Accessibility links

Wikileaks Azərbaycan prezidentinin xarakteri və hərbi sahə ilə bağlı iki teleqram açıqlayıb


Wikileaks Azərbaycan prezidentinin xarakteri və hərbi sahə ilə bağlı iki teleqram açıqlayıb
Wikileaks Azərbaycan prezidentinin xarakteri və hərbi sahə ilə bağlı iki teleqram açıqlayıb

Bakıda səfir vəzifəsini icra edən Donald Lu prezident İlham Əliyevi xarakterizə edərək onu Maykl və Sonni Korleone (“Xaç atası” romanı) qardaşları ilə müqayisə edib

Wikileaks saytı Amerika diplomatiyasının Azərbaycana dair üç yeni məxfi sənədini açıqlayıb. Bu barədə Azərbaycanın Contact.az saytı məlumat yayıb.
Sənədlərin birində Bakıda səfir vəzifəsini icra edən Donald Lu prezident İlham Əliyevi xarakterizə edərək onu Maykl və Sonni Korleone (“Xaç atası” romanındakı mafiozlar) qardaşları ilə müqayisə edib.
İlham Əliyevin fəaliyyətini təhlil edən diplomat qeyd edir ki, o, xarici və daxili siyasətdə tamamilə müxtəlif yanaşmalardan istifadə edir. Belə ki, xaricdən Qərblə inteqrasiya tərəfə addımlar atır, daxili siyasətdə isə addımlar daha avtoritar olur. Yanaşmalardakı bu cür ziddiyyətlər bəzilərinə Əliyevi Maykl və Sonni Korleone ilə müqayisə etməyə imkan verir.
Hər yerdə mövcud olan Heydər Əliyev isə Azərbaycan üçün Vito Korleonedir (mafioz klanın atası). Sənədin bölmələrinin başlıqları “Xaç atası”dakı frazalardan götürülüb.

“Bu, mənim ailəmdir, mən deyiləm”

İlham Əliyev atasından zəngin resursa malik dövləti mənimsəyib. O 2003-cü ildə seçkilərdə bu postu rəqabətsiz və debatlarsız, yaşı (41 yaş), “Pleyboy” obrazı, nailiyyətlərinin olmaması ilə əlaqədar liderliyə yararsız olması barədə şübhələrə baxmayaraq tutub. Lakin onun işə saldığı neft kəməri ölkənin rəsmi və qeyri-rəsmi xəzinəsini doldurur.
Prezident və onun tərəfdaşları dövlətin və özlərinin vəziyyətini qorumaq və müdafiə üçün sabitlik axtarışındadır. 2008-ci ildə yenidən seçildikdən sonra İlham Əliyev 2009-cu ilin martında referendum keçirdi və dövlət başçısının iki müddətə seçilməsinə qoyulan məhdudiyyəti ləğv etdi.
Əliyev hökuməti demək olar ki, dəyişməyib. Baş nazirin rolu xeyli dərəcədə zəif və şərtidir. Qohumluq əlaqələri, dinastik münasibətlər, inhisar şəbəkəsinin hazırlanması və nəzarətlə əlaqədar Əliyev administrasiyası bəziləri tərəfindən “mütəşəkkil cinayətkarlıq” kimi qəbul olunur. Odur ki, bəzi analitiklər tədricən İlham Əliyevi mafioz lideri kimi qəbul edir.

“Hec vaxt öz düşmənlərinizə nifrət etməyin. Bu, sizin fikrinizə təsir göstərir”

Sonni və Maykl Korleone qardaşlarının xarakteri İlham Əliyevə və onun ölkədəki və xaricdəki siyasətinə uyğundur.
Maykl uğurla balanslaşdırır, öz hakimiyyətinin məhdudlaşdığını anlayır, başa düşür ku, baş verənlər şəxsi deyil, yalnız biznesdir. Sonni isə əksinə çılğındır, öz gücünə inanır və Korleone ailəsinin təhqir olunmasına reaksiya verir. Onun fikrincə, biznes şəxsi xarakter daşıyır.

