Accessibility links

Viktor Yanukoviç irsi- genişmiqyaslı korrupsiya


Korrupsiyanı bəzən demokratiyanın xərçəngi adlandırırlar. Kütləvi korrupsiyaya uğramış ölkələrdən biri olan Ukraynada hakimiyyətdən devrilmiş prezident Viktor Yanukoviç hökuməti dövlətin milyardlarla dollarını mənimsəyib. Korrupsiya ilə mübarizə Ukraynanın yeni hökuməti qarşısında ən mühüm vəzifələrdən biri olaraq qalır.

Viktor Yanukoviç fevral ayında Ukraynadan qaçandan sonra vətəndaşlar keçmiş prezidentin Kiyev yaxınlığındakı malikanəsinə gəlib onun dəbdəbəli həyat tərzi sürdüyünün şahidi oldular.

137 hektar sahədə tikilmiş malikanənin qiyməti 75 milyon dollar dəyərindədir. Təkcə nahar və çay otaqlarının bəzədilməsinə 2,3 milyon dollardan artıq vəsait sərf edilib. Bir sözlə, bu, imperatora məxsus bir cah-cəlallı saraya bənzəyir.

Prezidentin malikanəsi dövlətə məxsus əmlak hesab edilir. Prezident Yanukoviç onu özəlləşdirib və bu dəbdəbəli həyat tərzini qarət edilmiş pullar və korrupsiya hesabına maliyyəşdirib. O, eyni zamanda, öz yaxınlarının ölkəni qarət etməsinə imkan yaradıb.

Peterson Beynəlxalq İqtisad institutunun təhlilçisi Anders Aslund deyir ki, oğurlanan pulların həcmi heyrət doğurur.
Anders Aslund: Baş nazir Arseni Yatsenyuk Yanukoviç rejiminin qarət etdiyi pulların 37 milyard dollar təşkil etdiyini deyib. Buraya rejimin Andrey Xluyev və Boris Kolesnikov kimi Yanukoviçin yaxın çevrəsinə daxil olan üzvləri də aiddir. Ukraynada keçmiş prezident Viktor Yanukoviç hökuməti mütəşəkkil cinayətkar sindikatdır. Bu sindikatın əsas məqsədi hökumətdən bacardıqca daha çox pul oğurlamaq idi.”

Ukraynanın baş naziri Arseni Yatsenyukun başçılıq etdiyi yeni müvəqqəti hökumət cənab Yanukoviç və onun yaxın çevrəsinə daxil olan şəxslərin hesablarının dondurulması üçün Birləşmiş Ştatlar və Avropa İttifaqı ilə birgə iş aparır və onların qarət etdikləri maliyyənin qaytarıla biləcəyinə ümid edir.

Global Integrity təşkilatının eksperti Nataniyel Heller Qərbin bu fəaliyyətlərə görə günahkar olduğunu və məsuliyyəti öz üzərinə götürməli olduğunu deyir. “Qərbin maliyyə təsisatlarının və beynəlxalq qurumların oynadığı rolun əhəmiyyətini azalmaq mümkün deyil.“

Ukraynanın iqtisadi və siyasi böhrandan çıxmağa çalışdığı bir vaxt Anders Aslund xroniki hal almış korrupsiyanın qarşısının alınması üçün qanunvericilərin iki mühüm addım atmasını tövsiyə edir.”Bir asan addım dövlət satınalmaları üçün müsabiqəli tenderlərə dair qanunun hazırlanmasından ibarət ola bilərdi. Korrupsiyanın başlıca mənbəyi olan təbii qaz sənayesi təmizlənməlidir. Bu isə qaz qiymətlərinin bütün səviyyələrdə ya bazara , ya da bərpa dövrü qiymətlərinə uyğunlaşdırılması deməkdir.”

Ekspertlər həmçinin Ukraynanın korrupsiyaya uğramış ədliyyə sistemində də islahatların aparılmalı olduğunu bildirir. Onların sözlərinə görə,qanunların işləməsi üçün dövlətin pulunu mənimsəyib öz cibinə qoyan şəxsləri cəzalandırmaq istəyən hakimlərin olması vacibdir.
XS
SM
MD
LG