Accessibility links

Qərb mətbuatı Azərbaycandakı basqılar haqda

ABŞ-ın ən nüfuzlu qəzetlərindən sayılan Washington Post baş məqaləsində jurnalist Xədicə İsmayılovaya oxunan hökm və Azərbaycandakı basqıları işıqlandırıb.

"Azərbaycan prezidenti İlham Əliyev son illər ərzində 100-ə yaxın jurnalist, insan haqları müdafiəçisi, dindar və müxalifət təmsilçilərini həbs edərək, rejimini yumşaq avtokratiyadan Avraziyanın ən sərt polis dövlətinə çevrib," məqalənin başlığına deyilir. "Onun həbs etdiyi insanların çox az hissəsi onu Xədicə İsmayılova qədər əsaslı və inandırıcı şəkildə rüsvay edib."

Azərbaycan prezidenti İlham Əliyev son illər ərzində 100-ə yaxın jurnalist, insan haqları müdafiəçisi, dindar və müxalifət təmsilçilərini həbs edərək, rejimini yumşaq avtokratiyadan Avraziyanın ən sərt polis dövlətinə çevrib

Qəzet oxuyuculara çərşənbə axşamı İsmayılovanın "Xəzər dənizinin sahilində yerləşən neft ölkəsi olan Azərbaycanda artıq ənənəyə çevrilən gülünc siyasi məhkəmə prosesi nəticəsində" 7 il yarım müddətinə azadlıqldan məhrum edildiyini xəbər verir. "Onun təqsiri Azadlıq Radiosu üçün hazırladığı bir sıra kəskin araşdırmaları olub. Bu araşdırmalarda o, cənab Əliyev və ailəsinin dövlətin hesabına korrupsiya vasitəsilə zənginləşməsini ətraflı şəkildə təsvir edib."

Washington Post Xədicə İsmayılovanın bazar ertəsi məhkəmədə söylədiyi son sözü İlham Əliyev hökumətinə qarşı sərt ittihamnamə kimi dəyərləndirir.

"Son məhkəmə çıxışında 39 yaşlı jurnalistin bildirdiyi kimi, ona qarşı irəli sürülən ittihamlar onun öz araşdırmalarında cənab Əliyev və ailəsinə qarşı irəli sürülən qanunsuz sahibkarlıq fəaliyyəti, vergidən yayınma və səlahiyyətlərindən sui-istifadə ittihamlarına bənzərdir. Lakin onun sözlərinə görə fərq ondadır ki, o ittihamlarını faktlar, şahidlər və səndələrlə əsaslayıb, ona qarşı sürülən ittihamlar isə saxta ifadələrə əsaslanıb. Məhkəmədə də ona qarşı ifadə verən olmayıb."

Xədicə İsmayıl

Xədicə İsmayıl

Qəzetin yazdığına görə son sözün yarımçıq qalmasına baxmayaraq, İsmayılovanın "cəsarətli çıxışı ölkələrinin inkişaf etməkdə olan keçmiş Sovet İttfaqı demokratiyalarının yolu ilə getməyini görmək istəyən azərbaycanlılara ilham mənbəyi olacaq."

“Mənim qənaətim budur ki, repressiya maşını çökmək üzrədir. Əlbəttə, bunu neft bazarındakı çöküşün effekti kimi də qiymətləndirə bilərik, amma başqa səbəblər də var. Səbəbin biri bizik!,” deyə İsmayılova bildirib.

Qəzet yazır ki, əgər ABŞ və baqşa Qərb dövlətləri prezident İlham Əliyevə daha sərt münasibət göstərsəydilər, Xədicənin dedikləri reallığa daha yaxın olardı. Halbuki Qərbin Azərbaycanın enerji resurslarına tamah salması bu amaca mane olur. Azərbaycan kimi hüquq pozuntularının baş alıb getdiyi ölkənin Avropa Şurasında üzv olaraq qalması, və üstəlik ilk Avropa Oyunlarına ev sahibliyi etməsinə icazə verilməsi inanılmaz faktlar kimi təqdim olunur.

Hakimiyyətin ən yüksək səviyyələrində korrupsiya əməllərini ifşa etmək əzmi ilə Xədicənin Azərbaycan rəsmilərini qıcıqlandırdığı aydındır

"Xanım İsmayılovanın uzun həbs müddəti Dövlət Departamentinin narahatlıq ifadəsinə səbəb oldu - pislənməyə yox. Departament Xədicə İsmayılovanın azad olunmasına çağırdı, amma cənab Əliyev və ya dövlət ittihamçılarının bu repressiyaya görə hər hansı konkret nəticələrlə üzləşəcəklərini bildirmədi. Gərək bildirəydi," deyə müəllif heyəti baş məqaləni tamamlayır.

The Guardian qəzetində yazdığı məqalədə London Şəhər Universitetinin professoru və mətbuat şərhçisi Roy Greenslade Xədicə İsmayılovanın həbsini avtoritar rejimlərdə jurnalistlərə qarşı münasibətin nü munəsi kimi təhlil edir.

Greenslade mətbuat azadlığının norma kimi qəbul edildiyi Birləşmiş Krallıqdan fərqli olaraq dünyanın başqa yerlərində vəziyyətin fərqli olduğunu qeyd edərək, Azərbaycanı və xüsusilə də, jurnalist Xədicə İsmayılovanı nümunə gətirir.

Prezident İlham Əliyev

Prezident İlham Əliyev

Məqalənin müəllifi İsmayılovanın 7 il yarım müddətinə azadlıqdan məhrum edildiyini bildirir və qeyd edir ki, ona qarşı sürülən ittihamlar saxtadır.

Şərhçinin sözlərinə görə, Leyla Yunus, Arif Yunus və Xədicə İsmayılova Azərbaycan hökümətinin yeganə qurbanları deyil. O, “əsassız həbslər, mühakimə olunmadan insanları uzun müddət həbsdə saxlamaq və saxta ittihmalarla tanınan bir ölkədə” müxalif fikirlərin qəbul olunmadığını iddia edir.

Greenslade, bu cür şərait və təqiblər altında Leyla Yunus və Xədicə İsmayıl kimi insanların səslərini ucaltmalarını onların “qeyri-adi cəsarətə malik olduqlarının göstəricisi” kimi dəyərləndirir.

Xədicə İsmayılovanın hökmə baxmayaraq, boyun əymədiyini vurğulayaraq, Greenslade Xədicəni qəhrəman adlandırır və “rahat yaşayan Qərb jurnalistlərini” ona örnək kimi baxmağa çağırır.

XS
SM
MD
LG