“Bu, biznesdir, şəxsi iş deyil” – balanslaşdırılmış xarici siyasət

İlham Əliyev öz atasından ağıllı, realist xarici siyasət mənimsəyib. Əsas məqsəd Azərbaycanın müstəqilliyinin və suverenliyinin saxlanması və möhkəmləndirilməsidir.
O, NATO-nu və avroatlantik siyasi qurumları regional təhlükəsizlik məsələsində iştiraka və Azərbaycan neft və qazının Rusiyadan yan keçməklə Qərbə tranziti siyasətini dəstəkləyir. Ancaq hərdən o, güclü qonşuları Rusiya və İran narahatlıqlarını bildirəndə sakit dayanır. Məsələn, Azərbaycan müntəzəm olaraq Rusiyanı Ermənistana silah göndərməkdə ittiham edir və Kollektiv Təhlükəsizlik Təşkilatı Müqaviləsində nümayişkaranə şəkildə iştirak etmir.
Eyni zamanda, Əliyev həmişə prezident Medvedyevlə öz münasibətlərini qabardır, tez-tez qeyri-rəsmi səfərlər edir, enerji məsələlərinə dair danışıqları davam etdirir, “Qazprom” ilə Dağıstana qaz nəqlinə dair kiçik, lakin rəmzi baxımdan mühüm sazişlər bağlayır.
Xarici siyasət sahəsində Əliyev bizneslə şəxsi məsələlər arasındakı fərqi saxlamağı bacarıb.
Odur ki, Azərbaycanın Ermənistanın işğal etmiş torpaqları güc yolu ilə azad etmək hüququna malikdir barədə bəyanatları lovğalıqdır. Əliyev nizamlanmanın baza prinsiplərinin hazırlanmasında Minsk Qrupu ilə konstruktiv işləyib, Ermənistan prezidenti Serj Sarkisyan ilə yaxşı münasibətləri olub.
Eyni hal Qarabağ münaqişəsi nizamlanmadan əvvəl Türkiyə ilə Ermənistanın yaxınlaşması məsələsinə də aiddir. Bununla bağlı tənqidlərə baxmayaraq, Əliyev ARDNŞ-ə Türkiyəyə neft tranziti və nəqlinə dair danışıqları davam etdirməyi tapşırıb və Bakıda heç kim BTC ilə neft ixracının azaldılması məsələsinə baxmağa cürət etməyib. Qaz tranzitinə dair danışıqlar ağır gedir, lakin Əliyev şübhəsiz ki, etiraf edir ki, Azərbaycan Türkiyə ilə münasibətləri poza bilməz və heç bunu istəmir də.

“Bir də bacıma toxunsan, səni öldürərəm”

Xarici siyasətdən fəqrli olaraq, Əliyev hesab edir ki, onun daxili siyasəti başqa məsələdir. Əsasən o, özü və ailəsinə dair hər şeyi çağırış və ya təhqir hesab edir. O və əhatəsi ölkənin demokratik inkişafına və Qərblə münasibətlərin zərərinə olsa belə, ən xırda məsələlərə reaksiya verirlər. Məsələn, gənc blogerlər Emin Millinin və Adnan Hacızadənin işi bu cür qisasa misaldır.
O, “Azadlıq” radiosunun onun dünyada ən böyük bayrağın qurulması barədə planlarına güldüyü üçün öz hiddətini bildirib.
Heydər Əliyev belə şeyləri heç zaman özünə rəva bilməzdi. Odur ki, burada jurnalistlər də daxil olmaqla, bir çoxları 90-cı illərin əvvəllərini nostalji hislərlə xatırlayır.

