Accessibility links

Xədicə İsmayılova barəsində məhkəmə hokmünə beynəlxalq və yerli reaksiyalar (Yenilənib-6)


Xədicə İsmayıl:

Xədicə İsmayıl:

Jurnalist Xədicə İsmayılova barəsində məhkəmə hokmü beynəlxalq və yerli təşkilatlar, ictimi, siyasi xadimlər tərəfindən kəskin tənqidlərlə qarşılanıb.

Reaksiyaları təqdim edirik:

Böyük Britaniyanın Avropa işləri üzrə naziri Devid Lidinqton

Böyük Britaniyanın Avropa işləri üzrə naziri Devid Lidinqton

Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton Azərbaycanda araşdırmaçı jurnalist Xədicə İsmayılova barəsində 7 il yarımlıq həbs hökmünə münasibət bildirib.

Nazir bəyan edib ki, bu hökmdən son dərəcə narahatdır.

“Bizi narahat edən başlıca məsələlərdən biri məhkəmə prosesinin hansı şəraitdə keçməsidir. Azərbaycan hakimiyyətini bu işə ədadlətli şəkildə və şəffaflıq şəraitində yenidən baxmağa çağırırıq. Biz Azərbaycan hakimiyyətini beynəlxaql öhdəliklərinə və qanunun aliliyinə hörmət etməyə səsləyirik”, sənəddə deyilir.

***

Beynəlxalq təşkilatların “Hüquqlar naminə idman" koalisiyası birgə bəyanatında Xədicə İsmayılova barəsində hökmü kəskin şəkildə pisləyib.

Sənəddə jurnalist barəsində hökm “biabırçı”, ədalətli mühakimənin “ələ salınması” adlandırılır.

Koalisiya beynəlxalq ictimaiyyəti İsmayılovanın azad edilməsi üçün bütün mümkün addımları atmağa çağırır.

Koalisiya qeyd edir ki, Azərbaycan hakimiyyəti Avropa Oyunları ərəfəsində hakimiyyətin korrupsiya və özbaşınalığını ifşa edən tənqidin qarşısını almaq üçün vətəndaş cəmiyyətinə və mətbuata qarşı geniş repressiyalara başlayıb.

“Hökumətin jurnalistlərə və onların ailə üzvlərinə qarşı bu misli görünməmiş ovuna son qoymasını tələb edirik”, deyə bəyanatda qeyd edilir. Sənəddə bu yaxınlarda reportyor Rasim Əliyevin qətlə yetirildiyi, Meydan TV-nin rəhbəri Emin Millinin qohumlarının təqib edildiyi və digər faktlar xatırladılır.

Koalisiya Azərbaycan hökumətini qarşıda duran parlament seçkiləri kontekstində ölkədə insan hüquqları sahəsində vəziyyətin yaxşılaşdırılması üzrə təcili və konkret tədbirlər görməyə çağırıb.

Həmçinin, Koalisiya beynəlxalq ictimaiyyəti Azərbaycan hökumətini məsuliyyətə və insan hüquqları sahəsində beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırmaq üçün səyləri fəallaşdırmağa çağırır.

Bəyanatı 20-dən çox hüquq müdafiə təşkilatı, o cümlədən Article 19, Civil Rights Defenders, CPJ, Front Line Defenders, HRHF, Freedom Now, Index censorship, FIDH, International Media Support və s. imzalayıb.

***

Sərhədsiz Reportyorlar

Sərhədsiz Reportyorlar

“Sərhədsiz reportyorlar” Bakı məhkəməsinin bu gün məşhur araşdırmaçı-jurnalist Xədicə İsmayılova barəsində çıxardığı 7,5 il azadlıqdan məhrumetmə cəzasından sarsılıb. Bu barədə bu beynəlxalq hüquq müdafiə təşkilatının bəyanatında deyilir.

