Accessibility links

Contact.az saytı WIKILEAKS-ə istinadən Azərbaycan-Amerika görüşü barədə yazıb


WikiLeaks-in yaydığı 'məlumatlara' Avropada bəzi qəzetlər geniş yer verib

WikiLeaks-in yaydığı 'məlumatlara' Avropada bəzi qəzetlər geniş yer verib

Azərbaytcanın Contact.az saytı WIKILEAKS-ə istinadən 2009-2010-cu illərdə Amerikanın Azərbaycandakı səfirliyindən Dövlət Departamentinə göndərildiyi iddia olunan 10 teleqramı açıqlayıb

Azərbaycanın Contact.az saytının bildirdiyinə görə İsveçin Wikileaks saytı Amerikanın məxfi sənədlərinin növbəti hissəsini dərc edib. Sənədlərin arasında 2009-2010-cu illərdə Amerikanın Azərbaycandakı səfirliyindən Dövlət Departamentinə göndərilmiş 10 teleqramın da olduğu irəli sürülür.

Azərbaycanın Contact.az saytının yaydığı məlumata görə həmin teleqramlardan biri də, bu il fevralın 25-də Dövlət Katibinin müavini Uilyams Börns ilə prezident İlham Əliyevin Bakı görüşünün məzmunundan bəhs edir.
Belə ki, saytda yazıldığına görə enerji əməkdaşlığına dair məsələdə cənab Əliyev deyib ki, “əgər türklər konstruktuvlik göstərərsə, bu il qaz tranzitinə dair saziş bağlana bilər. Lakin o, Rusiya ilə enerji əməkdaşlığını inkişaf etdirən Ankaranın mövqeyindən təəccübləndiyini bildirib.“ Türkiyənin energetika naziri Yıldız bizim Dövlət Neft Şirkətinin prezidentindən birbaşa soruşub: “Siz nə üçün bizim Rusiya ilə qaz əməkdaşlığımıza qısqanclıqla yanaşırsınız, bəyəm sizə Nabukko lazımdır?”, - o deyib. Contact.az saytının yazdığına görə sonra Əliyev nə üçün Rusiyaya qaz satmağa razı olduğunu açıqlayıb. Sayta Prezident Əliyevin belə dediyi yazılıb: “Moskva xahiş etdi və yaxşı qiymət təklif etdi. Lakin əsl səbəb başqadır. Bu, bizim türkiyəli dostlarımız üçün göstəricidir ki, bu da onların qaz distribyuteri olmasına imkan vermir”.

Contact.az-ın WIKILEAKS-ə əsasən yazdığına görə Prezident Əliyev Ərdoğan hökuməti ilə məsafə saxladığını nümayiş etdirib, onun xarici siyasətinin sadəlövhlüyünü, İsraillə düşmənçiliyi üzündən ənənəvi dostları arasında itki ilə nəticələnən təşəbbüslərinin baş tutmamasını qeyd edib. Onun sözlərinə görə, “modernləşdirilmiş islam” siyasəti Ərdoğana fayda gətirməyəcək, onun Həması və Qəzza bölgəsini leqallaşdırmaq cəhdləri geniş dəstək qazanmayacaq.
Qarabağ mövzusundan danışan Börns üç azərbaycanlı əsgərin ölümü ilə bağlı baş sağlığı verib. Lakin prezident Əliyev deyib ki, vəziyyət sabitdir və bu cür faktlar gələcəkdə təkrarlana bilər. Börns cavab verib ki, bu, münaqişənin tezliklə dinc yolla həllini zəruri edir. Bununla bağlı, Əliyev nizamlanmanın baza prinsiplərinin reallaşması üçün ATƏT-in Minsk Qrupu tərəfindən bəzi mühüm addımların atılmasının vacibliyini vurğulayıb. Sayt Əliyevin aşağıdakı fikirləri səsləndirdiyini irəli sürür:
- Həmsədrlər ali rəhbərliklə işə diqqət yetirməli, həmsədr ölkələrin rəhbərləri isə dəqiq bildirməlidirlər ki, Dağlıq Qarabağın müstəqilliyi mövzusu müzakirə olunmur.
- əgər nizamlanmaya dair yeni təkliflər qəbul olunarsa, beynəlxalq izolyasiya tədbirləri tətbiq olunmalıdır. Hər şeydən əvvəl bu, Rusiyanın Ermənistana iqtisadi yardımının məhdudlaşdırılması olmalıdır.

