Accessibility links

"Doing Business-2013" adlı hesabatda biznesə başlamaqdan tutmuş müflisləşmənin tənzimlənməsi prosesinə qədər 10 əsas kriteriya əhatə edilir

Dünya Bankının biznes mühitinin əlverişliliyinin dəyərləndirilməsi məqsədilə hazırladığı “Doing Business 2013” adlı hesabatında Azərbaycan 67-cı yerdə göstərilib.

Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının birgə hesabatında Azərbaycan mülkiyyətin qeydə alınması kriteriyasına görə 10 ölkə arasındadır. Keçən il Azərbaycan dünya ölkələri arasında reytinqdə 66-cı yerdə göstərilmişdir. Hesabat biznesə başlamaqdan tutmuş müflisləşmənin tənzimlənməsi prosesinə qədər 10 əsas kriteriyanı əhatə edir.

Azərbaycanın reytinqi dünyanın 185 ölkəsi arasında müəssisənin yaradılması göstəricisi üzrə 18-ci, vergi tətbiqi üzrə 76-cı, beynəlxalq ticarət üzrə 169-cu, tikintiyə icazə üzrə 177-ci, kredit üzrə 53-cü, müqavilələrin icrasının təmin edilməsi üzrə 25-ci, elektrik təchizatı sisteminə qoşulma üzrə isə 175-ci yeri tutub.

Dünya Bankının hesabatında dünya ölkələrində iqtisadi islahatların aparılması istiqamətində əldə edilmiş “yaxşı vərdişlər”in saxlanması kimi xüsusiyyətlər nəzərə alınır.

Dünya ölkələri arasında Sinqapur biznes üçün ən əlverişli şəraitin yaradılması sahəsində birinciliyi saxlamağa davam edir. Keçmiş Sovet İttifaqı ölkələri arasında isə Gürcüstan 9-cu yerdə gələrək, biznes mühitinin ən əlverişli olduğu ölkələr sırasında göstərilir.

Dünya Bankı “Doing Business” adlı hesabatı 2004-cü ildən başlayaraq hazırlayır. 185 ölkənin əhatə olunduğu hesabatda dünya ölkələrində biznes mühitinə dair göstəricilər təhlil edilir.
XS
SM
MD
LG