Accessibility links

Xədicə İsmayılovaya töhmət verilib, kamerasında axtarış aparılıb [Video]


Apellyasiya Məkəməsi jurnalistin şikayətinə baxır

Aprelin 28-də Bakı Apellyasiya Məhkəməsində jurnalist Xədicə İsmayılovanın şikayəti üzrə hazırlıq iclası keçirilib. Şikayət İsmayılovanın Binəqədi rayon Məhkəməsinin 23 fevral 2015-ci il tarixli böhtan ittihamı ilə 2500 manat cərimə edilməsi haqqında qərarından verilib.

Apellyasiya Məhkəməsinin bundan əvvəlki iclasından fərqli olaraq, İsmayılova şüşə kamerada deyil, dəmir barmaqlıqlar arxasında oturdulub.

İclasın əvvəlində vəkil Yalçın İmanov İsmayılovanın müdafiəçilərinin yanında oturması haqqında vəsatət qaldırıb. “Axı jestlər və mimikalarla danışa bilmərik”, deyə vəkil bildirib.

İmanov vəsatəti vermək üçün İsmayılovaya yaxınlaşdıqda mühafizəçilər vəkilin qeydlərinə baxmağa çalışıblar. Bu, İsmayılovanın və onun vəkilinin etirazına səbəb olub, belə ki, vəkilin müvəkkili ilə ünsiyyət məxfiliyi pozulurdu.

Hakimlər ünsiyyətin məxfiliyini təmin etmək çağırışlarına məhəl qoymayıblar. Bir qədər mübahisədən sonra hakim fasilə elan edib. Bir saat sonra iclas davam edib.

Vəkil Namazlı şikayətə təkrar məhkəmə istintaqı ilə baxılması haqqında vəsatət qaldırıb, çünki Binəqədi rayon Məhkəməsi bir sıra halları araşdırmayıb.

Belə ki, müdafiə tərəfi İsmayılovanın 2011-ci ildə facebook-da Elman Həsənovu (iddiaçı) bədnam edən mətn paylaşdığını, daha sonra onu sildiyini iddia edən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin əməkdaşının məhkəməyə çağırılmasını zəruri hesab edir. Bu zaman MTN-in hansı əsaslarla belə bir nəticəyə gəldiyi göstərilməyib.

Namazlı bildirib ki, İsmayılova 2011-ci ildə belə bir status yazmayıb və bu informasiyanı “Mustafa Kozlu” adlı istifadəçi yayıb.

İsmayılova özü bildirib ki, MTN bu yazının skrinşotunu təqdim etməlidir.

Vəkil Yalçın İmanov məhkəmə, prokurorluq və MTN arasında yazışmaların qeyri-adi sürətini qeyd edib.

Belə ki, 9 oktyabr 2014-cü ildə məhkəmə Baş Prokurorluğun istintaq idarəsinə facebook-dakı yazının İsmayılovaya aid olub-olmadığı haqqında sorğu göndərib, oradan sorğu MTN-ə gedib və elə həmin gün məhkəməyə qayıdıb.

Vəkil hesab edir ki, MTN-də cavab əvvəlcədən hazırlanıb ki, bu da cinayət işinin saxtalaşdırıldığı haqqında versiyanı təsdiq edir.

Daha sonra İsmayılova bildirib ki, iki gün əvvəl onu istintaq təcridxanasının rəisi Azər Seyidovun yanına çağırıblar, o, jurnalisti KİV-də böhtan və təhqir xarakterli məqalələr dərc etməkdə ittiham edib. Bazar ertəsi Seyidovun iki müavini onun kamerasına gəlib və axtarış aparıb. İsmayılovanın yatağını söküblər, “xəlvəti yer” aşkar ediblər.

İstintaq təcridxanasının rəisi İsmayılova deyib ki, Avropa Oyunlarından əvvəl onu karserə salmayacaqlar, amma növbəti dəfə onu doğmaları ilə görüşdən və telefon danışığından məhrum edəcək. Bundan başqa, ona tömət elan edilib.

İsmayılova çıxış edərkən hakim Məmmədov onun sözünü kəsib, vəsatətin mahiyyəti üzrə danışmağı tələb edib.

İddiaçı Elman Həsənov vəsatətə etiraz edib və məhkəmə müşavirəyə ayrılıb.

Fasilədə mühafizəçilər yenidən vəkillərin İsmayılova ilə ünsiyyətinə mane olublar. Bu, zalda qəzəbə səbəb olub. Bu zaman mülki geyimli gənc toplaşanlardan sakitlik tələb edib.

Vəkil İmanov bildirib ki, bu insan dəhlizdə də ondan qəfəsə yaxınlaşmamağı tələb edib. Zalda nəzarətçilərə və mühafizəçilərə rəhbərlik edən mülki geyimli daha iki şəxs olub.

Sonda məhkəmə müdafiə tərəfin təkrarən qismən məhkəmə istintaqı aparılması haqqında vəsatətini təmin etməyib. Hakim mahiyyəti üzrə dinləmələri 12 may saat 15.00-a təyin edib.

Müdafiə tərəfi məhkəmənin qərarından kassasiya şikayəti vermək niyyətindədir.

Bundan başqa, vəkillər istintaq təcridxanası rəhbərliyinin İsmayılova barəsindəki töhmətdən şikayət vermək niyyətindədir.

XS
SM
MD
LG