Accessibility links

Demokratik Qüvvələrin Milli Şurası jurnalist Xədicə İsmayılın dərhal həbsdən azad edilməsini tələb edir.

Bu qurumun bu gün yaydığı bəyanatda deyilir ki, Xədicə İsmayıl Azərbaycanın hakim ailəsinin biznes imperiyası ilə bağlı çoxsaylı araşdırmaların müəllifi kimi nəinki ölkədə, bütün dünyada şöhrət qazanıb.

"Xədicə xanım hakimiyyətin yüksək dairələrindən qaynaqlanan ən çirkli təzyiq və təhdidlərin qarşısında geri çəkilməyərək öz peşə fəaliyyətini ləyaqətlə davam etdirib. Bu qətiyyətli xanım jurnalist ən iyrənc şantajların və şəxsi həyatına ən şərəfsiz müdaxilələrin cavabını özünün daha dərin, daha məzmunlu və daha sərrast araşdırma yazıları ilə verəcək qədər iradə və cəsarət sahibi olduğunu sübut edib. Onun bütün peşəkar fəaliyyəti xalqına və qələmin yazmağa borclu olduğu həqiqətə fədakar xidmət salnaməsidir”.

Sənəddə jurnalistin dünyanın ən yüksək mükafatların layiq görüldüyü qeyd edilir.

“Hakimiyyətin korrupsiya əməllərini ifşa edən Xədicə İsmayıl bu gün özü saxta korrupsiya ittihamları ilə həbsdədir. Ona qarşı özünü öldürmə həddinə çatdırma, külli miqdarda törətməklə mənimsəmə və israf etmə, vergi ödəməkdən yayınma, qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə kimi gülünc və əsassız ittihamlar irəli sürülüb. Görünür, korrupsioner hakimiyyət bununla öz əməllərinin hesabını Xədicə İsmayıla ödətdirmək niyyətindədir.Bu ittihamların hamısı Xədicə İsmayıldan qisas almaq cəhdindən başqa bir şey deyil və Xədicə xanımın "özünü öldürmə həddinə çatdırdığı" Tural Mustafayevin etirafları əslində Xədicə xanımın əməllərinin yox, ona qarşı ittihamların cinayətkar mahiyyətinə bir daha işıq saldı”, bəyanatda qeyd edilir.

Milli Şura hesab edir ki, Xədicə İsmayılın həbsinin formal səbəbkarı olan Tural Mustafayev öz videomüraciətində və KİV-lərə verdiyi müsahibələrində Xədicə xanıma qarşı ondan necə "şikayət ərizəsi" alındığına aydınlıq gətirib.

“Tural Mustafayev özünün və Xədicə İsmayıla qarşı istifadə edilməyə hazırlanan digər şəxslərin şəxsi həyatlarına aid videolarla təhdid olunduğunu, imtina edəcəyi halda intihar etmiş keçmiş otaq yoldaşının ölümündə suçlu bilinəcəyi ilə şantaj olunduğunu, fiziki və mənəvi işgəncələrə məruz qaldığını deyib. Hadisənin ən faciəvi tərəfi isə budur ki, onu şantaj edərək Xədicə İsmayıla qarşı "şikayətçi" olmağa məcbur edənlər dövlət hakimiyyəti nümayəndələri, hüquq mühafizə orqanlarının yüksək vəzifəli rəsmiləridir.Tural Mustafayev konkret olaraq Milli Təhlükəsizlik Nazirliyinin Anti-terror mərkəzinin rəis müavini İlqar Əliyev tərəfindən təhdid olunduğunu, Xədicə İsmayıla qarşı şikayət ərizəsinin isə ona sözbəsöz Bakı Şəhər prokurorunun müavini Azər Əsgərov tərəfindən diktə edildiyini bildirir. Göründüyü kimi, bu, dövlət hakimiyyət orqanları tərəfindən qabaqcadan əlbir olaraq mütəşəkkil cinayətkar dəstə yaratmaqla həyata keçirilən cinayət əməli, vətəndaşa, konkret bu halda isə Xədicə İsmayıl və Tural Mustafayevə qarşı həyata keçirilən dövlət terrorudur. Bu, eyni zamanda söz və fikir azadlığına qarşı qəsddir”, bəyanatda deyilir.

Demokratik Qüvvələrin Milli Şurası Azərbaycan hakimiyyətini onsuz da məhrumiyyətlər içində boğduğu vətəndaşlarına qarşı bu cinayətkar davranışdan əl çəkməyə, onların hüquq və azadlıqlarını qorumaq əvəzinə vətəndaşlarına qarşı mütəşəkkil cinayətkar dəstə kimi davranmaq praktikasına son qoymağa və cinayətkar qəsd nəticəsində, yalnız və yalnız öz peşəkar jurnalist fəaliyyətini vicdanla yerinə yetirərək rejimin korrupsiya cinayətlərini ifşa etdiyinə görəhəbs edilmiş jurnalist Xədicə İsmayılı azad etməyə çağırır.

Öz növbəsində, rəsmi Bakı Azərbaycanda insanlarınmövqeyinə görə deyil, konkret əməlinə görə qanun qarşısında cavab verdiyini bildirir. Hüquq mühafizə orqanları isə nə Milli Şuranın bəyanatına, nə də Tural Mustafayevin video müraciətinə hələ şərh etməyib.

Baş Prokurorluğun Ağır Cinayətlər dair İşlər üzrə İstintaq İdarəsiTural Mustafayevə ötən həftə istintaq sirrini yaydığına görə rəsmi xəbərdarlıq edib.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. O, jurnalist Tural Mustafayevin "özünü öldürmə həddinə çatdırma" iddiası ilə saxlanıb.

Bu il fevralın 13-də jurnalistə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlar elan olunub.

Bu ittihamlara görə Xədicə İsmayılı 12 ilədək həbs gözləyir.

Xədicə İsmayıl özünü təqsirli bilmir və bu ittihamları da siyasi sifariş sayır.

AzadlıqRadiosunun rəhbərliyi bəyan edib ki, Xədicə İsmayılın həbsi onun ölkə məmurlarının gizli biznesi haqda araşdırmalarına görə hakimiyyətin qisasıdır.

Amnesty International təşkilatı jurnalisti "vicdan məhbusu" elan edib.

XS
SM
MD
LG