Accessibility links

Həbs edilmiş araşdırmaçı jurnalist Xədicə İsmayılovaya saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında KİV-də çıxışı ilə əlaqədar xəbərdarlıq olunub.

Vəkil Fariz Namazlı Amerikanın Səsinə bildirib ki, söhbət İsmayılovanın “Yeni il təbrikləri” adlı müraciətindən gedir.

Bu məqalənin KİV-də yayılması istintaq təcridxanasının rəhbərliyinin narahatlığına səbəb olub və İsmayılovadan izahat alınıb.

“Jurnalist belə bir izahat alınmasının qanuniliyindən şübhələndiyini bildirib və məqalənin məzmununu “telepatiya yolu ilə” çatdırdığını deyib.

Bundan sonra təcridxana rəhbərliyi onun saxlanıldığı kameraya gələrək, ona rəsmi xəbərdarlıq edib. Xəbərdarlıqda deyilir ki, jurnalist təcridxana rəhbərliyinə “qeyri-qanuni tələblər” irəli sürüb”, deyə vəkil bildirib.

Məsələ ilə bağlı Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

Xədicə İsmayılova Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə ittiham olunur. O, guya özünü öldürmə həddin çatdırdığı Tural Mustafayevin şikayəti əsasında həbs edilib. Xədicə İsmayılova ittihamları təkzib edir və bunun peşə fəaliyyəti ilə bağlı olduğunu hesab edir.

XS
SM
MD
LG