Accessibility links

Nazirlər Kabineti “Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması üçün danışıqların aparılması və bağlanması Qaydaları”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişiklik Ədliyyə Nazirliyi ilə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının (QHT) filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı sazişin bağlanması şərtlərini əhatə edir.

Qeyd edək ki, qüvvədə olan Qaydaya əsasən saziş bağlanmazdan öncə Ədliyyə Nazirliyi ilə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri arasında danışıqlar aparılmalıdır. Danışıqlar zamanı təşkilat barədə məlumat və onun Azərbaycanda fəaliyyətinin məqsədləri, bu fəaliyyətin zəruriliyi və Azərbaycan cəmiyyətinə töhfəsi müzakirə edilməli və dəqiqləşdirilməlidir. Danışıqlar prosesində təşkilatın Azərbaycan ərazisində gələcək fəaliyyəti Azərbaycan Konstitusiyasına, qanunlarına və digər normativ hüquqi aktlarına riayət etmək, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə hörmətlə yanaşmaq, Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş ərazilərdə hər hansı fəaliyyət həyata keçirməmək, o cümlədən separatçı Dağlıq Qarabağ rejimi ilə əlaqələr qurmamaq, siyasi və dini təbliğatla məşğul olmamaq, qeyri-kommersiya hüquqi şəxslərinin dövlət reyestri üçün zəruri olan məlumatları qanunvericiliklə müəyyən edilmiş müddətdə təqdim etmək ilə şərtləndirilməlidir. Məhz bu şərtlər təşkilat tərəfindən qəbul edildikdə, Ədliyyə Nazirliyi ilə həmin təşkilat arasında saziş bağlanılır.

Dəyişikliyə əsasən bundan sonra Ədliyyə Nazirliyi və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri arasında dövlət qeydiyyatı ilə bağlı saziş bağlanarkən sazişdə onun qüvvədə olması müddəti də göstərilməlidir. Saziş bağlandıqdan sonra qanunvericiliklə müəyyən olunmuş müddətdə və qaydada filial və ya nümayəndəliyin dövlət qeydiyyatı həyata keçirilir.

Show comments

XS
SM
MD
LG