“Mən hiss eləmirəm ki, onların hamısını məhv eləməliyəm, sadəcə, onlar mənim düşmənlərimdir”

Əliyev öz siyasi məşhurluğuna ən minimum təhdidi belə aradan qaldırmaq üçün tədbirlər görür. Onun məqsədi siyasi vəziyyətdir. Məhz bu məqsədlə də 2009-cu ildə tələsik mart referendumu keçirilib və iki müddət prezident seçilməsinə qoyulan məhdudiyyət aradan qaldırılıb. Bu, varislik hüququna iddia edənlərin, o cümlədən prezidentin xanımının (Azərbaycan siyasətində ərinin rəqibi kimi baxılır) ümidlərini puç elədi.
Yaxşı kostyumlarda olan və ingilis dilini bilən, eyni zamanda daxili problemlərlə bağlı xoşagəlməz həqiqətlərə malik Əliyev qərbli qonaqlar üçün kosmopolit obraz yaradanda xarici siyasətdə onun ağıllı yanaşmalarında dissonans yaranır. Sual yaranır ki, reallıqda bunlar necə mövcud olur?
Bunun izahlarından biri odur ki, Əliyev öz daxili siyasətinin təhlükəsiz olmadığını hesab edir və öz atasının administrasiyasının rəhbəri Ramiz Mehdiyev də daxil olmaqla, köhnə qvardiyaya arxalanır.
Bəzən də özünə inamlı Əliyev tamam başqa bir adama çevrilir. Buna misal olaraq QHT haqqında qanunun sərtləşdirilməsi haqda təşəbbüslərin ləğvini göstərmək olar.

“Dostlarını yaxında, düşmənlərini isə daha da yaxında saxla”

Diplomat öz şərhində yazır ki, Azərbaycan daxili siyasətini də xarici siyasət kimi aparsaydı, bu, ABŞ-ın siyasətinə daha uyğun olardı. Tam miqyaslı demokratik islahatlar az ağlabatandır və bu regiondakı prezidentlər çox zaman öz postlarını könüllü olaraq tərk edirlər.
Azərbaycanda konsilyeri (klan başçısının müşaviri) rolunu çoxdan Ramiz Mehdiyev oynayır və biz həqiqətən də əmrlərin çoxunun İlham Əliyevdən gəlib-gəlmədiyini bilmirik. Biz jurnalistlərin həbsində, müxalifət liderlərinin boğulmasında, məscidlərin bağlanmasında, KİV-in məhdudlaşdırılmasında və ümumilikdə idarəetmədə Mehdiyevin “barmaq izlərini” görürük.

Kukla yoxsa kukla oynadan?

71 yaşında olan adamların səhhəti zəif olur. Hərçənd ki, bəzi istisnalar da olur. 41 yaşlı İlham Əliyev bundan sonra ölkəni konsilyerisiz də idarə bilər. Onun Mehdiyevi kiminlə əvəz edəcəyi isə məlum deyil, - deyə Donald Lu qeyd edir.

Contact.az saytı Wikileaks-in dərc etdiyi növbəti məxfi hesabat hərbi məsələləri əhatə edir. Bu, səfir Enn Dersin müdafiə naziri Səfər Əbiyevlə 14 mart 2009-cu ildə keçirdiyi görüş haqqında 19 mart 2009-cu il tarixli teleqramıdır.

