təsdiq edilir. AzMeCo şirkətinin rəhbərinə qarşı 178.3.2-ci (fırıldaqçılıq, böyük ziyan vurduqda) maddə ilə ittiham irəli sürülüb. İstintaq BCMİ tərəfindən aparılır. Bu barədə Turan agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Piriyev Beynəlxalq Bankın metanol zavodunun tikintisi üçün verdiyi kreditləri qaytarmamaqda ittiham olunur. Piriyev əmlakı müsadirə edilməklə 12 ilədək azadlıqdan məhrum edilə bilər.

Qeyd edək ki, Piriyev keçmişdə Rusiya və ABŞ-da bizneslə məşğul olub. 1992-ci ildən 2002-ci ilə qədər o, Amerikanın “PNN Arkansas İnc.” neft-qaz şirkətinə rəhbərlik edib, daha sonra bir neçə il ərzində Rusiyanın “StroyTransQazoyl” neft-qaz şirkətinə rəhbərlik edib.

Piriyev PNN qrupun təsisçisidir. AzMeCo şirkəti də bu qrupun tərkibinə daxildir.

PNN həmçinin məşhur De Beers və Hamley's dünya brendlərinin, habelə KFC fastfud şəbəkəsinin tərəfdaşıdır.

Bu arada Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsi APA agentliyinə bildirib ki, Bakı Vergilər Departamentinin Bəyannamələr və vergi borclarının alınması idarəsinin əməkdaşları tərəfindən Nərimanov rayonu, Dərnəgül şossesi 1222, ev 12 ünvanda yerləşən Ağa Ağayevə məxsus topdansatış obyektində əmlakın siyahıya alınması tədbiri keçirilib.

Məlumatda deyilir ki, vergi orqanları tərəfindən ötən ilin oktyabr ayında ödəyicinin fəaliyyəti araşdırılarkən onun 3 mln. 871 min 101,14 manat vergi borcunun yarandığı müəyyən edilib, borcun ödənilməsi barədə ona bildiriş göndərilsə də, borc qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilmədiyindən, Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən, vergi borcunun ödənilməsini təmin etmək məqsədilə 2015-ci ilin mayın 4-də əmlakın siyahıya alınması haqqında Qərar çıxarılıb.

Vergi orqanı əməkdaşları tərəfindən topdansatış obyektində olan 233 min 680 manat məbləğində müxtəlif növ divar kağızları müvafiq qaydada siyahıya alınıb.

Azərbaycan Dövlət Gömrük Komitəsində (DGK) də bir neçə gömrük idarəsinin rəisi vəzifəsindən azad edilib.

"APA-Economics"in məlumata görə, Astara Gömrük İdarəsinin rəisi Ədalət Hüseynəliyev, Xaçmaz Gömrük İdarəsinin rəisi Elçin Quliyev və Biləsuvar Gömrük İdarəsinin rəisi Sahib Axundov sərəncama götürülüb.

Xudafərin Gömrük İdarəsinin rəisi Sücəddin Hüseynov Astara Gömrük İdarəsinə rəis təyin edilib.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinin I müavini Azər Məmmədov Xaçmaz Gömrük İdarəsinin rəisi, Sumqayıt Baş Gömrük İdarəsinin rəisinin müavini İlqar Abdullayev isə Biləsuvar Gömrük İdarəsinin rəisi vəzifəsini icra edəcək.

Bununla yanaşı, müşahidəçilər iqtisadi sektorda yeni saxlanmaların olacağını da istisna etmir.

XS
SM
MD
LG