Accessibility links

Müzəffər Baxışov: Vətəndaşlıq haqda qanuna dəyişikliklər konstitutsiyaya ziddir [Audio-Müsahibə]


Azərbaycan pasportu

Azərbaycan pasportu

Azərbaycan parlamenti vətəndaşlıq qanununa əlavə və dəyişikliklər edib

Mayın 30-da Azərbaycan Milli Məclisi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna əlavə və dəyişikliklər edib.

Media forum saytının məlumatı bildirir ki, qanunun 5-ci maddəsinə əlavə edilən yeni hissəyə görə, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir”.

6-cı maddənin birinci hissəsi ləğv edilib, Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərin siyahısından doğum haqqında şəhadətnamə çıxarılıb.

Qanunun 10-cu maddəsinə yeni əlavə olunan ikinci hissədə bildirilir ki, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı 1 ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Qanunun 12-ci maddəsində dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Azərbaycan Respublikasının ərazisində doğulmuş və valideynlərindən biri əcnəbi, digəri isə vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyninin vətəndaşlığı olmayan uşaq Azərbaycan Respublikasının vətəndaşıdır.

Qanunun 18-ci maddəsinin (Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsi) mətni də dəyişdirilib. Layihəyə görə, Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsi üçün bunlar əsas hesab edilə bilər:

1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi;

2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi;

3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı;

4) Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi.
Müzəffər Baxışov

Müzəffər Baxışov

“Hüquqi Dövlət” Araşdırmalar Fondunun prezidenti Müzəffər Baxışov Amerikanın Səsinə müsahibəsində bildirib ki, Azərbaycanda qanuna dəyişikliklər son aylarda Rusiyanın vətəndaşlığa qəbulun asanlaşdırılması ilə bağlı qərarından sonra edilib.

“Rusiyanın qərarından sonra Azərbaycanda təşviş keçirməyə başladılar. Bununla bağlı 1998-ci il 30 sentyabrda qəbul edilmiş. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna dəyişiklik edilib və bu Azərbaycan konstitusiyası ilə tam ziddiyyət təşkil edir”.

Qanunun 10-cu maddəsinə yeni əlavəyə görə, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşı 1 ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Azərbaycan Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “Bu çox böyük bir biabırçılıqdır. Azərbaycan vətəndaşının başqa dövlətin vətəndaşlığını qəbul etməsi ilə bağlı Azərbaycanın prezidenti tərəfindən müəyyən ediləcək müvafiq icra hakimiyyəti orqanına məlumat verməməsi hansı ictimai təhlükəli əmələ aid edilə bilər? Burada hansı ictimai təhlükəli əməldən söhbət gedə bilər ki, həmin şəxs cinayət məsuliyyəti daşısın? Başqa bir misal, qanunda yazılır ki, valideynləri Azərbaycan vətəndaşı olmayan və Azərbaycanda doğulmuş uşaq Azərbaycan vətəndaşı deyildir. Bu necə ola bilər? Azərbaycan konstitusiyasında birbaşa təsdiq edilib ki, Azərbaycan ərazisində doğulan şəxs Azərbaycan vətəndaşıdır”, o qedy edib.

Ekspert hesab edir ki, qanunun 18-ci maddəsinə vətəndaşlığın itirilməsi ilə bağlı edilmiş dəyişikliklər də qanunvericiliklə ziddiyyət təşkil edir. “Başqa ölkənin vətəndaşlığını qəbul edən şəxs müvafiq icra hakimiyyəti orqanına məlumat vermirsə vətəndaşlığını itirir. Axı sən kimsən ki, qanuna belə dəyişiklik edib konstitusiyanın 53-cü maddəsini kobud pozursan. Konstitusiyada göstərilir ki, heç kəs vətəndaşlıqdan məhrum edilə bilməz. Və yaxud başqa dövlətdə dövlət qulluğunda çalışan və ya hərbi hissədə qulluq edən şəxslərin vətəndaşlığını itirməsi. Bütün bunlar konstitusiya ilə ziddiyyət təşkil edir”.

O hesab edir ki, parlament qanuna əlavə və dəyişikliklər etsə də konstitusiyaya görə heç bir hüquqi qüvvəsi yoxdur. “Konstitusiyanın 151-ci maddəsində birbaşa göstərilir ki, qəbul olunmuş qanunlar konstitusiya müddəaları istisna edilməklə beynəlxalq öhdəliklərlə ziddiyyət təşkil edirsə tətbiq edilə bilməz. Bunlar nəinki beynəlxalq öhdəlikləri, heç Azərbaycan konstitusiyasını saymırlar, ona əməl etmirlər. Ən böyük biabırçılıq odur ki, bu qanun konstitusiya ilə ziddiyyət təşkil edir”.

M.Baxışov bildirib ki, beynəlxalq konvensiyaların tələblərinə görə dövlət vətəndaşsızlıq hallarının azaldılmasına çalışmalıdır. “Amma bu əlavə və dəyişikliklərlə ölkədə vətəndaşsızlıq hallarının artırılmasına şərait yaradırlar”, o qeyd edib.

Ekspert indiyədək yüz minlərlə xarici ölkə vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşlarının hüququ durumunun necə olacağı ilə bağlı deyib ki, konstitusiyaya görə qanunun geriyə hüququ qüvvəsi yoxdur. “Amma bura Azərbaycandır. Bura qanunların tətbiqi ilə bağlı çox bədbəxt bir vəziyyətdədir. Düşünürəm ki, yeni əlavə və dəyişikliyi geriyə də tətbiq edəcəklər”, o qeyd edib.
XS
SM
MD
LG