“İsmayılova barəsində uzunmüddətli həbs cəzası təəccüblü deyil, belə ki, Azərbaycanda məhkəmə sistemi funksiyası, görünür dövlət repressiyalarına qanunilik donu geyindirmək üçün mövcuddur”, SR-in Şərqi Avropa və Mərkəzi Asiya departamentinin rəhbəri İohan Bir bildirib.

“Amma, bütün bunlar hökmün dəhşətini azaltmır. İsmayılovanın yeganə cinayəti hökumətdəki korrupsiya faktlarını cəsarətlə araşdırması olub. Onun işi həmkarları - Azərbaycandakı bütün jurnalistlər üçün qorxutma vasitəsidir”, o qeyd edib.

İsmayılovanın məhkəmədə son çıxışını belə, tamamlamasına imkan verilməyib, müstəqil mətbuat və ictimaiyyət isə məhkəmə prosesinə buraxılmayıb.

2014-cü il dekabrın 5-də həbs edilmiş İsmayılova artıq 9 ayını saxta ittihamlarla həbsdə keçirib.

Nəhayət, o, absurd özünü öldürmə həddinə çatdırma ittihamından başqa, demək olar ki, bütün ittihamlar üzrə mühakimə olunub.

“Sərhədsiz reportyorlar” təşkilatı İsmayılovanın və Azərbaycanda həbsdə olan digər 11 jurnalist və blogerin dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırır, habelə Bakının beynəlxalq tərəfdaşlarını israrla onun məsələsini bütün ikitərəfli danışıqlarda qaldırmağa çağırır”, bəyanatda qeyd edilir.

***

Avropa Şurasının baş katibi Tyorbyorn Yaqland

Avropa Şurasının baş katibi Tyorbyorn Yaqland

Avropa Şurasının Baş Katibi Turbyern Yaqland jurnalist Xədicə İsmayılova barəsində məhkəmənin bu günki 7,5 il azadlıqdan məhrumetmə hökmünü pisləyib. Bu barədə Baş Katibin mətbuat katibi Daniel Höltgenin bəyanatında deyilir.

Hüquq müdafiəçiləri Leyla və Arif Yunus barəsindəki hökmdə də olduğu kimi, Baş Katib Azərbaycan hakimiyyətindən İsmayılovanın təqsirinin ətraflı dəlillərini tələb edib.

Yaqland yenidən Azərbaycanın məhkəmə sistemində sistemli şəkildə olan nöqsanlar və ölkədə fikri ifadə azadlığına mənfi təsir göstərən hüquq müdafiəçiləri və jurnalistlərin cinayət təqibi hallarının artması kimi həyəcan doğuran tendensiya ilə bağlı narahatlığını bildirib.

***

Bakıda jurnalist Xədicə İsmayılovanı uydurma, siyasi ittihamlarla həbs ediblər. Bu, hökumətlə razı olmayan vətəndaşların nüfuzdan salınması ilə məşğul olan məhkəmənin və dövlət sisteminin keyfiyyətsizliyini göstərir. Azərbaycan hakimiyyəti hökmü dərhal ləğv etməli və onu azad etməlidir. Bu barədə Human Right Watch beynəlxalq hüquq müdafiə təşkilatının bəyanatında deyilir.

“Bu biabırçı hökm Azərbaycan hakimiyyətinin tənqidçilərindən qisas almaq üçün qanunu pozamağa olduğunu göstərir”, deyə HRW icraçı direktoru Kennet Rot bildirib. “Buna görə bu hökm dərhal ləğv edilməlidir”.

İsmayılova Elison De Forj mükafatına – fəallıq və cəsarətə, habelə söz azadlığının misli görünməmiş şəkildə pozulduğu Azərbaycanda hüquq müdafiə fəaliyyətinə görə verilmiş mükafata malikdir.

Məhkəmə zamanı İsmayılova hökuməti onun jurnalist araşdırmalarını, xüsusən İlham Əliyevin ailəsinin biznesi haqqında araşdırmalarını dayandırmaq cəhdində ittiham edib.