Contact.az-da yazılır ki, Qarabağ nizamlanmasında Rusiyanın rolu barədə cənab Börnsün sualının cavabında prezident Əliyev deyib ki, o əmindir ki, prezident Medvedyevin səyləri səmimidir. O, şəxsən beş dəfə Azərbaycan və Ermənistan prezidentləri ilə görüşüb və nizamlanmada uğursuzluq Medvedyevin imicinə zərbə vurar. Saytda yazıldığına görə dövlət başçısı deyib ki, Soçidə Medvedyev irəliləyiş əldə olunması üçün Sarkisyana təzyiq göstərməyə çalışıb. “Lakin buna və Sergey Lavrovun Ermənistana səfərinə baxmayaraq, ermənilər nəinki yumşalmadılar, əksinə əldə olunmuş razılaşmalardan da geri çəkildilər”. Sonra o, Vladimir Putinin münaqişənin nizamlanması ilə bağlı fərqli düşüncəyə malik olduğunu güman etdiyini bildirib. Saytda yazıldığına görə “Mənim sübutum yoxdur, lakin bunu hiss edirəm”, - deyə Əliyev vurğulayıb.
O, Medvedyevi “yeni nəslin müasir intellektualı” adlandırıb, onun nəzarət etmədiyi adamlarla əhatə olunduğunu deyib. O həmçinin qeyd edib ki, Medvedyevin qəbul etdiyi qərarların sonradan reallaşmaq üçün təsdiqlənməyə ehtiyacı olduğunu görüb. Bu, əsasən baş nazirin ofisi tərəfindən əngəllənən dövlət sərhədinin demarkasiyası haqqında razılaşmaya aiddir.

Öz növbəsində, Azərbaycan Prezident Administrasiyasının Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Novruz Məmmədov APA agentliyinə bildirib ki, WIKILEAKS internet saytının Azərbaycan prezidentinin dövlət katibinin müavini ilə görüşü barədə yer alan məlumatlar real deyil .”Qeyd etmək istəyirəm ki, konkret bu görüş iki məsələyə həsr olunub, yəni, görüşün predmeti iki məsələ olub: birinci məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, ikinci məsələ isə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin inkişafı. Bildirmək istəyirəm ki, ümumiyyətlə Azərbaycan prezidentinin keçirdiyi görüşlərdə həmişə belə olub: bir qayda olaraq Azərbaycan prezidenti keçirdiyi görüşdə təmsil olunan tərəfin Azərbaycanla əlaqələrindən danışır. Belə görüşlər zamanı Azərbaycan prezidenti üçüncü tərəf və ya dövlət haqqında danışmır. Uilyam Börnslə görüş zamanı da belə olub. Yəni, dediyim iki məsələdən başqa heç bir dövlət barədə danışıq olmayıb”.


Cənab Məmmədov vurğulayıb ki, bu cür materialların dövlət katibinin müavini ilə olan görüşlə bağlı verilməsi də bir qədər təəccüb doğurur: “Belə çıxır ki, danışıq aparanın özünə onun nədən danışdığı haqqında sonradan məlumat verilir. Görünür, müxtəlif dövlətlər arasında münasibətləri korlamaq istəyən qüvvələr var və onlar bu istiqamətdə artıq müəyyən cəhdlər göstərirlər. Bu, təhlükəli tendensiyadır. Bizim qonşu dövlətlərlə münasibətlərimizin real vəziyyəti bu gün hamıya bəllidir. O cümlədən, ikitərəfli əməkdaşlıq sahəsində qonşu dövlətlərlə atdığımız addımlar göz önündədir. Bunu sübut etməyə heç bir ehtiyac yoxdur. Təkcə qardaş Türkiyə ilə bu illər ərzində gördüyümüz işlər beynəlxalq aləmdə son onilliyin ən mühüm və möhtəşəm layihələridir ki, bunların həyata keçirilməsində prezident İlham Əliyevin müstəsna xidmətləri var. Ola bilsin ki, müəyyən məqsədlərlə Xarici İşlər və digər nazirliklər səviyyəsində gedən danışıqlar daha böyük əhəmiyyət daşısın deyə, onların müəllifini dəyişiblər. Digər tərəfdən isə bu cür məsələlərin ATƏT-in Astana sammiti zamanı ortaya çıxarılması düşünməyə vadar edir. Yəni, bu məlumatların açıqlanması ilə sammitin keçirilməsinin üst-üstə düşməsi ümumiyyətlə beynəlxalq ictimaiyyət qarşısında suallar doğurur”, - deyə o qeyd edib.

XS
SM
MD
LG