Accessibility links

Vəfa Quluzadə: Amerika Rusiya əlaqələri bir-birinə zidd olan iki sistemin münasibətləridir


Vəfa Quluzadə: Amerika Rusiya əlaqələri bir-birinə zidd olan iki sistemin münasibətləridir

Vəfa Quluzadə: Amerika Rusiya əlaqələri bir-birinə zidd olan iki sistemin münasibətləridir

Azərbaycanın Xarici Siyasət Məsələləri üzrə keçmiş Dövlət müşavirinin fikrincə, Rusiyada demokratik islahatlar bütövlükdə dayanıb.

Azərbaycanın Xarici Siyasət Məsələləri üzrə keçmiş Dövlət müşaviri, səfir Vəfa Quluzadə Amerikanın Səsi radiosuna müsahibəsində Vladimir Putinin prezidentliyə namizədliyinin yeni Rusiyaya müsbət dəyişiklik gətirməyəcəyini bildirib. Onun fikrincə, son 15 ildə cənab Putin faktiki hakimiyyətdə olub və Rusiyada demokratik islahatlar bütövlükdə dayanıb.

Sual: Vladimir Putin yenidən Rusiya prezidentliyinə namizədliyini irəli sürüb. Putinin yeni hakimiyyəti regiona hansı yeniliklər gətirəcək?

Cavab: Vladimir Putin hakimiyyətdən getməyib. Hamı Dmitri Medvedevin hakimiyyəti dövrünü də Putinin hakimiyyəti dövrü kimi qiymətləndirir. V.Putinin son 15 illik hakimiyyəti Rusiyaya hər hansı yenilik gətirmədi. Rusiyada bütün islahatları dayanıb. Səhiyyə, iqtisadiyyat, maliyyə islahatları tamamilə dayanıb. Putinin kosmik və əsgəri proqramları iflasa uğrayıb. Rusiyanın güvəndiyi raket sənayesi də uğursuzluğunu nümayiş etdirir.

Putin hakimiyyətdən getmək istəmir. Rusiya ictimaiyyəti belə qiymətləndirir ki, Putin hakimiyyətdən getməyə qorxur. Çünki hakimiyyətdə olduğu dövrdə onun xeyli günahları olub.

Hesab edirəm ki, Rusiyada Sovet dövründə olduğu kimi indiki zamanda da seçkilər simvolikdir və saxtalaşdırılacaq. Putinə rəqib yoxdur, seçkidə iştirak edən digər partiyalar cib partiyalarıdır. Real müxalifət əzilib və ölkədən qovulub, divara sıxılıb.

Sual: Vladimir Putinin namizədliyinin irəli sürülməsi necə qiymətləndirirsiniz?

Cavab: Rusiyada seçki məsələsi, hakimiyyətdə qalmaq məsələsi oyundursa, fəndirsə, seçki platforması da həmin oyun, həmin fənd olacaq. Putin deyəcək ki, Rusiyanı hərbi cəhətdən gücləndirəcək, amma bu hansı imkanlar hesabına baş verəcək məlum deyil. Deyəcək, Rusiyada iqtisadi islahatlar həyata keçiriləcək, əhalinin maaşları 2-3 dəfə qaldırılacaq. Amma, bunların hamısı vəddir, dəfələrlə verilib. Rusiyada təqaüdçülərin və veteranların sosial durumunda dəyişiklik baş verməyib. Heç kəs həyatından razı deyil.

Sual: Vladimir Putinin yeni hakimiyyəti Amerika-Rusiya münasibətlərinə yeni nə gətirəcək?

Cavab: Hesab edirəm ki, iki dövlətin münasibətlərində heç nə dəyişməyəcək. Ona görə ki, Amerika Rusiya əlaqələri bir-birinə zidd olan iki sistemin münasibətləridir. Mən deyə bilmərəm ki, Rusiyanın Amerika ilə haçansa əlaqələri yaxşılaşıb. Rusiya raketləri Sovet dövründə olduğu kimi yenə də Amerikaya tuşlanıb. Hələlik ki, bu ölkələr əməkdaşlıq edən ölkələr deyil. Amerika investisiyaları heç vaxt Rusiyanın iqtisadiyyatını və hərbisini gücləndirməyəcək. Özünün isə imkanları çox məhduddur. Neft qiymətlərindən asılı ölkə, neft qiymətləri düşən kimi iflasa uğrayacaq.

Sual: Azərbaycan belə vəziyyətdə necə siyasət yürütməlidir, münasibətlərini reallıqda necə qurmalıdır?

Cavab: Azərbaycan başa düşməlidir ki, dünya demokratiya yolu ilə gedir. Azərbaycan yalnız demokratik ölkə olaraq özünü dünyada yaxşı təqdim edə bilər, problemlərini, o cümlədən Dağlıq Qarabağ problemini həll edə bilər, iqtisadiyyatını daha da gücləndirə bilər, xalqının rifah halını yaxşılaşdıra bilər. Azərbaycan demokratik islahatları keçirməlidir. Amerika və Avropa ilə əlaqələri gücləndirməlidir. Ordunu gücləndirərək daim müdafiəyə hazır olmalıdır. Çünki, yağı düşmən atəşkəs xəttindən hər gün vətəndaşlarımıza atəş açır.

Sual: Putinin yeni hakimiyyəti Qafqazda hansı yeniliklər yaradacaq?

Cavab: V.Putin Qafqazda müharibəni bitirə bilmədi, partizan müharibəsi davam edir. Qafqazda vəziyyət gərgin olaraq qalır. Baxmayaraq ki, Çeçenistanda Qədirova müstəqillik verərək müharibə vəziyyətindən çıxdılar. Buna baxmayaraq, gələcəkdə Qafqazda partizan müharibəsinin güclənmə ehtimalı çoxdur. Çünki, Qafqaz xalqları öz müstəqilliyinə və dininə can atır. Bütün bunlar yeni problemlərə gətirib çıxaracaq. Rusiya narahatdır ki, Qafqazda şərab dükanlarını partladırlar, federal qüvvələrə hücumlar artıb. Rusiya daim xəbər verir ki, nə qədərsə yaraqlı zərərsizləşdirilib. Amma, özlərinin itkisi barədə məlumat vermirlər.

Bununla yanaşı, Qafqazda yeni qüvvə yaranıb. Bu Türkiyədir. Türkiyə artıq yaxın şərqdə liderliyə nail olub və yaxın zamanda Qafqazda da lider olacaq.

XS
SM
MD
LG