Accessibility links

Vəfa Quluzadə: Minsk Qrupunun işi qeyri-real və imitasiya xarakterlidir


Vəfa Quluzadə: Minsk Qrupunun işi qeyri-real və imitasiya xarakterlidir

Vəfa Quluzadə: Minsk Qrupunun işi qeyri-real və imitasiya xarakterlidir

Fransanın Minsk Qrupunun həmsədrliyindən uzaqlaşdırılması tələb edilir. Fransa səfirliyinin qarşısında etiraz aksiyaları keçirilib.

Fransa Senatının soyqırımı inkara görə həbs və ya cərimə müəyyən edən qanun layihəsini qəbul etməsinə qarşı Azərbaycanda narazılıqlar davam edir. Yanvarın ortalarından başlayaraq demək olar ki, hər gün Fransanın Azərbaycandakı səfirliyinin qarşısında etiraz aksiyaları keçirilir.
Yanvarın 27-də REAL Hərəkatı, “Dalğa” Gənclər Hərəkatı, Bütöv Azərbaycan Gənclər Təşkilatı, Vətəndaş Həmrəyliyi, Klassik Xalq Cəbhəsi, Xalq Cəbhəsi Partiyalarının gənclər təşkilatlarının fəalları Fransanın Azərbaycandakı səfirliyi qarşısında piket keçirməyə cəhd edib. Polis aksiya iştirakçılarını səfirliyin qarşısına buraxmadığından aksiya keçmiş Molokan bağında baş tutub.
Yanvarın 24-də Fransa Senatı soyqırımı inkara görə 1 il həbs və ya 45 min avro cərimə nəzərdə tutan qanun qəbul edib. Sənəd Türkiyədə, Azərbaycanda və beynəlxalq təşkilatlarda tənqidlə qarşılanıb. Hesab edirlər ki, qanun fikir və söz azadlığına qarşı yönəlib.
Etirazçılar Fransanın Minsk Qrupunun həmsədrliyindən çıxarılmasını, Fransadakı Azərbaycan səfirinin geri çağırılmasını, qanunun ləğvinə qədər siyasi və iqtisadi əlaqələrin dayandırılmasını, Fransa istehsalı olan məhsulların alınmamasını, Fransa orden və medallarından imtina edilməsini tələb ediblər.
Fransanın Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədrliyindən imtina edilməsi də etirazçıların tələblərinin əsasını təşkil edir. Belə ki, Fransa sözdə “erməni soyqırımı”nı tanıyıb. Ermənistana rəğbət bəsləməsi və bu səbəbdən də Qarabağ məsələsində qeyri-obyektiv olması ilə əlaqədar Azərbaycanın ATƏT-in Minsk Qrupunda Fransanın həmsədrliyindən imtina etməsi məsələsi bütün səviyyələrdə qaldırılır.
Turan Agentliyi tanınmış ekspert, keçmiş diplomat Vəfa Quluzadədən vəziyyəti şərh etməyi və Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri təyin edilməsinin tarixini danışmağı xahiş edib.
“Həmsədrlik institutu ideyası Minsk Qrupunun konkret qərarlar qəbul etmək iqtidarında olmaması səbəbindən yaranıb. 9 ölkənin, həmçinin Azərbaycanla Ermənistanın nümayəndələri, Qarabağın Azərbaycan və Ermənistan icması müntəzəm olaraq görüşüblər, fikir mübadiləsi aparıblar, lakin heç bir nəticə olmayıb”, - həmin illərdə xarici siyasət məsələləri üzrə dövlət müşaviri postunu tutmuş V.Quluzadə deyib.
1994-cü ildə ATƏT-in Budapeşt sammitində Rusiya təşəbbüsü öz əlinə aldı: Moskva BMT-nin xüsusi mandatını və münaqişə zonasına öz qoşunlarını yeritmək üçün razılıq istədi. ABŞ və ATƏT-in digər üzvləri bunun əleyhinə çıxdılar. O zaman qərara alındı ki, münaqişə zonasına yalnız çoxmillətli qüvvələr yeridilə bilər və Rusiyanın payı 30%-dən çox olmamalıdır.
Eyni zamanda, digər ölkələrdən fərqli olaraq Rusiya Minsk Qrupunun Daimi üzvü (həmsədr) statusunu aldı. Sonradan həmin ölkələr də növbə ilə bir il müddətinə həmin statusu aldılar.
Belə vəziyyət 1996-cı ilədək davam etdi və o zaman iki daimi həmsədrin təyinatı ideyası irəli sürüldü və Azərbaycan ABŞ-ın namizədliyini irəli sürdü. Vaşinqtonun razılığı alındıqdan sonra Bakı ATƏT-ə müvafiq müraciət göndərdi. Etiraz olmadı və 1996-cı il dekabrın 31-dək qərar qəbul olunmalı idi.
