Accessibility links

Azadlıq radiosu, Meydan televiziyası, Rövşanə Rəhimli prokurorluğun məlumatını təkzib edir


Xədicə İsmayılova

Xədicə İsmayılova

Azadlıq Radiosu və Meydan Televiziayası və Tural Mustafayevin keçmiş nişanlısı Rövşanə Rəhimlinin açıqlamaları Baş Prokuoroluğun Tural Mustafayevin jurnalist Xədicə İsmayılın təsiri ilə işdən çıxarılması, işə götürülməsi və nişanının qaytarılması ilə bağlı məlumatını təkzib edir.

Meydan TV-nin icraçı direktoru Emin Milli televizyanın saytında bildirib ki, Tural Mustafayev adlı şəxs 2014-cü ilin yanvar, fevral və mart aylarında Meydan TV-də reportyor kimi fəaliyyət göstərib.

“Meydan TV ilə əməkdaşlıq etdiyi aylarda işinə laqeyd yanaşdığı, verilən tapşırıqları lazımınca yerinə yetirmədiyi, dəfələrlə iş etikasını pozduğu, həmçinin psixoloji baxımdan qeyri-adekvat addımlarına görə Meydan TV-dəki işindən uzaqlaşdırılıb. Mənim onun Xədicə İsmayılova ilə hər hansı münasibətlərindən xəbərim olmayıb. Xədicə İsmayılova ilə Tural Mustafayev barədə heç bir söhbətim olmayıb. Xədicə İsmayılova Meydan TV-də heç bir vəzifə, heç bir səlahiyyət sahibi olmayıb, onun Meydan TV-nin hər hansı siyasətinə, qərarlarına, o cümlədən kadr siyasətinə heç bir təsir imkanları olmayıb. Tural Mustafayevin Xədicə İsmayılovanın təkidi və ya təklifi ilə işindən azad edilməsi ehtimalı ola bilməz”, o qeyd edir.

Azadlıq Radiosunun açıqlamasında isə deyilir ki, Tural Mustafayev Azadlıq Radiosunun "Azadlıq Bölgələrdə" proqramının ştatdankənar əməkdaşı olub. Bir müddət sonra o öz istəyi ilə fəaliyyətini dayandırıb.

Xədicə İsmayılın həbsinə səbəb olan Tural Mustafayevin keçmiş nişanlısı Rövşanə Rəhimli də Meydan televiziyasına prokurorluğun məlumatını təkzib edən açıqlama verib.

“Ailəm və dostlarım da təsdiqləyə bilər ki, bu ilin oktyabrında Turalla nişanımız pozulub. Buna səbəb də yalnız onun psixoloji problemlərinin olmasıdır”, o qeyd edib.

Onun sözlərinə görə, nişanlısının tez-tez depressiyaya düşməsi, aqressivləşməsi ayrılmalarına gətirib çıxarıb.

“Bir dəqiqənin içində halı dəyişirdi. Tanımaq olmurdu. Bu hallarına dözə bilməyib nişanı qaytardım. Hətta özü də Meydan TV-yə açıqlamasında deyib, bir müddət əvvəl Maştağadakı 1 saylı ruhi dispanserdə müalicə almışdı. Mütəmadi olaraq antidepressiv dərmanlar atır”, Rəhimli qeyd edib.

XS
SM
MD
LG