Accessibility links

Vaşinqtonun meri Vinsent Qrey beynəlxalq TÜRKSOY təşkilatı və Qarabağ Fonduna təşəkkürünü bildirib


Mer Vinsent Qrey məktubunda bu təşkilatların Türk xalqları və Amerika xalqı arasında tərəfdaşlıq münasibətlərinin inkişafında göstərdiyi səyləri qeyd edir

Vaşinqton şəhərinin meri Vinsent Qrey beynəlxalq TÜRKSOY təşkilatı və Qarabağ Fonduna təşəkkürünü bildirib.

ABŞ-ın Qarabağ Fondu Vaşinqtonun meri Vinsent Qreyin beynəlxalq TÜRKSOY təşkilatı və Qarabağ Fonduna təşəkkürünü ifadə etdiyi məktubunu açıqlayıb. Məktub Qarabağ Fonduna Vaşinqtonun merinin ofisi tərəfindən e-mail vasitəsilə göndirilib. Vaşinqton meri Vinsent Qreyin katibliyi təşəkkür məktubunun Qarabağ Fonduna göndərildiyini Amerikanın səsinə təsdiq edib.

Mer Vinsent Qreyin məktubunda Vaşinqtonda “Türk diyarının səsləri simfoniyası” adlı konsertin təşkilatçıları olan TÜRKSOY təşkilatı və Qarabağ Fonduna təşəkkür ifadə edilir. Mer Vinsent Qrey məktubunda bu təşkilatların Türk xalqları və Amerika xalqı arasında tərəfdaşlıq münasibətlərinin inkişafında göstərdiyi səyləri qeyd edir. “Sizi əldə etdiyiniz böyük nailiyyətlərə görə təbrik edirik və qarşıda yeni mədəniyyət proqramlarınızı gözləyirik. Vaşinqtonlular adından bu gözəl və yadda qalan tədbirlə bağlı sizə ən xoş arzularımı çatdırıram ”-deyə məktubda bildirilir.

Artıq ikinci ildir dünya ölkələrində türk xalqları və millətlərini birləşdirən beynəlxalq TÜRKSOY təşkilatı Vaşinqtonda türk musiqinin tanıdılması məqsədilə konsert proqramı təşkil edir. ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondu, ABŞ azərbaycanlıların şəbəkəsi USAN və ABŞ türklərinin şəbəkəsi USTN konsertə sponsorluq edir.

Builki konsert proqramına Türkiyənin məşhur bəstəkarı Əhməd Adnan Sayqunun dünya miqyasında tanınmış “Yunus Emre oratoriyası”daxil edilib. Türk musiqi sənətinin incisi sayılan oratoriya ABŞ-da son 54 ildə ilk dəfə olaraq ifa ediləcək. TÜRKSOY simfonik orkestri və Amerikanın nüfuzlu Conatan Qriffit Singers xorunun birlikdə çıxış edəcəyi konsertlər Nyu-Yorkun nüfuzlu Linkoln adına musiqi mərkəzi və Vaşinqtonun Stratmor konsert zalında keçəcək.

Beynəlxalq türk mədəniyyəti təşkilatı olan TÜRKSOY 1993-cü ildə yaranmışdır. Təşkilatın əsas məqsədi türk dilli xalqların mədəni birliyinin dünya ölkələrində tanıdılması, dünya xalqları arasında mədəni əlaqələrin gücləndirməsi və dünyada sülh işinə töhvə vermək istiqamətində fəaliyyət göstərilməsindən ibarətdir.

TÜRKSOY təşkilatının Vaşinqtonda 2011-ci ildə keçirdiyi konsert proqramından hissəni burada izləyə bilərsiniz.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG