Accessibility links

Vəfa Quluzadə: Azərbaycanın Rusiyaya iradlarını yüksək səslə deməyin vaxtı çatıb (Audio)


Onun fikrincə, Azərbaycan demokratik islahatlar keçirərsə Amerikanın və NATO-nun güclü müttəfiqinə çevrilə bilər.

Xəzər Siyasi Araşdırmalar Mərkəzinin prezidenti Vəfa Quluzadə Amerikanın Səsi radiosuna müsahibəsində Xəzər regionunda mövcud geosiyasi durum, Rusiyada prezident seçkiləri və İrana beynəlxalq təzyiqlərin regiondakı duruma təsirlərindən danışıb. Onun fikrincə, Azərbaycan demokratik islahatlar keçirərsə Amerikanın və NATO-nun güclü müttəfiqinə çevrilə bilər.

Sual: Rusiyadakı prezident seçkilərinin Xəzər regionuna hansı təsirləri ola bilər?

Cavab: Seçkilər Rusiyanın zəiflədiyini, ictimaiyyətin parçalandığını bir daha üzə çıxardı. Seçkilər həmçinin prezident institutunun möhkəm əsaslara söykənmədiyini göstərdi. Saxta yolla seçilmiş Vladimir Putin ilk növbədə öz mövqeyini möhkəmləndirməklə məşğul olacaq. Bu səbəbdən bir müddət Xəzəryanı dövlətlər rahat nəfəs ala biləcək.

Eyni zamanda, Rusiyada Putinin, rejimin, seçki saxtakarlığının əleyhinə hərəkat yaranıb. Demokratiya uğrunda mübarizə aparan bu hərəkatda bütün Rusiya iştirak edir. Bu səbəbdən hakimiyyətə gəlmiş mürtəce rejim öz hakimiyyətini möhkəmləndirməyə daha çox vaxt ayıracaq. Məhz, bu zaman Rusiyanın xarici siyasəti xeyli zəif olacaq.

Sual: Bir çox ekspertlər İrana qarşı beynəlxalq təsirlər artdıqca və Rusiyada prezident seçkilərindən sonra Cənubu Qafqazda situasiyanın daha gərgin olacağını düşünür. Azərbaycan belə bir vəziyyətdə təhlükəsizliyini təmin etmək üçün nə etməlidir?

Cavab: Hesab edirəm ki, İranla bağlı hadisələrin Azərbaycana və regionun digər dövlətlərinə o qədər də təsiri olmayacaq. Çünki, artıq İrana qarşı böyük embarqolar var və İran xalqı çox narahatdır. İrandan olan azərbaycanlılar Azərbaycanda torpaq və evlər almaqda davam edir. Bu proses iki ölkədə yaşayan xalqlın birləşməsinə aparan yoldur.

Qərblə İran arasında müharibə olarsa yalnız İranın nüvə və əsgəri obyektlər sıradan çıxarılacaq, əhali bundan ziyan çəkməyəcək. Ona görə də Azərbaycana İrandan böyük qaçqın axını olmayacaq. İrana zərbələrin Azərbaycana fəsadları cüzi ola bilər.

Bununla yanaşı, İran Azərbaycana qarşı son zamanlar aqressiv siyasət aparır. Mən İranla Azərbaycanın dost və bərabər hüquqlu əlaqələrinin tərəfdarıyam. Əgər, indiki İran hakimiyyəti bunu bacarmırsa, ümid edirəm ki, gələcək hakimiyyət bu siyasəti dəstəkləyəcək.

Sual: Gürcüstan prezidenti Azərbaycan parlamentində çıxışında Rusiyanın siyasətini kəskin tənqid edib, Azərbaycan-Gürcüstan ittifaqı təklif edib. Necə qiymətləndirirsiniz?

Cavab: Gürcüstan prezidentinin çıxışını yüksək qiymətləndirirəm. Hesab edirəm ki, Rusiyanı tənqid etməyə tam haqqı var. Çünki, Rusiya açıq-aşkar Gürcüstana hücum edib, Abxaziya və Cənubi Osetiyanı işğal edib. Gürcüstanda hakimiyyəti dəyişməyə çalışıb.

Azərbaycanın da Rusiyaya iradlarını bərk səslə deməyin vaxtı çatıb. İndiki münasibətlər sistemindən belə çıxır ki, Rusiya bizim dostumuzdur, düşmənimiz isə yalnız ermənilərdir. Əslində, Rusiya erməniləri silahlandırıb Azərbaycana qarşı müharibəyə cəlb etməsə idi, bu münaqişə, bu təcavüz, bu işğal da olmazdı. Bu səbəbdən də Azərbaycan öz haqlarını Rusiyadan tələb etməyə ciddi hazırlaşmalıdır. Azərbaycanın buna bütün imkanları var.

Sual: Belə mürəkkəb geosiyasi durumda Azərbaycan təhlükəsizliyini necə təmin etməlidir? Xüsusilə daxili sülhə necə nail olmalıdır? Eyni ilə də, Avropaya inteqrasiya sahəsində nə etməlidir?

Cavab: Azərbaycanın stabilliyi daxili vəziyyətindən asılıdır. Arzulamazdım ki, bir çox politoloqların arzuladığı kimi, Azərbaycanda da Yaxın Şərqdə baş verənlər təkrarlansın, ərəb inqilabları kimi hadisələr olsun. Çünki, Azərbaycan müharibə vəziyyətindədir. Bizə daxili sülh, daxili birlik çox lazımdır. Arzu edirəm ki, bunu həm hakimiyyət, həm müxalifət, həm də xalqımız yaxşı başa düşsün. Eyni zamanda, daxili stabillik gərək ürəkdən olsun. Xalq gərək bizim milli sərvətlərdən öz payını alsın. Onda xalq hakimiyyətin arxasında möhkəm dayanar və heç bir qüvvə Azərbaycanda heç nəyə nail ola bilməz. Bu halda Azərbaycanı istəməyən xarici qüvvələr, təxribatçılar həmişə uğursuzluğa düçar olacaq. İstəyirəm ki, Azərbaycanda islahatlar aparılsın, qanunun aliliyi, insan hüquqları təmin olunsun, korrupsiya həqiqətən aradan qaldırılsın və ya onun əleyhinə islahatlar vasitəsi ilə ciddi mübarizə başlanılsın. Əgər, Azərbaycanda məhkəmə islahatları, demokratik islahatlar baş tutsa, bu halda korrupsiya da öz-özündə aradan qalxacaq. Onda xalqın sosial durumu da yaxşılaşacaq. Demokratiyanı polis yolu ilə gətirmək olmaz. Demokratiya islahatlar yolu, qanunun aliliyinin təmin olunması yolu ilə gəlməlidir. Bu Azərbaycan güclü və qüdrətli dövlətə çevirər. Bu halda Azərbaycan regionda Amerikanın da, NATO-nun da təbii dayağı və güclü müttəfiqinə çevirər.

Show comments

XS
SM
MD
LG