Accessibility links

Vladimir Sokor Cənubi Qafqazdakı geosiyasi durumu şərh edir


Vladimir Sokor hesab edir ki, Türkiyənin Ermənistanla yaxınlaşma cəhdləri Azərbaycan rəhbərliyini narazı salıb

Vladimir Sokor hesab edir ki, Türkiyənin Ermənistanla yaxınlaşma cəhdləri Azərbaycan rəhbərliyini narazı salıb

Ceymstaun Fondunun eksperti Türkiyə-Azərbaycan münasibətlərinin pozulmasının səbəblərinə aydınlıq gətirir

Ceymstaun Fondunun Qafqaz üzrə eksperti Vladimir Sokor Amerikanın Səsinin Gürcüstan xidmətinə müsahibədə Cənubi Qafqaz dövlətlərinin üzləşdikləri sınaqlardan söz açıb. Onun sözlərinə görə bu ölkələrin öz müstəqilliklərini və ərazi bütövlüklərini təmin etməyin yolu Avropa ilə inteqrasiyadan keçir.

Gürcüstanın üzləşdiyi durumla bağlı şərh verən cənab Sokor bildirdi ki, hazırda beynəlxalq qüvvələr arasında fəal müdaxilə üçün iştah yoxdur. Qərb dövlətləri üçün Gürcüstanda sabitlik başlıca prioritetdir. Nə qədər ki, münaqişə yoxdur, onlar indiki vəziyyətdən razıdırlar. Cənab Sokor yaxın zamanlarda qəfil dəyişikliyin baş verəcəyini güman etmir. O, daha çox proseslərin tədricən, uzun danışıqlar vasitəsilə təkamül edəcəyini düşünür. Bu prosesin sonunda əgər Gürcüstan müvəffəqiyyətlə Avropaya inteqrasiya edə biləcəksə onda o, Abxaziya və Cənubi Osetiyaya nəzarəti qaytarmaq mövqeyində ola bilər. Əslində Gürcüstanın separatçı regionlara verə biləcəyi yeganə həvəsləndirici amil bu regionların Avropaya inteqrasiyası perspektividir: “Gürcüstan dövləti hazırda Avropaya inteqrasiya kursundadır. Abxaziya və Cənubi Osetiya isə Rusiya ilə inteqrasiya kursundadırlar. Bu seçimlərdən hansı bu regionlarıın əhalisi üçün məqbul olardı? Aydındır ki, burada Avropa seçimi daha cəlbedici görünür.”

Lakin Sokorun fikrincə separatçı regionların Gürcüstana üz tutması xeyli müşkül məsələdir. Belə ki, bu regionlar avtoritar rejimlər tərəfindən idarə olunur. Həmin rejimlərə başçılıq edənlərə də Rusiya birbaşa nəzarət edir. Vladimir Sokor Gürcüstan rəhbərliyinin tərtib etdiyi reinteqrasiya planının ona nikbinlik üçün əsas verdiyini söyləyir. Bu plana əsasən Suxumi və Tsxinvali ilə təmasları saxlayan Tbilisi Avropaya sürətlə inteqrasiya edərək bu regionların əhalisinə daha yaxşı, firavan, azad həyat təklif edə bilər.

Regionda Türkiyənin enerji transziti kimi rolu barədə danışan Vladimir Sokor Rusiya-Türkiyə yaxınlaşmasının əsaslarına da toxundu. Onun sözlərinə görə təbii qaz resursları olmayan Türkiyə İran və Azərbaycan kimi regional dövlətlərdən qaz alaraq onu daha baha qiymətə avropalı alıcılara satmaq istəyir. Türkiyə ilə Azərbaycan arasında münasibətlərin pisləşməsinə səbəb kimi də məhz cənab Sokor Ankaranın Bakı ilə qaz nəqli barədə danışıqlarını göstərdi. Onun sözlərinə görə Türkiyənin sabiq enerji naziri Azərbaycandan xeyli ucuz qiymətə qaz alaraq bunu Avropa bazarlarına çıxarmaq istəyirdi. Lakin sonda bu, münasibətlərin pozulmasına gətirib çıxardı və həmin nazir vəzifəsini tərk etməli oldu.

Cənab Sokor Azərbaycan-Türkiyə münasibətlərindəki başqa gərginlik nöqtəsini ABŞ-ın vasitəçiliyi ilə Türkiyə-Ermənistan yaxınlaşması ilə əlaqələndirdi. Rəsmi Vaşinqton daxildəki erməni lobbisini razı salmaq üçün sərhədlərin açılması ideyasını ortaya atdı və Türkiyədəki AKP hakimiyyətini buna sövq etdi. Nəticədə Sürixdə indi iflasa uğramış protokollar imzalandı: “Obama administrasiyası strategiya haqda unutdu. O, regiondakı münaqişələri həll etmək haqda unutdu. O, daxili siyasi məsələyə diqqət yetirməyi seçdi – ermənilərin səsləri. Administrasiya erməni soyqırımını tanımamasını kompensasiya etmək üçün onlara nəsə vermək istəyirdi.”

Cənab Sokorun fikrincə Türkiyənin Ermənistana reveransları Azərbaycan tərəfindən böyük qəzəblə qarşılandı. Belə ki, Azərbaycan sərhədlərin bağlı qalmasına öz əlində güclü təzyiq vasitəsi kimi baxır və erməni qüvvələrinin işğal edilmiş beş rayondan çıxarılması üçün status-kvonun saxlanmasını zəruri hesab edir. Sonradan Türkiyə hökuməti Azərbaycanın gücülü ictiami və siyasi təzyiqləri altına öz kursundan geri çəkilməyə məcbur oldu.

Vladimir Sokorun fikrincə Türkiyədə hələ də sərhədlərin açılmasının tərəfdarları qalır ki, bunların sırasında Türkiyə prezidenti Abdulla Gül xüsusi çəkiyə malikdir. O, güman etdiyini bildirdi ki, Türkiyədəki növbəti parlament seçkilərindən sonra vəziyyətdə müəyyən dəyişiklik yarana bilər. Lakin bütün hallarda o, əmin olduğunu söylədi ki, Türkiyə Ermənistanla münasibətlərində Azərbaycanın maraqlarını nəzərə almağa çalışacaq.

XS
SM
MD
LG