“Azərbaycan bu ədalət parodiyalarını ona görə edir ki, bu, cəzasız qalır. Beynəlxalq ictimaiyyətin konkret addımlar atmasının və Xədicə İsmayılova və bir çox digərləri haqqında ədalətsiz hökmlərə görə real nəticələrə nail olmasının vaxtı çatıb”.

Avropa İttifaqı və üzv dövlətlər Azərbaycanda insan hüquqları sahəsində dəhşətli vəziyyətə vahid kəskin mövqe bildirməlidir. Bu reaksiya Bakı ilə strateji tərəfdaşlıq haqqında yeni saziş üzrə danışıqlara son qoyulmasından ibarət olmalıdır.

Azərbaycan AŞPA-da səs hüququndan məhrum edilməlidir. Avropa İttifaqı Bakıya meydan oxuyaraq, onun bu xoşagəlməz davranışının cəzasız qalmayacağını göstərməlidir”, bəyanatda qeyd edilir.

***

Əli Kərimli

Əli Kərimli

Azərbaycan Xalq Cəbhəsinin sədri Əli Kərimli jurnalist Xədicə İsmayılovaya qarşı məhkəmə hökmünə münasibət bildirib. O, facebook səhifəsində yazıb:

“Gözlənilən sifarişli hökm elan edildi. Xədicə İsmayıl 7 il yarım müddətinə azadlıqdan məhrum edildi.

Xədicə İsmayılovanı həbs etdilər ki, həm ondan indiyə qədər apardığı junalist araşdırmalarının qisasını alsınlar, həm də bundan sonra da yeni-yeni araşdırmaları ilə onların korrupsiya əməllərini ifşa etməsinə imkan verməsinlər. Amma yenə də hesabları səhv çıxdı.

Əvvəla, Xədicə xanımın yarımçıq qalmış korrupsiya araşdırmalarını hazırda beynəlxalq araşdırmaçı jurnalistlər davam etdirirlər. Xədicə xanımın həbsindən sonra da 5-6 çox sanballı, rejimi yerdən-yerə vuran korrupsiya araşdırmaları ictimaiyyətə təqdim olunub. Heç şübhəsiz ki, beynəlxalq səviyyədə korrupsiya ifşaları bundan sonra da davam edəcək. Deməli, rejim başçılarının Xədicə İsmayılovanı həbs etdirməklə hələ də ifşa olunmamış korrupsiya əməllərinin gizli qalacağına olan ümüdləri özünü doğrultmadı.

Bu cəsur xanımların həbsdə saxlandığı hər gün hakimiyyəti bir az da sarsıdır.

İkincisi, Xədicə İsmayıl dünyada tanınan jurnalistdir. Məhz onun və Leyla Yunusun həbsi hökumətə qarşı beynəlxalq basqıları daha da artırıb. Bu cəsur xanımların həbsdə saxlandığı hər gün hakimiyyəti bir az da sarsıdır. Hökumət anlamalıdır ki, bu xanımlar hazırda həbsxana şəraitində onlar üçün daha böyük təhlükədir, nəinki nisbi azadlıqda. Hökumət humanizm nöqteyi-nəzərindən yox (mən bunlardan humanizm gözləmirəm), sivil dünyadan tamamilə qopmamaq üçün bu mübariz xanımları dərhal azad etməlidir. Ölkədə çox nadir situasiyalardan biri yaranıb ki, bizim cəmiyyət olaraq istək və tələbimiz hökumətin özünün də maraqlarına zidd deyil. Siyasi məhbuslar, ilk növbədə Xədicə xanım və Leyla xanım tezliklə azad edilməlidir. Azacıq ağıl və məntiqlə fikirləşsələr, iqtidardakılar da başa düşər ki, onları azad etmək hökumətin də maraqlarına zidd deyil. Tərslik edəcəkləri, qisasçılığı davam etdirəcəkləri təqdirdə isə həm ölkə daxilindən, həm də beynəlxalq aləmdən təzyiqlərin yeni dalğasını qəbul etməyə hazırlaşsınlar," Əli Kərimli qeyd edir.

XS
SM
MD
LG