Accessibility links

Xədicə İsmayılova: Amerikalılar da bilir ki, məndə dövlət sirri yoxdur [Video]


Jurnalistin kompüterinə baxış keçirilib, email-ləri, Facebook yazışmaları, skype danışıqları araşdırılıb

Fevralın 25-də araşdırmaçı jurnalist Xədicə İsmayılova Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsində təkrar (5-ci dəfə) ifadə verib.

​Jurnalist Amerikanın Səsinə bildirib ki, o şəxsi kompüterini da özü ilə götürüb. Şəxsi kompüterinə baxış keçirilib. Dindirilmə zamanı onu vəkil Elton Quliyev müşayiət edib.

“Mənə yenə də Art Garden restoranında ABŞ Senatının nümayəndələri ilə görüşüm barədə suallar verdilər. Kompüterimə baxdılar. Email- lərimi yoxladılar. Facebook, skype yazışmalarıma, keçmiş MTN işçisi Ramin Nağıyevlə yazışmalara baxdılar. Məlum oldu ki, hələ fevralın 19-da mənim elektron vasitələrimə və elektron daşıyıcılarımda axtarış edilməsi barədə məhkəmə qərarı var imiş”, İsmayılova qeyd edib.

Məhkəmə qərarından təəccübləndiyini vurğulayan İsmayılova qərarın əsaslandırılmadığını deyib.

Jurnalist növbəti dindirmə ilə bağlı tarixin hələ müəyyənləşdirilmədiyini bildirib. “İstintaq orqanı bu barədə mənə xəbər edəcək”.

jurnalist Xədicə İsmayılova və vəkil Elton Quliyev

jurnalist Xədicə İsmayılova və vəkil Elton Quliyev

“İstintaq sizi hər dəfə dindirməyə çağırır. Bu sizin işinizə mane olmurmu?”, - Amerikanın Səsinin sualına cavabda deyib ki, dəhşətli dərəcədə “mane olur, xeyli vaxt sərf edirəm bura gələndə. İş rejimim pozulur. Bir neçə dəfə efirə çata bilməmişəm. İndi hüquqşünaslarla məsləhətləşirəm, görüm prokurorluğun məndən aldığı vaxtı necə kompensasiya eləyə bilərik, ən azı maddi tərəfdən”, o bildirib.

İsmayılovanın sözlərinə görə Art Gardenlə bağlı müstəntiq ondan soruşub ki, “siz o adamlara Azərbaycanın məxfi orqanları ilə işləyən adamların siyahısını verdinizmi? Dedim ki, məndə belə siyahı yoxdur. Soruşdular ki, görüşdüyüm adamlar niyə məhz sizinlə görüşürlər belə bir suallar veriblər. Təklif etdim ki, bir google-da Azərbaycanla axtarsınlar və görsünlər ki, Azərbaycanla bağlı məlumatların neçə faizində mənim adım çıxır. Üstəlik həmin şəxslər senatın xarici əlaqələr komitəsində işləyirlər. Senatın Xarici Əlaqələr Komitəsi Azadlıq radiosunun fəaliyyəti ilə bağlı qərarlar qəbul edir. Yəni bu adamlar zatən Azadlıq radiousunun işçiləri ilə görüşməlidirlər”, jurnalist qeyd edib.

“Onlar sizdən dövlət sirri istədilərmi?”, - sualının cavabında Xədicə İsmayıl deyib ki, heç kim məndən dövlət sirri istəməyib.

“Amerikalılar da bilir ki, məndə dövlət sirri yoxdur. Mən soruşdum ki, siz Eynulla Fətullayevi, Ceyhun Osmanlının dindirmisinizmi ” onlar dedilər ki, bu barədə heç nə deyə bilməzlər”.

Vəkil Elton Quliyev istintaqda iltizama imza atdığı üçün ətraflı jurnalistlərə açıqlama verməyib.

“Söhbət ondan gedir ki, araşdırma gedir. Əsas odur ki, cinayət işi ehtimal olunan fakt üzrə qaldırılıb”, o bildirib.

***

Bu gün Demokartik Qüvvələrin Milli Şurası (DQMŞ) “Azadlıq” radiosunun icmalçısı, araşdırmaçı jurnalist Xədicə İsmayılovaya təzyiqlərlə bağlı bəyanatla çıxış edib.

Sənəddə jurnalistə qarşı təzyiqlərdən narahatlıq ifadə edirlər. Milli Şura
X.İsmayılovaya qarşı atılan addımları jurnalisti repressiv üsullarla susdurmaq cəhdi kimi dəyərləndirir.

“Hesab edirik ki, bunlar təkcə araşdırmaçı jurnalistə qarşı deyil, həm də bütövlükdə cəmiyyəti təhdid və onda qorxu yaratmaq niyyəti daşıyır. Başqa bir səbəb də budur ki, ölkədə sosial problemlər daha da kəskinləşir, intiharlar artır və vətəndaşların məmurların haqsız əməllərinə etiraz olaraq özünü yandırması halları görünməmiş hal alır. Belə bir zamanda Azərbaycan iqtidarı ölkə gündəminin dəyişmək üçün süni “casus” qalmaqalı yaradır, ölkədəki sosial və ictimai problemlərdən diqqəti yayındırmağa çalışır”, bəyanatda qeyd olunur.
XS
SM
MD
LG