Accessibility links

Wall Street Journal: Rusiya Qalxır?

  • Əsgər Möhsümoğlu

Wall Street Journal: Rusiya Qalxır?

Wall Street Journal: Rusiya Qalxır?

“Sovet İttifaqının dağılmasından bəri dünyada ən böyük faciələrdən biri Rusiyanın Bonapartizmə sürüklənməsi oldu. Odur ki, şənbə günü bütün Rusiya boyu düzənlənən nümayişlər azacıq da olsa ümid hissi yaradır ki, rus xalqı siyasi əsarətə əbədi boyun əyməyəcək,” deyə Wall Street Journal qəzetinin redaksiya məqaləsində bildirilir.

Nümayişlərin miqyası o qədər böyük idi ki, hətta funksiyası hökumətə yaltaqlanmaq olan dövlət telekanalları da etiraz aksiyaları haqda məlumat verməyə məcbur oldular. Nümayişçilərin arasında rus cəmiyyətinin bütün zümrələri təmsil olunurdu: kommunistlər, liberallar, yaşlılar, gənclər. “Putin Get!” şüarı hamını birləşdirmişdi.
Redaksiya heyətinin fikrincə rus xalqını qəzəbləndirən əsas amil Putinin rus dövlətini oyuncağa çevirmək cəhdi, xalqın istəklərini amiranə şəkildə öz istəklərinə tabe etmək məramı idi.

Ancaq ilk dəfə olaraq Putin və onun silovikləri artan xalq etirazının qarşısında aciz qalıblar. Əvvəlcə Putin və onun əlaltıları adətlərinə uyğun olaraq anti-Amerika kartını ortaya atdılar. Sən demə, on minlərlə rusu meydana ABŞ dövlət katibi Hillari Klinton çıxarıb. Amma şənbə günü Kreml avazını dəyişdi. Belə məlum oldu ki, nümayişlər Rusiyada demokratiyanın mövcudluğuna işarədir.

Etiraz dalğasının haraya gedəcəyini bilmək çətindir. “Putin mart ayında prezident seçkilərini sual altına alacaq tənqid dalğasına dözmək fikrində deyil. Rəsmi müxalifət – kommunistlər və millətçilər Kremlin cibindədirlər. Demokratların lideri yoxdur, çünki hökumət uzun illər həqiqi müxalifət liderinin meydana çıxmasını əngəlləyib.” Wall Street Journal yazır.

Amma ola bilsin ki, bu dəfə Rusiyada etiraz dalğasını söndürmək o qədər də asan olmayacaq. Hər halda ruslar ərəb inqilablarından öyrəndilər ki, nümayişlərin miqyası böyük olanda hökumət üçün onları əzməyin qiyməti də xeyli bahalaşır. Putin əmin idi ki, xalqın rifah halına minimum diqqət yetirməklə, onun siyasi azadlıqlarını boğa biləcək. Amma reallıq göstərir ki, Putinin növbəti 12 illiyə hakimiyyəti qəsb etmək planları rus cəmiyyətini fundamental şəkildə oyadıb.

XS
SM
MD
LG