Accessibility links

Vəkil: Vidadi İsgəndərovun məhkəməsi pis hazırlanmış komediyadır


Vəkil: Vidadi İsgəndərovun məhkəməsi pis hazırlanmış komediyadır
Vəkil: Vidadi İsgəndərovun məhkəməsi pis hazırlanmış komediyadır

Deputatlığa keçmiş namizəd Vidadi İsgəndərov aprelin 17-də siyasi müxalifətin icazəsiz mitinqində iştirak etdiyinə görə həbs olunub. Lakin, mayın 2-də ona qarşı yeni ittihamlar irəli sürülüb - guya, o, parlament seçkisi və seçkiqabağı kampaniya zamanı Göyçay seçki komissiyasının normal iş rejimini pozub.

Hüquq müdafiəçisi, 2010-cu il parlament seçkilərində deputatlığa namizəd Vidadi İsgəndərovun vəkili Xalid Bağırov Amerikanın Səsi radiosuna müsahibəsində məhkəməni “pis hazırlanmış komediya” adlandırıb.

Onun fikrincə, Vidadi İsgəndərov aprelin 17-də siyasi müxalifətin icazəsiz mitinqində iştirak etdiyinə görə həbs olunub. Lakin, mayın 2-də ona qarşı yeni ittihamlar irəli sürülüb - guya, o, parlament seçkisi və seçkiqabağı kampaniya zamanı Göyçay seçki komissiyasının normal iş rejimini pozub. Belə ki, 6-cı məntəqə seçki komissiyasının sədri yazılı şəkildə İsgəndərovu seçki günü səsvermə qutusunu oğurlamaqda ittiham edib. Qutunun içində seçki bülletenləri ilə yanaşı sədrin və onun müavininin qızıl əşyaları da daxil olmaqla, zinət əşyaları olub.
İttiham üzrə əsas şahid ruhi xəstədir ki, bu da məhkəmə işi üçün yolverilməzdir. Bundan əlavə, şahidlərin bir qismi İsgəndərovun seçki komissiyasının işinə müdaxilə etdiyini təsdiqləməyib və onu tanımadığını bildirib. Seçki Məcəlləsinin 104.8-ci maddəsinə əsasən seçki bülleteni verilərkən onun nömrələnmiş sol küncü seçki komissiyasının üzvü tərəfindən qoparılır və onda qalır. Vidadi İsgəndərov seçki məntəqələri açılarkən qutulara atılmaq üçün hazır olan bülletenlərin stol üstündə olduğunu videoya çəkib. O, vətəndaşı öz iradəsinə zidd səs verməyə məcbur etmə və ya onun səs verməsinə mane olmada, qanunsuz hərəkətlərlə seçiciləri öz tərəfinə çəkməkdə, səlahiyyətli şəxslərin və müşahidəçilərin hüquqlarına hörmətlə yanaşmamaqda ittiham olunub. Bundan əlavə, o, namizədlərdən birinin şəxsiyyətini təhqir etməkdə ittiham olunur.

Vəkil hesab edir ki, işin rayon prokurorluğu tərəfindən deyil, Baş Prokurorluq tərəfindən aparılması onun siyasi xarakterli olmasından xəbər verir. O, İsgəndərovun ağır şəraitdə saxlandığını, gəzintiyə çıxarılmadığını bildirib. Vəkil hökmün obyektiv olacağına ümid etmir və güman edir ki, Strasburq məhkəməsinə şikayətin verilməsi məqsədilə iş yuxarı məhkəmə orqanlarına çıxarılacaq.

Hüquq müdafiəçisi seçkilər dövründə hökuməti, məmurları kəskin tənqid edib. Hüquq-mühafizə orqanlarını korrupsiya və rüşvətlə məşğul olan məmurların hərəkələrinə hüquqi qiymət verməyə çağırıb. Cənab İsgəndərov televiziya ilə çıxışında çoxsaylı ifşaedici faktlara müraciət edib. Bununla yanaşı, onun çıxışında göstərdiyi faktlara hələ də qiymət verilməyib.

Xatırladaq ki, 2010-cu il 7 noyabr parlament seçkilərindən sonra Vidadi İsgəndərov namizəd olduğu 89 saylı Ağdaş-Göyçay seçki dairəsində seçkilərin saxtalaşdırılmasına dair video və maddi sübutları hüquq-mühafizə orqanlarına təqdim edib. Ancaq, onun özü ittiham olunub və barəsində cinayət işi qaldırılıb. Yarım ildən sonra - mayın 2-də həbs edilib. Bundan əvvəl isə cənab İsgəndərov müxalifətdə olan İctimai Palataya üzv olub, və qurumun etiraz aksiyalarında iştirakına görə iki dəfə inzibati qaydada həbs edilib.

Öz növbəsində, Mərkəzi Seçki Komissiyası və rəsmi hakimiyyət parlament seçkilərinin azad, ədalətli və demokratik şəraitdə keçdiyini bəyan edib. Mərkəzi Seçki Komissiyası seçkilər zamanı baş verən qanun pozuntularının seçkilərin nəticələrinə təsir etmədiyini bildirib.

XS
SM
MD
LG