Accessibility links

Vəfa Quluzadə: Azərbaycana səfər Ruhaninin qərblə yumşalma siyasətindən doğur [Video-müsahibə]


Azərbaycanın xarici siyasət məsələləri üzrə keçmiş Dövlət müşavirinin Amerikanın Səsinə müsahibəsi

Azərbaycan Respublikasının xarici siyasət məsələləri üzrə keçmiş Dövlət müşaviri Vəfa Quluzadə Amerikanın Səsinə müsahibəsində İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfərinin yekunlarından danışıb.

Amerikanın Səsi: İran prezidentinin Azərbaycana səfəri başa çatıb. Səfərin yekunlarını necə qiymətləndirirsiniz?

Yəni İranı Azərbaycanda narahat edən, Azərbaycanı isə İranda narahat edən məsələlər müzakirə olunub.

Vəfa Quluzadə: Səfəri yüksək qiymətləndirirəm. İran bizim böyük qonşumuzdur, əlaqələrimiz həmişə yaxşı inkişaf etməlidir və yüksək səviyyədə olmalıdır. Bu səfər zamanı bütün problemlər süzgəcdən keçirilib, danışılıb. Yəni İranı Azərbaycanda narahat edən, Azərbaycanı isə İranda narahat edən məsələlər müzakirə olunub. İranı birinci növbədə Azərbaycan-qərb, Azərbaycan-İsrail əlaqələri maraqlandırır. Azərbaycanda islam dininə münasibət, xüsusilə Azərbaycanın şiə əhalisi ilə bağlı məsələlər danışıqların gündəliyində olub.

Səfər həqiqətən mehriban şəraitdə keçdi və prezidentlər bir-birini anlayırdı. Bunun özü müsbət bir hadisədir. Sözsüz ki, danışıqlarda çox məsələlər, o cümlədən Dağlıq Qarabağ problemi mütləq müzakirə olunub. Azərbaycanı narahat edən İran-Ermənistan əməkdaşlığı gündəlikdə olub. İran da əlindən gələni etməyə hazırdır ki, bu məsələ tezliklə həll olunsun.

Amerikanın Səsi: İran prezidenti Həsən Ruhani bildirib ki, Araz əlaqələrin inkişafında mühüm rol oynamalıdır. Yəni bununla bir növ İranda yaşayan azərbaycanlıların problemlərinə də toxunub.

Bunun üçün İran gərək onlara yüksək şərait yaratsın, yüksək mədəni avtonomiya versin, Azərbaycan dilinin inkişafına, tədrisinə, Azərbaycan mədəniyyətinin inkişafına yardım etsin.

Vəfa Quluzadə: Mən hesab edirəm ki, İranda yaşayan azərbaycanlılar bizim problemimiz deyil, bu İranın problemidir. Orada yaşayan azərbaycanlılar İran vətəndaşlarıdır. 30 milyon, bəlkə də ondan da artıq insanlardır. İran gərək onlarla elə əlaqələr yaratsın ki, onlar İrana problem yaratmasınlar. İran maraqlı deyil ki, azərbaycanlılar arasında separatizmi, ayrılmaq əhval-ruhiyyəsi inkişaf etsin. Bunun üçün İran gərək onlara yüksək şərait yaratsın, yüksək mədəni avtonomiya versin, Azərbaycan dilinin inkişafına, tədrisinə, Azərbaycan mədəniyyətinin inkişafına yardım etsin. Eyni zamanda İran gərək vətəndaşı olan azərbaycanlıların Azərbaycan Respublikası ilə əlaqələrinə maneçilik etməsin. İran bunların hamısını etməlidir və yəqin ki, İran bunları başa düşür. Mən ümid edirəm ki, bu səfərdən sonra Cənubi Azərbaycanda əhval-ruhiyə daha da artacaq, güclənəcək.

Amerikanın Səsi: İran prezidentinin səfəri qərb-İran münasibətlərinin liberallaşması zamanına təsadüf edir. Bu baxımdan İran enerji qaynaqlarının Azərbaycan vasitəsi ilə qərb bazarlarına çıxarılması reallaşa bilərmi?

İran siyasəti həqiqətən də Avropa ilə, Amerika ilə əlaqələrini inkişaf etdirmək, sonra texnologiyalara nail olmaq və ölkəsini inkişaf etdirməyə yönəlib.

Vəfa Quluzadə: Mən hesab edirəm ki, bu səfər Ruhaninin qərbləyumşalma siyasətindən doğur. İran siyasəti həqiqətən də Avropa ilə, Amerika ilə əlaqələrini inkişaf etdirmək, sonra texnologiyalara nail olmaq və ölkəsini inkişaf etdirməyə yönəlib. Bu səpkidə Azərbaycanın İran üçün əhəmiyyəti çox artır. Azərbaycan-Avropa, Azərbaycan-Amerika əlaqələri və bizim ölkədən keçən nəqliyyat kooridorlarından İran gözəl istifadə edə bilər. Eyni zamanda İranın üzərindən sanksiyalar götürülsə, İran enerji sahəsində də Azərbaycanla əməkdaşlıqda maraqlı olacaq. Bu məsələlər də danışıqlarda müzakirə mövzusu ola bilər.

XS
SM
MD
LG