Accessibility links

Araşdırmaçı jurnalist Xədicə İsmayıl Kürdəxanı təcridxanasında qapalı keçirilən məhkəmədə söyləmək üçün hazırladığı son sözünü Azadlıq qəzeti dərc edib. Jurnalistin son sözünü təqdim edirik:

Bu il fevralın 23-də Kürdəxanıdakı Bakı Istintaq Təcridxanasında Xədicə İsmayıla hökm oxunub. Elman Türkoğlu işi ilə bağlı. Bundan əvvəl keçirilən prosesdə Xədicə xanım məhkəmədən iclasın açıq keçirilməsini tələb etmişdi.

Binəqədi Rayon Məhkəməsinin hakimi Sədrəddin Hacıyev onun və vəkilin vəsatətini nəzərə alacağını, növbəti prosesin açıq keçiriləcəyini bildirmişdi. Prosesdə iştirak etmək istəyənlərə (həm də jurnalistlərə) fevralın 23-də səhər ərizəylə Binəqədi Rayon Məhkəməsinə gəlmək mesajı göndərmişdi. Jurnalistlər və Xədicə xanımın ailə üzvləri deyilən vaxtda məhkəmə binasına gəlsə də, hakim qaçıb gizlənmişdi. Jurnalistlərəsə onun Kürdəxanıda olduğu deyilmişdi. Bundan sonra Kürdəxanıya gedən jurnalistlərə hakimin hələ gəlmədiyi bildirilmişdi. Beləliklə, hakimin yalanı üzə çıxmışdı. Prosesin yekununda Xədicə xanım 2500 manat cərimə olunmuşdu.

Vəkil Elton Quliyev isə Xədicə xanımın qapalı iclasa etiraz olaraq son söz deməkdən imtina etdiyini bildirmişdi.

Azadlıq qəzetinin əməkdaşı vəkilə müraciət edib və Xədicə Ismayılın məhkəmədə deyə bilmədiyi son sözlərinin nədən ibarət olduğunu öyrənib. Vəkil son sözü Xədicə xanımla birgə müzakirə etdiklərini və yadında qalanların təxminən aşağıdakı məzmunda olduğunu deyib.

Müsavat Partiyasının "Siyasi məhbuslara azadlıq!" mitinqi

Müsavat Partiyasının "Siyasi məhbuslara azadlıq!" mitinqi

“Hörmətli proses iştirakçıları, hörmətli hakim!

Mən bu gün bu məhkəmə prosesinin açıqlığı təmin olunmadan burada son söz söyləməliyəm. Əslində prosesin, mənə qarşı irəli sürülən ittihamın özü ilə bağlı deyəcəyim o qədər də çox deyil. Bu ittihamın mənə qarşı irəli sürülən digər ittihamlardan fərqi nədir ki? Bu ittihamlar da, onları irəli sürənlər də sadəcə prezident Əliyevin repressiya maşınının alətləridir. Əslində bu günə qədər uğrunda çalışdığımız amal da məhz həmin alətlərin insan ləyaqətinə zidd olan əməllərə məcbur edilməyəcəyi bir cəmiyyət qurmaq olub. Təəssüf ki, belə deyil və ölkəmiz üzəduranlar, yalançılar, vicdansız prokuror və hakimlər ölkəsinə çevrilib.

Mənim üçün nə fərqi var, məni hansı yalanla tutacaqlar.

Dediyim kimi, bu ittihamın başqasından fərqi yoxdur. Mənim üçün nə fərqi var, məni hansı yalanla tutacaqlar.

Heç bir aidiyyətim olmayan “özünü öldürmə həddinə çatdırma” ittihamı olmur, “Azadlıq” radiosunun bütün fəaliyyətini qanunsuz elan edib məni qanunsuz sahibkarlıqda günahlandırmaları olsun, onlar da olmasa, yaymadığım məlumata görə böhtanda və təhqirdə ittiham olunmaq olsun. Detallar o qədər önəmli deyil, önəmli olan bircə məqam var. Bu qədər pulu, polisi, casusu, izləmə aparatları, xəfiyyə infrastrukturu olan hökumət niyə mənə qarşı bir düz-əməlli iş düzəldə bilmir. Mənə qarşı prosesdə İlham Əliyev rejimini təmsil etməyə Elman Türkoğludan fərqli variant tapa bilmirlərsə, vay onların halına.

Çox keyfiyyətsiz ittihamları və istintaqları ilə intellektimizi təhqir edirlər.

Ölkədə hər şey kimi repressiya aparatı da korrupsiyaya uğrayıb, Heydər Əliyevin vaxtilə tətbiq etdiyi pripiska fəndləri indi Ilham Əliyevə qarşı tətbiq olunur. Çox keyfiyyətsiz ittihamları və istintaqları ilə intellektimizi təhqir edirlər. Əslində, bəlkə də önündə bayraqdarın getdiyi bu proses mənə qarşı istifadə olunan işlərin, Leyla Yunus, Anar Məmmədli, Intiqam Əliyev, Seymur Həzi və başqalarının işləri arasında ən çox səy göstəriləndir. Necə deyərlər, yaxşısı budur. MTN, Prokurorluq, siz - Sədrəddin müəllim, ümumi səylərlə Elman Türkoğlunun əvəzinə sübut toplamaqla məşğul olmusuz, yenə də, təəssüf edirəm, ortaya bir şey çıxara bilməmisiniz.

Mənə çıxardığınız, çıxaracağınız hökmlərin ağırlığı elə öz üzərinizdədir. Daşıyın daşıya biləcəyiniz qədər.

Yoxdur sübutunuz. Hansı qərarı çıxaracaqsınız, özünüz bilərsiniz. Məni bu, hər şeydən az narahat edir. Mən təqsirli olmadığımı bilirəm, məni cəmiyyətdən nə qədər təcrid etsəniz də, cəmiyyət də mənim təqsirsiz olduğumu bilir. Mənə çıxardığınız, çıxaracağınız hökmlərin ağırlığı elə öz üzərinizdədir. Daşıyın daşıya biləcəyiniz qədər. Bircə onu bilirəm ki, xalq sizin yüklərinizi daşımayacaq sizin əvəzinizə. Manatla birgə devalvasiyaya uğrayacaq cinayətkar rejimin sabitliyi. Bu qədər".

Öz növbəsində, rəsmi Bakı insanların hüquq qarşısında bərabər olduğunu bildirir. Ölkə rəsmiləri tənqidi səslərə, siyasi, dini və digər yönümlü olmağa görə insanların həbs edilmədiyini dəfələrlə təkrarlayır. Bununla yanaşı yerli hüquq müdafiəçiləri onlarla siyasi məhbusun olduğunu bəyan edir.

Amnesty İnternational Azərbaycanda otuzdan çox məhbusu, o cümlədən Xədicə İsmayılı “vicdan məhbusu” élan edib.

XS
SM
MD
LG