Accessibility links

Vəkil Elçin Sadıqov: Eynulla Fətullayevlə bağlı məhkəmə qərarları labirintdir


Vəkil Elçin Sadıqov: Eynulla Fətullayevlə bağlı məhkəmə qərarları labirintdir
Vəkil Elçin Sadıqov: Eynulla Fətullayevlə bağlı məhkəmə qərarları labirintdir

Jurnalistin nə qədər həbsdə saxlanacağı bəlli deyil. Eynulla Fətullayev Ali Məhkəmənin elan edilmiş qərarı ilə, ona təqdim edilən qərarının fərqli olduğunu bildirir

Jurnalist Eynulla Fətullayevin həbsdən azad edilməsi məsələsi hələ də həllini tapmayıb. 2010-cu il aprelin 22-də Avropa İnsan Hüquqları Məhkəməsi jurnalistin dərhal həbsdən azad edilməsi barədə qərar qəbul edib. Bu il noyabrın 5-də Bakı Apelyasiya məhkəməsi həbsxanada saxlana jurnalist barəsində yenidən həbs qəti imkan tədbiri seçib.

Noyabrın 11-də isə Azərbaycan Ali Məhkəməsinin Plenumu Eynulla Fətullayevin Cinayət Məcəlləsinin böhtan və milli ədavəti qızışdırma maddələri ilə məhkum olunması işi üzrə Ali Məhkəmənin 21 avqust 2007-ci il qərarı ləğv edib və xüsusi ittiham qaydasında şikayət üzrə icraat xətm olunub, eləcə də Eynulla Fətullayevin bu iş üzrə həbsdən azad edilməsinə hökm verilib.

Buna baxmayaraq, jurnalist həbsdən azad edilməyib. İndi o başqa ittihamlar üzrə həbsdə saxlanılır. Bu qanunsuz narkotik saxlama və Yasamal Rayon Məhkəməsinin 26 sentyabr 2006-cı il qərarıdır.

Ekspertlər, artıq cənab Fətullayev barəsindəki məhkəmə qərarlarını hüquq labirinti adlandırır. Hazırda hüquqşünaslar belə jurnalist barəsində məhkəmə qərarlarından bir nəticə çıxara bilmir.

Cənab Fətullayev isə həbsdə saxlanmasını qanunsuz adlandırıb və bununla bağlı mətbuatda açıq məktubla çıxış edib. O hesab edir ki, Ali Məhkəmənin Plenumunun elan etdiyi qərar dəyişdirilib. Çünki məhkəmədə elan edilən qərarla jurnalistə təqdim edilən qərar bir-birindən tamamilə fərqlənir. “Noyabrın 30-da Avropa Şurasının Nazirlər Komitəsinin mənim məsələmlə bağlı toplaşdığı gündə Avropa Məhkəməsinin barəmdə verdiyi 22 aprel 2010-cu il tarixli qərarının icrası məqsədi ilə çağırılmış Ali Məhkəmənin növbədənkənar Plenumunun 11 noyabr tarixli qərarının mətni mənə nəhayət təqdim edildi. Mətnlə tanış olarkən gözlərimə inanmadım. Təkrar-təkrar, dönə-dönə mətni bir neçə dəfə oxuduqdan sonra dəhşətə gəldim. Plenumun qərarı dəyişdirilib! Hər halda 11 noyabrda Ali Məhkəmənin kürsüsündən səslənən və mətbuatda dərc edilən qərardan əsər-əlamət qalmayıb.

11 noyabrda elan olunan qərara görə, Baş Prokurorun müavinin vəsatəti ilə Plenum Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 30 oktyabr 2007-ci il tarixli hökmünün vergilərə aid olan hissəsinin sanksiyasını 4 aydan (cəzaların toplanmasında bu cəza 2 aya enmişdir) 2 il 3 aya qədər artırmışdı. Vəkilim Elçin Sadıqovla mən mətbuatda və ictimaiyyət qarşısında etdiyimiz çoxsaylı çıxışlarımızda bunun qanunsuz olduğunu bildirərək Cinayət Məcəlləsində vergi cinayəti ilə bağlı sanksiyanın artırılmasının mənim həbsimdən sonra baş verdiyi, mənim əski Cinayət Məcəlləsi ilə məhkum olunduğum, qanunlara əsasən cəzanı ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsinin olmaması barədə ətraflı məlumatlar vermişdik. Görünür, bu çıxışlarımız təsirsiz ötüşməyib. Lakin, Plenum həbsxanada qanunsuz cəza çəkdiyim müddətin heç olmasa bir hissəsini hüquqi cəhətdən əsaslandırmaq üçün daha əcaib və daha qanunsuz qərara imza atıb.

