Accessibility links

Vəkillər müxalifət fəallarına bəraət istəyib


Vəkillər müxalifət fəallarına bəraət istəyib
Vəkillər müxalifət fəallarına bəraət istəyib

Sentyabrın 30-da müxalifət fəalları məhkəmədə son çıxışlarını edəcək.

İctimai Palatanın 2 aprel mitinqində iştiraka görə həbs edilən 4 müxalifət fəalının Səbayel rayon məhkəməsində davam edən məhkəmə prosesində müdafiə tərəfi çıxış edib.

Vəkili Anar Qasımlı bildirib ki, cinayət işi siyasi sifarişdir və müxalifət fəalları siyasi fəaliyyətinə görə həbs olunub.

Vəkillər məhkəmədən fəallara bəraət verməsini xahiş edib. “Sonda elə qərar çıxarın ki, millətin vicdanı ləkələnməsin”- deyə Anar Qasımlı çıxışını bitirib.

Digər vəkillər də müdafiə çıxışlarında cinayət işinin qondarma olduğunu, şahid ifadələrinin, ekspertiza rəylərinin həqiqət və reallığı əks etdirmədiyini vurğulayıb.

Sentyabrın 30-da davam edəcək məhkəmə prosesində təqsirləndirilənlər son sözlə çıxış edəcək. Həmçinin bu prosesdə Müsavat başqanı İsa Qəmbər, Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli iştirak edib.

Səbayel rayon məhkəməsinin ətrafında çoxlu sayda polis əraziyə nəzarət edib. Proses qurtarandan sonra gənc fəallar və partiyanın üzvləri məhkəmə binasının qarşısında “Azadlıq”, “İstefa” şüarları səsləndirib.

Bazar ertəsi dövlət ittihamçı Ceyhun Kazimov çıxış edib. O, məhkəmədən ittiham edilənlərin cinayət məcəlləsinin 233-cü (ictimai asayişin pozulmasına yönələn hərəkətlərin təşkili) maddəsilə təqsirli sayılaraq “Müsavat” partiyasının mərkəzi icra aparatının rəhbəri Arif Hacılının, bu partiyanın gənclər təşkilatının sədri Tural Abbaslının, AXCP-ni şöbə müdiri Məhəmməd Məcildinin 3, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının isə 2,5 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib. İstintaq müddətində F.Qəhrəmanlı sərbəst qaldığı üçün prokuror onun məhkəmə zalında həbsə alınmasını təklif edib.

XS
SM
MD
LG