Accessibility links

Beynəlxalq Vəkillər Assosiasiyası: Xalid Bağırovun vəkillikdən kənarlaşdırılması tənqidi səsləri boğmaq cəhdidir


 Natiq Cəfərli və vəkil Xalid Bağırovun mətbuat konfransı
Natiq Cəfərli və vəkil Xalid Bağırovun mətbuat konfransı

Böyük Britaniyada yerləşən Beynəlxalq Vəkillər Assosiasiyası Azərbaycan hakimiyyətini Xalid Bağırovu vəkillik fəaliyyətindən məhrum etməməyə çağırıb. Assosiasiyanın Nizami Rayon Məhkəməsinə ünvanladığı müraciətdə Azərbaycanın da qoşulduğu Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinə uyğun olaraq ədalətli məhkəmə keçirilməsinə çağırır.

Xatırladaq ki, Azərbaycan Vəkillər Kollegiyası X.Bağırovun vəkillik fəaliyyətindən kənarlaşdırılması barədə iddia qaldırıb. Bu, X.Bağırovun bir çox jurnalist və vətəndaş cəmiyyəti fəalının hüquqlarını müdafiə etməsi fonunda baş verir.

Assosiasiyanın həmsədri Hans Korella deyib: “Beynəlxalq Hüquqşünaslar Assosiasiyası Xalid Bağırovun lisenziyasının dayandırılması ilə bağlı Azərbaycan Hüquqşünaslar Assosiasiyasının qərarından narahatdır.

X.Bağırovun vəkillik fəaliyyətindən kənarlaşdırılması Azərbaycan hakimiyyətinin tənqidi səsləri boğmaq və özgəfikirliliyin istənilən formasının kökünü kəsmək cəhdinə uyğundur. Qısası, vətəndaş cəmiyyətini susdurmaq cəhdidir.

Azərbaycan Hüquqşünaslar Assosiasiyası ölkədə hüquqi peşələrin maraqlarını müdafiə etməyə qadir olan müstəqil institut deyil. Bubun əvəzinə bu qurum hökumətin əli kimi hərəkət edir, öz üzvlərini siyasi motivli məhkəmə proseslərində iştiraka görə təqib edir”, o bildirib.

Bəyanatda qeyd olunur ki, Azərbaycanın Avropa Şurası Nazirlər Kabinetində sədrliyi dövründə ölkədə insan hüquqlarının vəziyyəti xeyli pisləşib. Son aylar vəkillər, məhbusların maraqlarını müdafiə edən hüquq müdafiəçiləri onların işinə şahid kimi cəlb olunurlar. Bu, müdafiə etdikləri şəxslərin müdafiəsi işini pozmaq məqsədilə hazırlanan strategiyanın təzahürüdür.

Xatırladaq ki, X.Bağırov REAL hərəkatının lideri İlqar Məmmədov, hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus, bloger Əbdül Əbilov, NİDA Hərəkatının fəalları, fəal bloger Ömər Məmmədovun və digərlərinin müdafiəsindən kənarlaşdırılıb.

2014-cü ilin avqustunda Beynəlxalq Vəkillər Assosiasiyası, Amnesty International, Human Rights Watch və digər beynəlxalq təşkilatlar Avropa Şurası baş katibinə birgə məktub ünvanlayaraq Strasburqu Azərbaycanda repressiyalara son qoymaq üçün addımlar atmağa çağırıblar.

Beynəlxalq Hüquqşünaslar Assosiasiyası 1947-ci ildə yaradılıb. Vəkillər, hüquqi firmalar, vəkil kollegiyaları və hüquqi cəmiyyətlərin qlobal üzvlüyü sayəsində qurum beynəlxalq hüquq sahəsində islahatlara və inkişafa təsir göstərir.

Öz növbəsində rəsmi Bakı Azərbaycanda hər kəsin qanun qarşısında bərabər olduğunu bildirir. Dövlət rəsmiləri insanların fikirlərinə görəcızalandırlmadığını iddia edir. Bununla yanaşı beynəlxalq təşkilatlar ölkədə 30-dan çox şəxsi “vicdan məhbusu” elan edib. Yerli hüquq müdafiəçiləri isə ölkədə 100-dək siyasi məhbusun olduğunu bilsdirir.

Qeyd edək ki, fevralın 2-də Bakının Nizami Rayon Məhkəməsində Azərbaycan Vəkilləır Kollegiyasının Xalid Bağırovun vəkillikdən uzaqlaşdırlması barədə müraciətinə baxılacaq.

XS
SM
MD
LG