2006-cı ildə Daxili İşlər Naziri Ramil Usubovun və polis orqanlarında tərksilah edilmiş Hacı Məmmədovun polis-qanqster dəstəsinin cinayət əməllərini tədqiq etdiyimi, bu mövzuya böyük sayda məqalələr həsr etdiyimi oxucular yəqin ki, xatırlayır. “Antibiotikin süqutu” və “Quldur Bakı” sərlövhəsi ilə oxuculara təqdim olunan jurnalist araşdırmalarım böyük əks-sədaya səbəb olmuşdu. Və bunun nəticəsi olaraq daxili işlər naziri Ramil Usubov Yasamal Rayon Məhkəməsinə şikayətlə müraciət edərək, mənim diffamasiyada təqsirli bilinib, məhkum olunmağıma cidd-cəhdlə çalışmışdı. 26 sentyabr 2006-cı ildə Yasamal Rayon Məhkəməsi “Antibiotikin süqutu” məqaləsinə görə məni 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum etmiş və bir neçə dəqiqədən sonra CM-nin 70-ci maddəsini tətbiq edib, real cəzanı sınaq müddəti ilə əvəz etmişdi. Azad fikrə və jurnalist təhqiqatı janrına qarşı yönəlmiş bu məhkəmə hökmündən apelyasiya şikayəti verib Avropa Məhkəməsinə qədər yolun qət edəcəyinə qərar vermişdim. Lakin Apelyasiya Məhkəməsi ərəfəsində Ramil Usubovun səlahiyyətli nümayəndəsi, Daxili İşlər Nazirliyinin hüquqşünası Dableykə Quliyev mənə barışıq təklifi ilə müraciət etmiş və Avropa Məhkəməsinə şikayətlə müraciət etməyəcəyim təqdirdə Apelyasiya Məhkəməsində cəzamın 1 ilə qədər azaldacağını, bir neçə aydan sonra isə tam ləğv ediləcəyini mənə vəd etmişdi. Biz Dableyka Quliyevlə bir centlmen barışıq sazişi bağladıq və mən hökmdən kasasiya şikayəti vermədim. Sonradan mən başqa ittihamlarla və siyasi sifarişlə həbs edildim. Cəzalar toplananda Ramil Usubovun mənə verdiyi cəzanı məhkəmə ləğv edərək, onu 1 aylıq real cəzaya çevirdi və digər cəzalara birləşdirdi. Avropa Məhkəməsinə şikayətlə müraciət edəndə mən Ramil Usubovun cəzasından şikayət vermədim, çünki bu bizim D.Quliyevlə bağladığımız centlmen razılaşmasını pozmuş olardı. Mən heç vaxt prinsiplərimi pozmamışam və çalışmışam verdiyim sözə sona qədər əməl edim. Ancaq, Ali Məhkəmənin Plenumu Apelyasiya Məhkəməsinin 22 dekabr 2006-cı il tarixli hökmünü ləğv edərək, Yasamal Rayon Məhkəməsinin 26 sentyabr 2006-cı il tarixli hökmü ilə aldığım 2 illik şərti cəzanı real cəzaya çevirib. Məhz bu cəzanı da mənə qarşı tətbiq edib. Amma nədənsə Plenum cəzamın əvvəlini 26 sentyabr 2006-cı ildən deyil, 3 iyul 2007-ci ildən hesablayıb. Belə çıxır ki, MTN-in təcridxanasında saxlandığım 9 ay ərzində yaşadığım iztirablar, 12 saylı cəzaçəkmə müəssisəsində keçirdiyim müsibətlər Hacı Məmmədovun dəstəsini və bu dəstəyə himayə edən qüvvələri tənqid etdiyimə görədir. Ali Məhkəmənin Plenumun qərarından belə nəticə hasil olunur. Belə bir rüsvayçı durumda nə etməli?

Mən çox şadam ki, Ali Məhkəmənin Plenumu “Antibiotikin süqutu” məqalələr toplusuna yeni nəfəs verdi. Diffamasiya ilə bağlı bu işi hüquqi məkana qaytarmaqla üzümüzə Ramil Usubovun işi ilə bağlı məsələdə də Avropa Məhkəməsinin qapılarını açdı. Qoy avropalı hakimlər və hüquqşünaslar Azərbaycan polisi haqqında maraqlı detektivlər oxusun və ədalətli qərar versin”, - deyə cənab Fətullayev açıq məktubunda qeyd edir.

Vəkil Elçin Sadıqov “Amerikanın səsi” radiosuna müsahibəsində jurnalistlə bağlı məhkəmənin nə qədər həbs qərarı verdiyini hesablaya bilmədiyini deyib. Onun sözlərinə görə, hazırda hər hansı məhkəmənin E.Fətullayevlə bağlı həbs qərarı qüvvədə deyil. “E.Fətullayevin həbsdən azad edilməsi barədə Avropa Məhkəməsinin qərarının icrası barədə Azərbaycan Ali Məhkəməsinin Plenumu qərar qəbul edib. Amma jurnalistin nə qədər həbsdə qalacağı barədə qərar yoxdur. Belə görünür ki, jurnalist sonsuzluğa qədər həbsdə qala bilər. Hər şey siyasi iradədən asılıdır”, - deyə o qeyd edib.

Vəkilin sözlərinə görə, Avropa Şurasının Nazirlər Komitəsi noyabrın 30-da Avropa Məhkəməsinin jurnalistlə bağlı qərarının yerinə yetirilmə vəziyyətinə baxıb. “Çox yəqin ki, Avropa İnsan Hüquqları Məhkəməsi yaxın zamanda Eynulla Fətullayevlə bağlı yeni qərara qəbul edəcək”,- deyə o qeyd edib.

XS
SM
MD
LG