Görüş zamanı nazir Əbiyev Qəbələ RLS-in ABŞ və Rusiya tərəfindən birgə istismarına etirazı olmadığını bildirib. Lakin o, 2012-ci ildə icarə müqaviləsinin müddəti başa çatdıqdan sonra RLS-in Rusiya tərəfindən icarəsi müddətinin artırılıb-artırılmayacağını dəqiq bilmir.
O, həmçinin Moskvaya səfərinin detalları və Rusiyanın Ermənistana kütləvi silah ixracı haqqında debatlar haqqında məlumatları bölüşüb.
Bundan başqa, Əbiyev mövqeyini dəyişib və mayda birgə "Regional cavab" hərbi təlimlərinin keçirilməsinə razılıq verib. Bu, Əbiyevin xarici işlər naziri Elmar Məmmədyarovla uzun sürən söhbətindən sonra baş verib. Lakin Əbiyev qeyd edib ki, bu təlimlər Rusiya və İranın narazılığına səbəb ola bilər.
Qəbələ RLS-in taleyi haqqında suala cavabda Əbiyev deyib: 2007-ci ilin sonlarında Rusiyanın müdafiə naziri Serdyukov Əbiyevə bildirib ki, Rusiya 2012-ci ildən sonra stansiyanın icarəsi müddətinin uzadılmasını istəyərdi. Əbiyev Putinin Rusiyanın artıq bu RLS-ə ehtiyacı olmadığı barədə bəyanatından təəccüblənmişdi. Buna cavabda Serdyukov bildirmişdi ki, "bu, çoxdan deyilib".
Armavirdə bu yaxınlarda istismara verilmiş RLS-ə gəlincə, Əbiyev bildirib ki, o, zəif stansiyadır və onun imkanları Qəbələ RLS-dən xeyli aşağıdır, baxmayaraq ki, ruslar bunun əksini iddia edir.
Bunun təsdiqi olaraq o, rusların Qəbələ RLS-in müasirləşdirilməsinə 1 mlrd. dollar yatırdığını, Armavirdəki stansiyaya isə cəmi 70 mln. dollar xərcləndiyini qeyd edib. Armavirdəki stansiyanın təsir radiusu 2500 km, Qəbələ RLS-in təsir radiusu isə 8500 km. əhatə edir.
Əbiyev həmçinin yanvarda Serdyukovla Moskvada keçirdiyi əvvəlki görüş barədə məlumat verib. Bu zaman Azərbaycanın 2008-ci ildə Ermənistana silah ixracından şikayəti müzakirə olunmuşdu.
Qeyri-rəsmi söhbət zamanı Serdyukov söhbəti kəsərək, bunda hər-hansı iştirakı inkar etmişdi. Lakin ikinci şüşə araqdan sonra o, Ermənistana silah ixracını etiraf etdi. Daha sonra Əbiyev Serdyukovdan sitat gətirib: "Siz öz prezidentinizin əmrlərini icra edirsiniz? Bax, mən isə iki prezidentin əmrlərini icra edirəm”.
Azərbaycan Müdafiə nazirliyinin mətbuat xidməti hesabatdakı məlumatları təkzib edib. Mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bildirib ki, nazirin səfirlə belə bir görüşünü xatırlamır və nəşr təxribata bənzəyir. “Mətnlə tanış olduqdan sonra doğrusu çox təəccüb elədim. Çünki mətbuat xidmətinin rəisi kimi müdafiə nazirinin demək olar ki, əksər görüşlərində, xüsusilə xarici ölkə səfirləri ilə görüşlərində iştirak edirəm. Onun ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Enn Dörslə keçirdiyi görüşləri də yaxşı xatırlayıram. Mən belə söhbətlərin şahidi olmamışam. Mətn həqiqətdən daha çox uydurmaya bənzəyir və ölkələrarası münasibətləri pozmağa yönəlmiş təxribat təsiri bağışlayır”, - deyə mətbuat xidmətinin rəisi qeyd edir.

Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında bildirib. Onun fikrincə, WikiLeaks resursunun yaydığı materiallar təxribat xarakteri daşıyır.

“Bu məlumatlar ölkələri, ölkələrin rəhbərlərini qarşı-qarşıya qoymaq məqsədilə və onlar arasında etimadsızlıq yaratmağa cəhd göstərilməsi üçün yayılıb. O materialların da arxasında hər halda böyük qüvvələr dayanır. Zaman gələcək və bilinəcək bu qüvvələr kimlərdir”, - deyə o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG