Accessibility links

Xaqani Hüseynov: Poroşenko hökuməti daha çox texnokratlardan təşkil edəcək


Xaqani Hüseynov
Xaqani Hüseynov

Pyotr Poroşenkonun seçki qərargahının koordinatoru Ukraynanın yeni prezidentinin Azərbaycanda biznesi olduğunu deyib

“Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenko indiyədək bir neçə dəfə Azərbaycanda olub”. Bunu “Media forum” saytına Ukraynada yaşayan azərbaycanlı politoloq, Pyotr Poroşenkonun seçki qərargahının koordinatoru Xaqani Hüseynli deyib.

Xaqani Hüseynli bildirib ki, Pyotr Poroşenko müxtəlif dövrlərdə - Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi, Milli Bank Şurasının sədri, xarici işlər naziri, iqtisadi inkişaf və ticarət naziri vəzifələrində işləyəndə rəsmi nümayəndə heyətlərinin tərkibində Azərbaycanda səfərdə olub: “Biz Poroşenko ilə görüşəndə də o dedi ki, bir neçə dəfə Bakıda səfərdə olub. Pyotr Poroşenko Azərbaycanla əlaqələrə xüsusi önəm verir”.

Xaqani Hüseynlinin sözlərinə görə, Pyotr Poroşenkonun Azərbaycanda şəxsi biznesi də var: “Onun sahibi olduğu “Roşen” şokolad firmasının Bakıda rəsmi nümayəndəliyi fəaliyyət göstərir. Firma Azərbaycanda geniş satış şəbəkəsinə malikdir, işini çox uğurlu qurub. Vaxtilə “Roşen” firması şokolad istehsalında istifadə olunan xammalın bir hissəsini Azərbaycandan alırdı”.

Azərbaycanlı politoloq qeyd edib ki, biznesi Poroşenkoya atasından qalıb: “Poroşenkonun atası SSRİ dövründə Karl Marks adına şirniyyat fabrikinin direktoru olub. Sovet İttifaqı dağılandan sonra fabriki özəlləşdirib və oğluna verib. Poroşenko çox uğurlu biznesmenə çevrilib. Onun firmasının istehsal etdiyi şokolad bütün dünyada məşhurdur”.

Yeni prezidentin atacağı ilk addımlara gəlincə, politoloq bildirib ki, Poroşenkonun proqramında üç əsas məsələ var:

“Onlardan biri də Ukrayna parlamentinin – Ali Radanın buraxılmasıdır. Poroşenko seçki platformasında və proqramında qeyd etmişdi ki, prezident seçilərsə, parlamenti buraxacaq. O bunu çıxışlarında da dəfələrlə bəyan edib. Çünki Ali Radada təmsil olunan, əvvəlki prezident Viktor Yanukoviçin rəhbərlik etdiyi Regionlar Partiyası və Kommunist Partiyası parlamentdən uzaqlaşdırılmasa, ölkədə siyasi prosesləri qaydaya salmaq, sabitlik yaratmaq mümkün olmayacaq. Həmin partiyalar siyasi proseslərin normal gedişinə maneə törədir.

İkincisi, Poroşenko bütün dövlət orqanlarının fəaliyyətini yenidən qurmaq, indi işləyənləri işdən uzaqlaşdırıb xüsusən rəhbər heyətləri yenidən formalaşdırmaq niyyətindədir.

Üçüncü iş Nazirlər Kabinetinin yenidən təşkili məsələsidir. Ukrayna 2004-cü ilin konstitusiyasına qayıdıb. Ona görə də Nazirlər Kabinetinin tam təşkili Ali Radaya seçki keçiriləndən sonra baş tutacaq. Parlament seçkisində ən çox səs toplayan siyasi qüvvə baş nazir vəzifəsinə öz namizədini irəli sürəcək. Hazırkı baş nazir Arseni Yatsenyuk parlament seçkisinədək baş nazir vəzifəsində qalacaq. Amma nazirlərin dəyişdirilməsi qaçılmazdır. Poroşenkonun prezident andı içəndən sonra ilk addımı nazirlərin dəyişdirilməsindən ibarət olacaq”.

Xaqani Hüseynli qeyd edib ki, yeni hökumətdə texnokratlar – peşəkar mütəxəssislər üstünlük təşkil edəcək: “Poroşenkonun Solidarnost Partiyası “UDAR”la birləşib. Poroşenko elan edib ki, hökuməti daha çox texnokratlardan təşkil edəcək. Eyni zamanda xarici ölkələrdə yaşayıb işləyən ukraynalı mütəxəssislərin ölkəyə qayıdacağı gözlənilir. Pyotr Poroşenko onların bilik və bacarıqlarından istifadə etmək niyyətindədir.

Yeni prezident gözəl bilir ki, böyük məsuliyyətin altına girib və vəziyyətdən çıxmaq üçün kadr seçimində çox diqqətli olmalıdır. Ağır durumdan çıxmağın yeganə yolu kadrların düzgün seçilməsi, yerləşdirilməsi və idarə olunmasından keçir. Əslində hazırkı hökumət üzvlərinin seçilməsində də Pyotr Poroşenko həlledici rol oynayıb”.

Azərbaycanlı politoloqun fikrincə, Pyotr Poroşenkonun prezident seçilməsi Ukraynanın şərqindəki durumu sabitləşdirəcək: “Ölkənin şərqində təşkil olunan hadisələrdə əsas məqsəd prezident seçkisini pozmaq idi. Artıq buna ehtiyac yoxdur, seçki geridə qalıb. Bununla belə, Rusiya Ukraynanın yeni legitim hakimiyyətinə təsir etmək imkanlarını saxlamaq üçün separatçı qüvvələrdən yenə istifadə edəcək.
Amma həmin qüvvələr də anlayır ki, bu mənasız prosesin çox uzanması onların özünə də lazım deyil. Bütün dünya Pyotr Poroşenkonun prezidentliyini qəbul edir. Rusiya da bununla barışacaq”.
XS
SM
MD
LG