Accessibility links

Xədicə İsmayıla qarşı ittihamlar bir icraatda birləşdirilib


Xədicə İsmayıl

Xədicə İsmayıl

Fevralın 24-də həbsdə olan jurnalist Xədicə İsmayıla qarşı irəli sürülmüş ittihamlar bir icraatda birləşdirilib. Bu haqda AzadlıqRadiosuna fevralın 25-də jurnalistlə görüşən vəkil Yalçın İmanov məlumat verib.

Onun bildirdiyinə görə, Xədicə İsmayıla qarşı irəli sürülən ittihamlarla bağlı işlər bundan sonra Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində aparılacaq:

“Bu haqda Xədicə İsmayıla dünən (fevralı 24-ü-red) məlumat veriblər. Ona qarşı 125-ci maddə (özünü öldürmə həddinə çatdırma) ilə bağlı irəli sürülən ittiham Bakı Şəhər Prokurorluğunda araşdırılırdı. Fevralın 13-də isə jurnalistə daha 4 maddə ilə ittiham irəli sürüldü. Bu maddələrin araşdırılması isə Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində aparılır. Fevraılın 24-də jurnalistə yenidən elan edilmiş ittihama əsasən bütün 5 maddə üzrə istintaq bir icraatda birləşdirilib. Bu səbəbdən bütün ittihamlar bundan sonra Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində araşdırılacaq”.

Vəkil Yalçın İmanov

Vəkil Yalçın İmanov

Vəkil deyir ki, jurnalist ittihamların bir icraatda birləşdirilməsini qanunsuz olduğunu diqqətə çatdırıb:

“Xədicə İsmayıl qərara öz etirazını yazıb. Yazıb ki, bu qərar Yalçın İmanovun onun vəkilliyindən kənarlaşdırılmasına hesablanıb. Həm də qeyd edib ki, bu qərar onun şəxsi həyatınına aid olan sirlərin yayılmasına səbəb ola bilər”.

Xədicə İsmayıl ötən ilin dekabr ayında özünü öldürmə həddinə çatdırma ittihamı ilə həbs edilmişdi.

Fevralın 13-də isə Xədicə İsmayıla qarşı mənimsəmə, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz sahibkarlıq fəaliyyətilə bağlı maddələr üzrə əlavə ittihamlar təqdim olunub.

Son İttihamlar AzadlıqRadiosuna qarşı açılan cinayət işi ilə əlaqəlidir. Vəkil Yalçın İmanov həmin cinayət işinə şahid qismində cəlb olunub. Qanunla eyni cinayət işində şahid qismində cəlb olunan şəxs bu iş üzrə ittiham olunan başqa şəxsin hüquqlarını qoruya bilməz. Bu səbəbdən Yalçın İmanovun jurnalistin müdafiəsindən uzaqlaşdırılacağı gözlənilir.

İttihamlar təsdiqlənərsə jurnalisti 12 ilədək həbs cəzası gözləyir.

Xədicə İsmayıl ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.

XS
SM
MD
LG