Accessibility links

Ümumdünya Ərzaq Proqramının bildirdiyinə görə, son iki ildə İraqın şimal bölgəsində İŞİD-in nəzartətində olan şəhərin 30 mindən çox əhalisinə ərzaq çatdırılıb.

İki ildən çox bir müddət ərzində yardım işçilərinin Mosuldan 60 km. cənubdakı Qayarrah şəhərinə daxil olması qadağan idi. İslam Dövləti qrupunun həmin ərazidə mövqelərini itirməsi Ümumdünya Ərzaq Proqramı və digər təşkilatlara aclıq və səfalət çəkən minlərlə insana yardım etmək üçün imkan yaratdı.

Təşkilatın sözçüsü Bettina Leçer özünün işlədiyi və digər humanitar yardım təşkilatlarının şəhərdə və onun ətrafında humanitar vəziyyəti dəyərləndirə bildiyini və orada qalan insanların ərzağa və başqa yardıma böyüik ehtiyacı olduqlarını deyib. “Bütün mağazalar ya dağılıb, ya da bağlıdır. Ərzaq ehtiyatları tükənib. İnsanlar yalnız buğda ilə dolanır. Neft buruqlarının qara tüstüsü şəhəri bürüyüb.”

Ümumdünya Ərzaq Proqramı təşkilatı yerli tərəfdaşları olan Müsəlman Yardımı və Qadın İnkişaf Təşkilatının köməyi ilə bir ay ərzində 30 mindən çox insanı kifayət qədər ərzaqla təmin edib. Bu təşkilatlar şəhərin ətrafındakı qaçqın düşərgəsində məskunlaşan və ailələrə sığınan iki minə qədər insana da ərzaq çatdırıb.

Bettina Leçer ağır döyüşlərin getdiyi bölgələrə yol tapmağın vacib olduğunu deyib. O, Ümumdünya Ərzaq Proqramının Mosula gedən koridorda yaşayan insanlara da ərzaq yardımı etdiyini bildirib. "Keçən ay Mosuldan 130 minə qədər insan yaxınlıqdakı ərazilərə qaçıb. Çox sayda insan Mosul yaxınlığındakı tikintisi başa çatmamış binalara sığınıb. Biz həmin insanları məskunlaşdlqları yerlərdə, müvəqqəti tranzit mərkəzlərində 72 saat ərzində tapır və hazır yeməklə təmin edirik.”

Ümumdünya Ərzaq Proqramı təşkilatı və digər yardım agentlikləri İraq hökumət qüvvələrinin Mosulun nəzarətini İslam Dövləti qrupundan geri almaq uğrunda döyüşlərə hazırlıqlar gedən vaxt, bu ərazidə öz əməliyyatlarını genişləndirdikləri haqda məlumat verib. BMT münaqişəyə görə iki milyondan çox insanın öz yerlərini tərk edə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Leçer onu da əlavə edib ki, Almaniyanın təxminə 28 milyonluq yardımı Mosul bölgəsindəki insanları ərzaqla təmin etməyə imkan verib. Lakin o bu ilin sonuna qədər sayı artacaq qaçqınlara yardım üçün əlavə 106 milyon dollar vəsaitə ehtiyac olduğunu deyib.

XS
SM
MD
LG