Accessibility links

Vidadi Mirkamal: Şəxs barəsində əvvəlcədən həbs seçən məhkəmə dövlət ittihamını təsdiq etməyə məcburdur


Vidadi Mirkamal: Şəxs barəsində əvvəlcədən həbs seçən məhkəmə dövlət ittihamını təsdiq etməyə məcburdur
Vidadi Mirkamal: Şəxs barəsində əvvəlcədən həbs seçən məhkəmə dövlət ittihamını təsdiq etməyə məcburdur

İctimai Palatanın İnsan Hüquqlarının Müdafiəsi Komitəsinin rəhbəri 2 aprel etiraz aksiyası ilə əlaqədar həbsdə olan fəalların qanunsuz saxlandığını bildirir. Onun fikrincə, müxalifət fəallarının həbsi siyasi sifarişdir. Rəsmi mənbələr isə insanların ictimai qaydanı pozduqlarına görə saxlandığını deyir.

İctimai Palatanın İnsan Hüquqlarının Müdafiəsi Komitəsinin rəhbəri Vidadi Mirkamal Amerikanın Səsi radiosuna müsahibəsində 2 aprel etiraz aksiyası ilə əlaqədar həbsdə olan fəallar, onları istintaqının gedişi barədə danışıb.

Sual: Hazırda, 2 aprel aksiyası ilə əlaqədar həbsdə neçə fəal var?

Cavab: 2 aprel aksiyasında iştiraka görə, 14 nəfər barəsində cinayət işi qaldırılıb. Onlardan 13 nəfəri həbsdədir, Fuad Qəhrəmanlı azadlıqdadır. 2 aprel aksiyası ilə əlaqəli daha 2 nəfər həbs edilib. Bunlar Şahin Həsənli və Vidadi İsgəndərovdur. Bundan əvvəl, bu kontekstdə həbs edilən Cabbar Savalan və Bəxtiyar Hacıyevin hüquqlarını müdafiə edirik.

Sual: İstintaq işləri nə yerdədir?

Cavab: Hazırda 6 nəfər barədə istintaq işləri yekunlaşıb, baxılmaq üçün Səbael rayon məhkəməsinə göndərilib. Daha dörd nəfərin istintaqı da yekunlaşıb, ittiham aktı tərtib edilib. Digər dörd nəfər barəsində isə istintaq işləri davam edir. Bunlar, vicdan məhbusları Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli və Fuad Qəhrəmanlıdır.

Sual: İstintaq onların 2 aprel aksiyası zamanı ictimai qaydaları pozduqlarını sübut edə bilibmi?

Cavab: Bunu istintaqın sübut etməsi çox çətin məsələdir. Amma, istintaq işləri yekunlaşdırıb məhkəməyə göndəribsə, deməli onlar hesab edir ki, sübut edilib və məhkəmə qərar qəbul etməlidir. Lakin, biz hesab edirik ki, 2 aprel aksiyası zamanı heç bir cinayət hadisəsi baş verməyib. Belə ki, aprelin 2-də insanlar razılaşdırılmamış mitinqə çıxıb, orada “Azadlıq” və “İstefa” şüarları səsləndiriblər. Azərbaycan qanunvericiliyinə görə, insanların razılaşdırılmamış aksiya təşkil etməsi və şüarlar səsləndirməsi cinayət hadisəsi deyil. Ona görə də, hesab edirik ki, bu qondarma cinayət işidir. Orada saxta sübutlar var. Biz istintaq bütün materialları vermişik. Həmin materiallarda insanların ictimai qaydaları pozması halları qeydə alınmayıb. Sadəcə, iqtidar nümayəndələri öz adamları vasitəsi ilə bəzi yerlərdə şüşələri qırıb və bunda aksiya iştirakçılarını günahlandırır. Amma, bu faktlar da müxalifətin ictimai qaydanı pozmasını sübut etmir.

Sual: 2 aprel aksiyası çoxsaylı video kameralar tərəfindən lentə alınır. O cümlədən hüquq mühafizə orqanları, hüquq müdafiə təşkilatları, çoxsaylı televiziyalar və agentliklər aksiyanın bütün anlarını çəkib. Bu çəkilişlərdə sübutlar varmı?

Cavab: Bu sübutlar yoxdur. Cinayət işinin başlanması da qanunsuz olub. Belə ki, sübutlar olmadan cinayət işi başlanıb, insanlar həbs edilib və sonra guya sübutların toplanmasına başlanıb. Bizim vəkillər istintaqa çoxsaylı video görüntülər təqdim edib və orada da müxalifət fəallarının qayda pozuntusu qeydə alınmayıb. Çox qəribədir ki, hazırda cinayət işi qaldırılmış maddənin dispozisiyasında qırmaq və dağıtmaqla, polisə müqavimət və ya təzyiq barədə heç nə yoxdur.

Sual: Məhkəmələr insanlar barəsində həbs qəti imkan tədbiri seçilməsi haqqında qərarlar qəbul edib. Cinayət Məcəlləsinin 233-cü maddəsinin sanksiyasında isə cərimə və ya 3 ilədək həbs nəzərdə tutulur. Məhkəmə həbs edilmiş insan barəsində cərimə qərarı qəbul edərsə, onun həbsdə qaldığı müddət üçün kim cavab verməli olacaq?

Cavab: Hüquqi nonses, hüquqi nihilizmi buna deyirlər. Bir şəxs barəsində əvvəlcə iki ay, sonra isə daha iki ay həbs qəti imkan tədbiri seçən məhkəmə dövlət ittihamını təsdiq etməyə məcburdur. Çünki, özü əvvəlcədən dövlət ittihamını təsdiq edib, hüquq normalarını pozub. O, istintaqda sübut edilməyən ittihamla bağlı ədalətli qərar qəbul edərsə, bu özünü inkara çevrilər. Ona görə də dövlət ittihamını məhkəmə təsdiq etməyə məcburdur.

Arzu edərdim ki, Azərbaycanda normal məhkəmə sistemi olsun. Məhkəmə sistemini iqtidar bu günə qoyub. Mən hakimlərin hamısını demək istəmirəm, doğrudan da hakimlərin içərisində vicdanlı insanlar çoxdur. Amma, sadəcə bu işlə bağlı sanksiya verən hakimlərin vicdanının səsinə qulaq asdığına əmin deyiləm. Bu siyasi sifariş olub. Çox güman ki, siyasi sifariş əsasında da müxalifət fəalları ilə bağlı qərarlar qəbul edəcəklər.

Müəllifdən: Bakı şəhər Prokurorluğu və Bakı şəhər Baş Polis idarəsi özünü İctimai Palata adlandıran qurumun aprelin 2-də keçirdiyi qanunsuz aksiya zamanı ictimai qaydanın pozulduğu barədə məlumat yayıb. Məlumatda qanunsuz aksiya zamanı ictimai qaydanı pozanların saxlanması üçün əsaslı sübutlar olduğu bildirilir. İstintaq işini aparmaq üçün istintaq qrupu yaradılıb.

XS
SM
MD
LG