Accessibility links

Azərbaycan vətəndaşına ittiham irəli sürülməsi ilə bağlı Azərbaycan tərəfi məlumatlandırılmayıb. Azərbaycan İrana nota təqdim edib

Təbrizdə həbs edilən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalid casusluq ittihamında günahlandırılır. Bu barədə İranın dövlət televiziyasının rəsmi saytı (İRİB) məlumat verib.

İRİB Xalidə Xalidin irqçilik və casusluq istiqamətindəki təhrikedici fəaliyyətinə görə həbs edildiyini bildirərək bunu siyasi oyun kimi qiymətləndirib.

Xalidə Xalid və Şamxal Hüseynov aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs ediliblər. Bundan başqa 4 yerli azərbaycanlı fəalın həbsə alındığı da bildirilir. Həbs edilənlər azərbaycanlı fəallar – yazıçı Aşıq İsaq Qaraxanlı, Təbriz Azad Universitetinin tələbəsi Əmir Hadiyan və yazıçı Fərhadi Soyadlıdır.

Onlar O.Rəşidinin anasının doğum günü və İranda Analar Günü münasibətilə onun ata evinə toplaşıblar.

Azərbaycanın Təbrizdəki Baş Konsulluğu İran tərəfinə Azərbaycan vətəndaşlarının saxlanılması ilə bağlı nota təqdim edib. Hələlik İran tərəfindən notaya rəsmi cavab verilməyib.

İranın Bakıdakı səfirliyindən şərh verməyərək bildiriblər ki, İran tərəfinin mövqeyi İSNA agentliyinin 4 may tarixli məlumatında əksini tapıb. Belə ki, İran Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, Azərbaycan vətəndaşları “qanunsuz əlaqələr qurmaqda ittiham olunurlar”.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Turan agentliyinə bildirilib ki, bu məsələ Azərbaycanın nəzarətindədir. İran tərəfinə sorğular göndərilib, səfirlik təlimatlandırılıb. Xalidə Xalidin casusluqda ittiham olunmasına gəlincə, bu məlumat rəsmi xarakter daşımır.

Şamxal Hüseynovun qardaşı Əlövsət Hüseynov APA agentliyinə bildirib ki, mayın 2-də qardaşı evə zəng edərək salamat olduğunu bildirib.

“Şamxal bundan başqa heç nə demədi. Bəzi mətbuat orqanları onun yoldaşına, ailəsinə istinadən azadlığa buraxıldığını yazırlar. Bu, yalandır”.
XS
SM
MD
LG