“Lakin Yeni il ərəfəsində mən məlumat aldım ki, ATƏT qərarı qəbul edib və qərara görə, Minsk Qrupunun ikinci həmsədri ABŞ yox. Fransa olacaq. Başqa sözlə desək, Moskva və Paris sözləşərək Vaşinqtonun namizədliyini kənara qoyublar və bu barədə bizə də məlumat verməyiblər”, - Quluzadə qeyd edib.
“Çox gec idi, amma Heydər Əliyevi yuxudan oyatmaq lazım gəldi. O, işə qayıtdı, XİN rəhbərini və digər məsul şəxsləri bir yerə topladı. Etiraz məktubu tərtib olundu və ATƏT-ə göndərildi. Biz Azərbaycanın maraqları nəzərə alınmadan qərar qəbulunun yolverilməz olduğunu bildirdik. Bizi aldadaraq Fransa ilə separat danışıqlar aparan Rusiyaya da analoji etiraz bildirildi. Baş verənlər barədə Vaşinqtona da məlumat verildi.
1997-ci ilin yanvarında Heydər Əliyevin Parisə rəsmi səfərinə qədər məsələ açıq qaldı. Bu müddətdə ATƏT-dən bizə bildirirdilər ki, məsələ həll olunub və heç nəyi dəyişmək olmaz. Vaşinqton Parislə münasibətləri korlamaq və onun gedişini tələb etmək istəmirdi. Moskva isə Fransanın Minsk Qrupuna düşməsinə bağlılığını inkar edirdi”, - Quluzadə vurğulayıb.
Parisdə Jak Şirakla görüşündə Heydər Əliyev olduqca sərt və açıq şəkildə bildirdi ki, Bakı Fransanı həmsədr kimi görmək istəmir. Şirakın “nə üçün” sualının cavabında Əliyev deyib ki, Fransa xalqına heç bir iradı yoxdur, lakin bu ölkədə erməni diasporu güclüdür və bir çox məmurlar, parlament üzvləri və siyasətçilər erməni mənşəlidir və ya onlarla əlaqəsi var. Bu o deməkdir ki, Parisin nizamlanma ilə bağlı mövqeyi qeyri-obyektiv olacaq. Şirak Əliyevi Fransanın qərəzsizliyinə əmin etməyə çalışsa da, Əliyev onun fikirlərini qəbul etmədi və razılaşmadı.
“Mən Parisdən Vyanaya uçurdum və öz prinsiplərini və tərəflərdən birinin maraqlarını kobud şəkildə pozmuş ATƏT rəhbərliyinə Bakının rəsmi etirazını çatdırdım. Lakin yenə də bildirdilər ki, nəyisə dəyişmək mümkün deyil. Və biz ümumiyyətlə Minsk Qrupundan imtina etdiyimizi bəyan etdik. Yalnız bundan sonra ATƏT razılaşdı ki, ABŞ-ı üçüncü həmsədr kimi Minsk Qrupuna daxil etsin”, - V.Quluzadə bildirib.
Əgər, bu gün Fransanın Minsk Qrupundan namizədliyinin geri çağırılması proseduru barədə məsələ qaldırılsa, bununla bağlı hər hansı xüsusi mexanizm yoxdur. Azərbaycan rəsmən ATƏT-ə, Fransaya və digərlərinə bildirməlidir ki, hansısa səbəblər üzündən bu ölkəni Minsk Qrupunda görmək istəmir.
Lakin, bəzi səbəblərdən bunu etmək o qədər də asan deyil. Bu müraciətə bütün tərəflərin cavabı çox güman ki mənfi olacaq, lakin istisna etmək olmaz ki, “incimiş Paris” özü “qapını çırpacaq”.
Problem prosedurun özündə deyil, Bakının siyasi iradəsindədir. Bakı bütün nəticələri və gələcək addımları götür-qoy etməlidir. Ümumilikdə, Minsk Qrupunun işi qeyri-real və imitasiya xarakterlidir. 17 il göstərdi ki, bu qurum problemin nizamlanması ilə bağlı əməli mexanizm hazırlaya bilmir.
Həmsədr ölkələrin maraqları üst-üstə düşərsə və onlar problemi beynəlxalq prinsiplər əsasında həll etməyə hazır olarsa, münaqişənin həlli mümkündür. Ancaq bu belə deyil. ATƏT və digərləri ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə prinsiplərini eyniləşdirir, başqasının torpaqlarını zəbt edəni təcavüzkar adlandırmır və ya münaqişə tərəfini nizamlanmanın baza prinsipini qəbul etməyə məcbur etmək istəmir.
“Kiçik ölkə kimi Azərbaycan Fransanın istefaya göndərilməsindən zərər çəkə bilər. İlk növbədə ABŞ bizi bundan çəkindirəcək. Bizə deyəcəklər ki, biz heç nə qazanmayacağıq, Ankara və Paris tezliklə barışacaq, sizin jest isə qiymətləndirilməyəcək. Geosiyasətin reallığı və siyasətçilərin riyakarlığı belədir. Lakin bütün bunlar o demək deyil ki, biz susmalıyıq və baş verənlərlə razılaşmalıyıq”, - Vəfa Quluzadə bildirib.

XS
SM
MD
LG