Accessibility links

Vitse-prezidentliyə namizədlərin debatı gərgin keçdi


Bəzi məqamlarda kəskinliyi ilə seçilən vitse-prezidentliyə namizədlərin debatında Liviyadan tutmuş iqtisadiyyata və dini baxışlaradək bir sıra məsələlər müzakirə olundu.

Cümə axşamı üz-üzə gələn vitse-prezident Co Bayden və onun Respublikaçı opponenti Paul Ryan siyasi baxışlarındakı fərqləri ictimaiyyət qarşısında səgilədilər. Co Bayden Ryanın bəzi cavablarına gülüşlə cavab verdi. Ryan isə vitse-prezidentin “təzyiq” atlında olduğunu vurğuladı.

90 dəqiqəlik mükalimə ötən həftə prezidentliyə namizədlərin ilk debatından canlılığı ilə seçilirdi. Tutarlı arqumentlərlə silahlanmış namizədlər bir-birini aqressivliklə imtahana çəkir və xalq qarşısında öz platformalarını müdafiə edirdilər.

Paul Ryan prezident Barak Obamanı xarici siyasətdə “zəiflik” nümayiş etdirməkdə ittiham etdi və buna nümunə olaraq Liviyanın Benqazi şəhərində ABŞ səfirinin öldürülməsini qeyd etdi. Daxili siyasətdə isə o, Demokrat administrasiyanı iqtisadiyyatı dirçəldə bilməməkdə günahlandırdı.

Co Bayden öz növbəsində bir həftə öncə president Obamanın Denverdə etmədiyi stildə Romni/Ryan namizədliyinə hücuma keçdi. O, dəfələrlə Mitt Romninin federal vergiləri ödəməyən “47 faizi vecinə almadığını” deməsini xatırlatdı. Bayden opponentini aydın planla çıxış etməməkdə günahlandırdı və əksər xarici siyasət məsələlərində Respublikaçıların fərqli heç nə təklif etmədiklərini vurğuladı.

Yarı-dəyirmi masa arxasında əyləşən namizədlərin debatını ABC telekanalının aparıcısı Marta Raddats tənzimləyirdi.
XS
SM
MD
LG