Accessibility links

Vətəndaş Cəmiyyəti Prezident Administrasiyasından cavab gözləyir


QHT Forumu

QHT Forumu

Vətəndaş Cəmiyyəti ölkə prezidentini QHT-lərin fəaliyyətini məhdudlaşdıracaq qanunlara düzəliş paketini imzalamamağa çağırır

Qeyri Hökumət Təşkilatlarının Azərbaycan prezidentinə və Prezident Administrasiyasına poçt və email vasitəsi ilə ünvanladığı çoxsaylı məktublara indiyədək cavab verilməyib. Bu barədə Vətəndaş Cəmiyyəti Müdafiə Komitəsinin üzvü Qubad İbadoğlu Amerikanın Səsinə bildirib.

Qanunvericiliyə görə, rəsmi orqanlar vətəndaşların müraciətinə 15 gündən gec olmayaraq cavab verməlidir.

“Vətəndaş Cəmiyyətinin çoxsaylı təmsilçisi həm kollektiv şəkildə, həm də fərdi olaraq 2013-cü il dekabrın 30-dan başlayaraq məktub və müraciətlərini ölkə prezidentinə və Prezident Administrasiyasına göndərir. Amma indiyədək nə cavab verilib, nə də dialoq və ya debat yoxdur”, İbadoğlu qeyd edib.

Milli Məclis 2013-cü il dekabrın 17-də vətəndaş cəmiyyətlərinin fəaliyyəti ilə bağlı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Qeyri Hökumət Təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Qrant haqqında” qanunlara və “İnzibati Xətalar Məcəlləsi”nə 8 əlavə 50-dək düzəliş edib. Əlavələrin 7-si cərimələrin artırılması, 1-i QHT-lərin fəaliyyətinin 1 il müddətinə dayandırılması ilə bağlıdır. Bu dəyişikliklərdə hüquqi şəxslər üçün müəyyən edilən cərimələrin ümumi məbləği 8, fiziki şəxslər üçün isə 3 min AZN olub.

Düzəlişlər həmçinin vergi, qrant sənədləri, üzvlərin hüquqları, sənədləşmə və məsuliyyətə cəlb etmənin dairəsinin genişləndirilməsini nəzərdə tutur. Eyni zamanda xarici QHT-lərin fəaliyyətinə ciddi mane olacaq düzəlişlər edilib. Bu QHT-lər siyasi proseslər və mənəvi dəyərlərlə bağlı fəaliyyət göstərə bilməz.

“Biz Azərbaycan prezidentini bu dəyişikliklər paketini imzalamamağa, hökuməti vətəndaş cəmiyyəti ilə dialoqa çağırırıq. Hesab edirik ki, prezident qanunlara dəyişikliklər paketini imzalasa, bu, vətəndaş cəmiyyətinin fəaliyyətini ciddi məhdudlaşdıracaq”, deyə Qubad İbadoğlu bildirib.

Çoxsaylı Vətəndaş Cəmiyyəti rəhbərləri 2013-cü il dekabrın sonlarında və 2014-cü il yanvarın 16-da forum keçirərək Azərbaycan prezidentini qanunlara dəyişikliklər paketini imzalamamağa çağırıb. QHT təmsilçiləri 2013-cü il dekabrın 30-da Prezident Administrasiyasının qarşısında etiraz edib və onların nümayəndəsini administrasiyanın məsul şəxsi qəbul edib. Qəbul zamanı etiraz məktubu da təqdim edilib.
XS
SM
MD
LG