Accessibility links

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) araşdırmaçı-jurnalist Xədicə İsmayılovaya qarşı yeni təzyiq kampaniyasını qətiyyətlə pisləyir.

Oktyabrın 12-də İsmayılovanın Praqada keçiriləcək “Forum 2000” konfransında iştirak üçün ölkəni tərk etməsinə imkan verilməyib, bir müddət əvvəl isə ona qarşı böhtan ittihamı ilə iddia irəli sürülüb. İndi o, həbs təhlükəsi ilə üz-üzədir.

RATİ hesab edir ki, İsmayılovanın ölkədən çıxışına qanunsuz əsaslarla qadağa qoyulması jurnalistin peşə fəaliyyətinə maneə və Azərbaycanın 2002-ci ildə ratifikasiya etdiyi Avropa İnsan Hüquqları Konvensiyasında təsbit olunmuş hərəkət azadlığı hüququnun kobud pozuntusudur.

Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etdiyi bir dövrdə jurnalistə qarşı diffamasiya maddələri üzrə məhkəmə işinin açılması hökumətin Avropa Şurasına daxil olarkən diffamasiya maddələrini Cinayət Məcəlləsindən çıxarmaqla bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək istəmədiyini bir daha göstərir.

RATİ hesab edir ki, İsmayılovanın hədəfdə olmasına səbəb prezident İlham Əliyevin ailəsinin korrupsiya əməlləri barədə araşdırmalar aparması, rəsmi səviyyədə şəffaflığın təmin olunması üçün göstərdiyi qətiyyətli fəaliyyəti, beynəlxalq aləmdə Azərbaycanda olan insan hüquqlarının, xüsusilə ifadə azadlığının durumu barədə informasiyaları bölüşməsidir.

RATİ həmçinin qeyd edir ki, Azərbaycan hakimiyyəti son iki ayda insan hüquqları sahəsində misli görünməmiş qanunsuzluqlara yol verib. Hazırda 10-dan çox bloger və jurnalistin həbsdə olması, hüquq müdafiəçilərinin həbsi, media azadlığını müdafiə təşkilatlarının bağlanması hökumətin insan hüquqları sahəsində həyata keçirdiyi repressiv siyasətin bariz göstəriciləridir.

RATİ Konstitusiya ilə vətəndaşların hüquqlarının təminatçısı olan ölkə prezidentini ifadə azadlığına edilən basqıları aradan qaldırmaq və “Diffamasiya haqqında” qanunun qəbul edilməsi üçün konkret addımlar atmağa çağırır.

RATİ beynəlxalq təşkilatları, xüsusilə də Avropa Şurasını və ATƏT-i Azərbaycana qarşı daha sərt mövqe ortaya qoymağa və Azərbaycan hökumətinə ifadə azadlığı ilə bağlı öhdəliklərini yerinə yetirməsi üçün daha çox təzyiq göstərməyə, “Diffamasiya haqqında” qanunun qəbulunun tələb edilməsinə çağırır.

XS
SM
MD
LG