Accessibility links

ABŞ-da qadın sahibkarların sayı artır


Qadınlar kiçik biznes sahiblərinin üçdə birini təşkil edir


Amerikada kiçik biznes sahiblərinin üçdə birini qadınlar təşkil edir. ABŞ-ın statistika bürosunun məlumatına əsasən, qadın biznes sahiblərinin xüsusilə də əvvəllər ənənəvi olaraq kişilərə məxsus biznes sahələrində sayı artır.

Barbara Ayrs Virciniya ştatının Frederiksburq şəhərində Apple Transfer şirkətinin sahibidir. Əvvəllər onun sahibi olduğu biznes sahəsində yalnız kişiləri təsəvvür etmək mümkün idi. Şirkət ABŞ-da və xarici ölkələrdə daşınma işləri ilə məşğul olur. Barbara Ayrs şirkətini 1988-ci ildə qardaşı ilə birlikdə yaradıb.

Barbara Ayrs: “O vaxt biznesi yaradanda bir mən idim, bir qardaşım, bir də bir yük maşınımız var idi. O, maşın sürürdü, mən də ofisdə olurdum.”

Bu gün Barbara Ayrsın şirkəti böyük anbara, yüzlərlə yük maşınına malikdir, daşınma mövsümü zamanı şirkətdə 100-dən çox insan işləyir.

ABŞ-ın Kiçik Biznes Administriyası agentliyinin təmsilçisi Ana Harvey qadın biznes sahiblərinin sayının getdikcə artdığını deyir. Ana Harvey: “1979-cu ili götürsək, qadınların yalnız 5 faizi özəl biznes sahibi idi. İndi 2013-cü il ərəfəsində özəl biznes sahiblərinin 30 faizini qadınlar təşkil edir.”

Harvey deyir ki, bu tendensiya 1970-ci illərdə qanunvericilik aktları qəbul edildikdən sonra dəyişməyə başlayıb. Ana Harvey: “O zaman qadınların kişi şəriki olmadan kredit götürməsinə imkan verən bir akt qəbul edilmişdi. Bu da qadınların biznes sahibi ola bilməsinə dəyişiklik gətirmişdir.”

Ana Harveyin sözlərinə görə, iqtisadiyyat da burada rol oynamışdır: “İş yerlərində ixtisarlar oldu və qadınlar baxıb dedilər ki, biz indi diqqətimizi biznesə yönəldəcəyik, həmişə istədiyimiz bir işlə məşğul olacayıq və bu da əsl biznes oldu.”

Özü də kiçik biznes sahibi olan Ann Harvey deyir ki, federal hökumət müxtəlif yollarla qadınlara kömək edir. Ana Harvey: “Keçən il 160 min qadına plan yazmaq, marketinq planı tərtib etmək, sosial mediada təmaslar yaratmaq və biznes qurmaq üçün başqa işlərdə kömək edilmişdi.”

Barbara Ayrs deyir ki, federal hökumətin qadınların sahib olduğu kiçik bizneslərə yardım üçün xüsusi proqramları ona hökumət idarələri ilə müqavilələrin bağlanmasında kömək etmişdir. “Bizim əsas müştərimiz Müdafiə nazirliyidir. Nazirliklə müqavilə əsasında işləyirik”deyə o bildirir.

Qadınlar üçün ənənəvi olaraq kişilərin məşğul olduğu biznes sahələrində də qapılar indi açıqdır. Barbara Ayrs: “Mən avto-nəqliyyat sahəsində çalışıram, buna görə də əvvəllər kişilərin üstünlük təşkil etdiyi bir sahədə mən yeni adamam. Bəzən burada müqavimətlə qarşılaşıram. Bu, münasibətlə və düşüncə tərzi ilə bağlıdır.”

Lakin Ayers deyir ki, bu işi görməyə dəyər. Barbara Ayrs: “Maşın sürəndə birdən şirkətimə məxsus bir yük maşını görüb qürur hissi keçirirəm, o an fərəh duyuram.”

Amerikada kiçik biznes sahibi olan daha çox qadın bu hissi bölüşür.
XS
SM
MD
LG