Accessibility links

Vətəndaş cəmiyyəti təmsilçiləri Azərbaycanda gənclərin aksiyasını dəstəkləyir


Vətəndaş cəmiyyəti təmsilçiləri Azərbaycanda gənclərin aksiyasını dəstəkləyir

Vətəndaş cəmiyyəti təmsilçiləri Azərbaycanda gənclərin aksiyasını dəstəkləyir

Vətəndaş cəmiyyəti təmsilçilərinin bəyanatında vətəndaşlar etiraz səslərini qaldırmağa və hakimiyyətin repressiyalarına müqavimət göstərməyə çağırılır. Facebook sosial şəbəkəsində 11 Mart - Böyük Xalq Günü qrupun martın 11-də virtual etiraz aksiyasında iştirak üçün 30 mindən çox istifadəçiyə sorğu göndərib.

Azərbaycan vətəndaş cəmiyyətinin bir qrup təmsilçisi bu gün keçirdiyi toplantıda hakimiyyəti gənc fəallara qarşı repressiyalara son qoymağa çağırıb. Onlar bu günlərdə həbs edilmiş gənc fəallar Cabbar Savalan, Bəxtiyar Hacıyev və Dəyanət Babayevin dərhal azad edilməsini tələb edib.

Müxalifətdə olan Xalq Cəbhəsi Partiyasının üzvləri Cabbar Savalan fevralın 5-də qanunsuz narkotik saxlamaq, Dəyanət Babayev martın 4-də ictimai asayişi pozmaq ittihamı ilə saxlanıb. Keçmiş deputatlığa namizəd Bəxtiyar Hacıyevin barəsində isə martın 4-də hərbi xidmətdən yayınma qittihamı ilə bir ay həbs qəti imkan tədbiri seçilib.

Vətəndaş cəmiyyəti təmsilçilərinin bəyanatında vətəndaşlar etiraz səslərini qaldırmağa və hakimiyyətin repressiyalarına müqavimət göstərməyə çağırılır. “Güc strukturları, məmurlar və hakimlərdən vətəndaşlara qarşı zorakılıqdan imtina etməyi və qanunsuz siyasi əmrləri icra etməməyi tələb edirik”, - deyə sənəddə qeyd edilir.

Xatırladaq ki, son günlər bir neçə gənc Facebook sosial şəbəkəsində 11 Mart - Böyük Xalq Günü (11 March - Great People's Day in Azerbaijan) qrupunda birləşərək martın 11-də virtual etiraz aksiyasında iştirak üçün 30 mindən çox istifadəçiyə sorğu göndərib. Qrup üzvləri insanları Azərbaycan iqtidarının siyasətinə qarşı etiraz etməyə çağırır.

11 Mart - Böyük Xalq Günü qrupunun tərəfdarları insanları aksiyaya cəlb etmək məqsədi ilə səhifələrində videoroliklər yerləşdirib. Videoroliklərdən birində Bakının mərkəzi meydanlarından birində binalardan çağırış vərəqələri yayıldığı təsvir edilib. Hazırda etiraz aksiyası ilə bağlı Azərbaycanda geniş şayiələr də yer alıb.

Qrupun təklif etdiyi şüarlarda Misir diktatorunun gedişindən 1 ay sonra, Azərbaycandakı rejimə qarşı sivil və təxribatsız şəkildə mübarizə aparmaqla bağlı təkliflər var. “El gücü, sel gücü!, Biz inandıq, Siz də inanın!, Zəfər indi bizim yanımızdadır, azadlığımız yaxın!, Azərbaycan xalqı öz böyüklüyünü rejimə və dünyaya göstərəcək!”, - deyə gənclər bildirir.

Vətəndaş cəmiyyəti təmsilçilərinin toplantısında ölkədəki durum dramatik adlandırıb. “Gənclərə qarşı təzyiqlər artır. Cabbar Savalanın həbsindən sonra Bəxtiyar Hacıyev və Dəyanət Babayev də həbs olunub. Vəziyyət dramatik şəkil alır. İş o yerə çatıb ki, hakimiyyət facebook sosial şəbəkəsində gəncləri təqib edir, saxta profillər vasitəsilə təhqir edir və hədələyir. Vətəndaş cəmiyyəti bununla barışmayacaq", - deyə Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu bildirib.

Hüquqi Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev gəncləri dəstəklədiyini bildirib. “Bütün vətəndaşların, o cümlədən gənclərin Konstitusiyada təsbit edilmiş toplaşmaq azadlığı hüququ var və cəmiyyət gənclərin təqibini sakitcə seyr etməməlidir”.

Jurnalist Şahvələd Çobanoğlu Azərbaycan hakimiyyətinin həbslərlə bağlı bir qayda olaraq eyni üsullardan istifadə etdiyini deyib. “Hakimiyyət həmişə həbsləri demoqoqiya üsulları ilə həyata keçirir”.

Hüquq müdafiəçisi İlqar İbrahimoğlu vətəndaşların hüquq və azadlıqlarının, şərəf və ləyaqətlərinin total şəkildə pozulduğunu bildirib. “Vətəndaş cəmiyyətini səylərini birləşdirməyə çağırıram. Necə olur ki, Azərbaycanda gənc fəallar narkoman, bərkdən danışan, polisə müqavimət göstərən, dindarlar isə qatı cinayətkar olur. Mən hakimiyyəti demoqoqiyadan əl çəkməyə və insanların azadlıqlarına hörmət etməyə çağırıram”.

Öz növbəsində, Azərbaycan Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Bakı şəhərində martın 11-də kütləvi aksiyaların keçirilməsi ilə bağlı yayılan çağırışlara münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətindən AzəriPress Agentliyinə bildirilib ki, istər ölkə paytaxtında, istərsə də bölgələrdə kimlərinsə və ya hansısa siyasi qüvvələr tərəfindən icra strukturları ilə razılaşdırılmamış hər hansı kütləvi aksiyanın keçirilməsinə imkan verilməyəcək: “Birmənalı olaraq bildiririk ki, icra strukturları ilə razılaşdırılmamış aksiyaların qarşısı daxili işlər orqanları tərəfindən qətiyyətlə alınacaq”, - deyə nazirlik insanları xəbərdar edib.

XS
SM
MD
LG