Accessibility links

WikiLeaks saytı iddia edir ki, heroininin böyük hissəsi İran üzərindən Azərbaycana gəlir


WikiLeaks saytı iddia edir ki, heroininin böyük hissəsi İran üzərindən Azərbaycana gəlir
WikiLeaks saytı iddia edir ki, heroininin böyük hissəsi İran üzərindən Azərbaycana gəlir

Sayt Amerika məxfi diplomatik teleqramları arasından Azərbaycanla bağlı daha üç sənəd yayıb.

WikiLeaks saytı Amerika məxfi diplomatik teleqramlarına istinad edərək İrandan Avropaya göndərilən heroinin miqdarının həddən artıq artdığı irəli sürülüb. Bununla bağlı olaraq “Yeni Müsavat”, İngiltərənin "Guardian", Almaniyanın "Die Welt" və Norveçin "Aftenposten" qəzetləri məlumat yayıb.

Norveçin "Aftenposten" qəzetinin yazdığına görə bununla bağlı məlumat BMT-nin Bakıdakı Narkotiklər və Cinayət İdarəsinə məxsusdur. Teleqramda iddia edilir ki, Azərbaycana narkotiklərin 95 faizi İrandan gəlir. Teleqram barədə detallar Almaniyanın "Die Welt" qəzeti tərəfindən də çap edilib. Teleqramda bir BMT rəsmisinə istinad edilərək qeyd olunur ki, İrandan narkotik vasitələrin 85 faizi quru yolundan qalanı isə dəniz yolundan Azərbaycana gətirilir.

Musavat sayta istinadən bildirir ki, teleqramları Birləşmiş Ştatların Bakıdakı keçmiş səfiri Enn Dersi göndərib və İranın Azərbaycan üzərindən Avropaya tonlarla heroin ötürməsindən bəhs edir. Qəzetin yazdığına görə E.Dersinin ABŞ Dövlət Departamentinə, Narkotiklərə qarşı Federal Agentliyə, Mərkəzi Kəşfiyyat İdarəsinə və digər qurumlara göndərdiyi teleqramda deyilir ki, İran və ya ən azından onun İnqilab Keşikçiləri Korpusu son bir neçə ildə dünyanın ən böyük narkodilerinə çevrilib.

Diplomata istinad edilən məlumatda yazılır ki, İran əfqan mənşəli heroini öz ərazisində qurduğu laboratoriyalarda emal edir və onu əsasən, Azərbaycan üzərindən Avropaya ötürür.

Teleqramlara dair yazılar Almaniyanın “Die Welt” qəzetində və ona istinadən çoxsaylı Avropa nəşrlərində yer alıb. Musavatın xəbərinə görə 2009-cu il, iyunun 12-də göndərilən teleqramda yerli agentlərə və BMT-nin Narkotiklərlə Mübarizə Agentliyinə istinadən deyilir ki, İranın Azərbaycan üzərindən daşıdığı narkotiklərin həcmi “başgicəlləndirici ölçülərdə” artıb. Xəbərə əsasən, ələ keçirilən narkotiklərin kütləsi də bunu təsdiq edir. Belə ki, 2006-cı ildə Azərbaycan sərhədlərində cəmi 20 kiloqram İran mənşəli narkotik tutulub. 2008-ci ilin birinci kvartalında bu rəqəm 15 ton, 2009-cu ildə isə 59 ton təşkil edib. “Azərbaycan hökumətinin məlumatlarına əsasən, heroin laboratoriya şəraitində tam emal olunub və bazara çıxarılmaq üçün hazır vəziyyətə gətirilib” - deyə teleqramlara istinad olunan xəbərdə bildirilir.

Xəbərlərə istinadən diplomat yazıb ki, Azərbaycan prezidenti İlham Əliyev də ölkə üzərindən narkotiklərin daşınmasının artmasından narahatdır və BMT-nin müvafiq agentliyinin Bakıda nümayəndəliyinin fəaliyyəti onun xahişi ilə baş verir.

Xəbərlərdə deyilir ki, Əfqan mənşəli heroinin beşdə biri Azərbaycan üzərindən keçir. Hesablamalara görə, Avropaya hər il 15 milyard avroluq heroin daxil olur. Bu isə o deməkdir ki, iranlı narkotacirlər bundan milyardlarla avro qazanır.

BMT-nin narkotiklərə qarşı mübarizə agentliyi UNODC isə bildirir ki, İranda, əsasən Təbriz şəhərində heroin emalı laboratoriyaları var.

Qəzetin xəbərinə görə diplomat teleqramın sonunda öz şərhini yazıb. İddia edildiyinə görə o şərhində bildirir ki, Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi narkotik qaçaqmalçılığına qarşı mübarizədə “böyük uğurlar” əldə edir: “Lakin eyni sözləri Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti barədə demək olmaz. Gömrük orqanları xüsusi təyinatlı “K-9" birliklərinə malik olsa da onlar narkodilerlərə qarşı tətbiq olunmur. Amerikanın narkotiklərə qarşı mübarizə üzrə xüsusi agentləri isə bir neçə dəfə şahidi olublar ki, İranla sərhəddə Azərbaycan gömrükçüləri nəqliyyat vasitələrini effektiv şəkildə yoxlaya bilməyiblər, yaxud bunu istəməyiblər”.

Bildirilir ki, heroin emalı laboratoriyaları İranın şimalında, əsasən, Təbrizdə fəaliyyət göstərir. Teleqramda deyildiyinə görə, Azərbaycan rəsmiləri bildirib ki, İran ölkəni narkotiklərlə doldurmaqla stabilliyi pozmağa çalışır. Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfova istinadən isə deyilir ki, narkotiklərin tranziti və qaçaqmalçılığında İranın təhlükəsizlik orqanları iştirak edir.


XS
SM
MD
LG