Accessibility links

Jurnalistləri və müxalifəti müdafiə edən vəkillər müxtəlif şikayətlərlə Kollegiya üzvlüyündən xaric edilir

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində vəkil Elçin Sadıqov Vəkillər Kollegiyasında ona qarşı təzyiqlərlə bağlı mətbuat konfransı keçirib. “Mənə qarşı təzyiqlər son dövrlər vəkillərə qarşı aparılan repressiyaların tərkib hissəsidir”, - deyə o qeyd edib.

Vəkilin sözlərinə görə, hazırda Vəkillər Kollegiyası Elçin Sadıqova qarşı intizam icraatı aparır. “İntizam İcraatına əsas kimi Bakı şəhəri Mirzağa Əliyev küçəsi, 10-da yaşayan Bayram Əliyev adlı bir şəxsin məndən şikayəti götürülüb. Həmin şəxsi tanımıram və şəxsiyyəti barədə hər hansı məlumata malik deyiləm. B.Əliyev şikayətində bildirib ki, guya mən xarici səfirlərlə görüşürəm və müxalifətçi deputatlarla əlbir olub külli miqdarda pul əldə etmişəm. 2013-cü ildə prezident seçkilərində jurnalist Eynulla Fətullayevi prezident seçdirəcəm və özüm də Vəkillər Kollegiyasının sədri olacam. Bu şikayət əsasında Vəkillər Kollegiyası mənim fəaliyyətimi araşdırır”.

Vəkillər Kollegiyası vəkildən əaliyyəti ilə bağlı sənədlər tələb edib . “Bu “Vəkillik və vəkillik fəaliyyəti haqqında” qanuna ziddir. Çünki qanuna görə müştərilərlə və vəkillik fəaliyyəti ilə bağlı məlumat vəkillik sirri sayılır. Mən, Vəkillər Kollegiyasının münasibəti ilə bağlı ölkə prezidentinə, Prezident Administrasiyasının rəhbərinə və Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdirinə müraciət etmişəm”, - deyə o vurğulayıb.

Elçin Sadıqov bir qayda olaraq məhkəmələrdə jurnalistləri müdafiə edib. “Azadlıq” qəzetinin müxbiri Aqil Xəlili müdafiə edən zaman 2008-ci il aprelin 4-də məni 19 saat 40 dəqiqə Milli Təhlükəsizlik Nazirliyində saxlayıblar. 2010-cu il aprelin 1-də jurnalist Eynulla Fətullayevin işi ilə bağlı MTN-ə çağırılmışam. 2011-ci ilin aprelində guya bir müştərimin telefon zənginə cavab vermədiyimə görə barəmdə intizam araşdırması başlayıb və sonra şikayətçi şikayətindən imtina edib. Bu il sentyabrın 16-dan isə Bayram Əliyev adlı şəxsin şikayəti əsasında barəmdə intizam araşdırmasına başlanıb. Dəfələrlə jurnalistlərin hüquqlarını müdafiə etdiyimə görə xəbərdarlıq edilmişəm”, - deyə o bildirib.

Xatırladaq ki, Azərbaycanda yalnız Vəkillər Kollegiyasının üzvü olan vəkillər cinayət işlərini müdafiə etmə hüququna malikdir. Vəkillərin vəkillik fəaliyyəti ilə bağlı icazə hüququna malik ikinci təşkilat mövcud deyil. Vəkillər Kollegiyası isə son illərdə jurnalistlərin və müxalifətdə olan siyasi fəalların hüquqlarını müdafiə edən vəkilləri müxtəlif şikayətlər əsasında kollegiyadan xaric edib. Belə ki, son zamanlar bu siyahıya vəkillər Elçin Namazov, Xalid Bağırov, Arzu Alıyeva, Həzi Məmmədov, Akif Məmmədov, Namizəd Səfərov, Lətifə Əliyeva və digərləri daxildir. Vəkillər Kollegiyasının fəal vəkillərə qarşı hərəkətləri son zamanlar beynəlxalq qurumlar, o cümlədən bir sıra demokratik ölkələr tərəfindən tənqidə məruz qalıb. Qabaqcıl beynəlxalq praktikada vəkillik institutu müstəqil fəaliyyət aparır. Hətta alternativ istintaq hüququna malikdir və məhkəmələr bu istintaqı tanıyır. Vəkillik lisenziyasını isə ictimai təşkilatlar deyil, ədliyyə qurumları verir. Məsələn, Amerikada hər ştatın ədliyyə sistemi onun qanunvericiliyini dərindən bilən hüquqşünaslara imtahan əsasında vəkillik lisenziyası verir. Azərbaycanda isə mütərəqqi praktika hələ ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının apardığı test imtahanlarıdır. Çünki artıq hökumət institutları da bu komissiya vasitəsi ilə apardıqları testlərdən müvəffəqiyyət qazanmış kadrlara üstünlük verir.
Hazırda Azərbaycanda fəaliyyət göstərən Vəkillər Kollegiyası üzvlərinin sayı 738 nəfərdir. Bakı şəhərində Vəkillər Kollegiyasının 25 qurumu, rayonlarda isə 16 vəkil qurumu fəaliyyət göstərir. 2004-cü ilin noyabr ayında yeni Vəkillər Kollegiyası təsis olunanadək vəkillərin sayı 370 nəfər olub. 2011-ci il iyunun 26-da keçirilən yazılı test imtahanında sənəd vermiş 605 nəfərdən 531 nəfəri iştirak edib. Bunlardan 177 nəfəri ixtisas imtahanının 1-ci mərhələsini keçib

XS
SM
MD
LG