Accessibility links

Yeni hesabatda deyilir ki, insanlar təbii fəlakətlər, siyasi təqiblər və zorakılıqlar nəticəsində məcburi köçkün olur

Beynəlxalq Qırmızı Xaç və Qırmzı Aypara Federasiyasının yeni hesabatında dünya ölkələrində 72 milyon insanın, ya da hər yüz nəfərdən birinin məcburi köçkün olduğu deyilir. “Dünyada Fəlakətlərə dair hesabat”da bildirilir ki, son 10 il ərzində nəticələrin aradan qaldırılması üçün ən çox maliyyə vəsaitinin tələb edildiyi təbii fəlakətlər 2011-ci ildə baş verib.

Hesabatda 336 təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün 365, 5 milyard dollar vəsaitin tələb edildiyi deyilir. Bu məbləğin yarıdan çoxu 2011-ci ildə mart ayında Yaponiyada Fukuşimada zəlzələ və sunaminin nəticələrinin aradan qaldırılması üçün tələb olunub.

Beynəlxalq Qırmızı Xaç Federasiyası bu statistika ilə yanaşı, münaqişələr, təqiblər, təbii fəlakətlər, yoxsulluq və ətraf mühitlə bağlı problemlərlə əlaqədar daha çox insanın öz yerlərini tərk etdiyi haqda məlumat verir.

Təşkilatın rəhbəri Syu Lemesuriyer 20 ildir qaçqınlar və məcburi köçkünlərlə işləyir. O, təbii fəlakətlər nəticəsində məcburi köçkün olmuş qadınlar və uşaqlar, kişilər, yaşlılar və əlillərin ağrılı-acılı günlərinin şahidi olduğunu deyir. “Bu il Dünyada Fəlakətlərə dair hesabatda miqrantların çoxunun yeni yerlərə ağır stresli vəziyyətdə gəldiyi vurğulanır. Ailələrindən və valideynlərindən ayrı düşmüş uşaqlar xüsusilə böyük travma keçirmiş olur və sonra həyat boyu çətinliklərlə qarşılaşır. Onların gəldiyi ölkələrin hökumətləri və icmaların bu insanlara psixoloji cəhətdən kömək etməsi, humanitar yardım etməsi olduca vacibdir”-deyə o bildirir.

BMT 72 milyon məcburi köçkündən 15 milyonun öz ölkələrində təqiblər və münaqişələr nəticəsində qaçqın olduğunu bildirir. Son 25 ildə müharibələrin sayı, eyni zamanda, 1980-ci illərlə müqayisədə vətəndaş müharibəsi nəticəsində ölən insanların sayı iki dəfə azalıb. Lakin BMT zorakılıq və münaqişələrin hələ də qlobal miqyasda hər dörd insandan birinə təsir göstəridyini bildirir.

“Dünyada Fəlakələtlərə dair hesabat”da müxtəlif mürəkkəb səbəblər üzündən məcburi köçkün olmuş insanların sayının artdığı bildirilir. Bu faktorlar arasında münaqişə və zorakılıq, təbii fəlakətlər, siyasi təlatümlər və hətta genişmiqyaslı inkişaf layihələri göstərilir.

Hesabatda hər il 15 milyon insanın bəndlərin inşası, ya da şəhərsalma inkişaf layihələri nəticəsində məcburi köçkün olduğu qeyd edilir.

Lemesuriyer deyir ki, insanlar digər mürəkkəb səbəblərlə əlaqədar olaraq yerlərindən didərgin düşür. Onun sözlərinə görə, burada iqtisadi səbəblər də yer alır.

Hesabatda hökumətlərə məcburi köçkünlərin problemlərinin həlli üçün bir sıra tövsiyələr verilir. Burada miqrantların vətəndaşlıq statusu alması üçün prosedurların yüngülləşdirilməsi, məcburi köçkünlərin iş tapa bilməsi və yeni icmalara inteqrasiya edə bilməsi üçün onlara yardım göstərilməsi qeyd edilir.
XS
SM
MD
LG