Accessibility links

Xədicə İsmayılova: Jurnalistlər susanda bəşəriyyət əziyyət çəkir


Xədicə İsmayıl

Xədicə İsmayıl

Həbsdə olan jurnalist Xədicə İsmayılova UNESCO/ Guillermo Cano Ümumdünya Mətbuat Azadlığı Mükafatına layiq görülüb. Təqdimat mərasimi 3 may - Beynəlxalq Mətbuat Azadlığı gününə həsr edilib.

Facebook şəbəkəsində Xədicə İsmayılovanın həbsxanadan göndərdiyi müraciətin mətn yayılıb. İsmayılovanın təqdimat mərasiminin iştirakçılarına müraciətini təqdim edirik:

Elmar Hüseynov barədə eşitmişiniz?

Elmar Hüseynov barədə eşitmişiniz? O, Azərbaycanın Guillermo Cano-sudur. İnanıram ki, onun işi və verdiyi qurban bu gecə burada anılmalıdır. Elmar “Monitor” adlı müstəqil insan haqları jurnalının redaktoru idi. Bu jurnal Azərbaycanda baş verənlərlə bağlı həqiqəti demək kimi sadə jurnalistika missiyasını özünəməxsus şəkildə həyata keçirirdi.

Elmar 2005-ci il martın 2-də evinin kandarında öldürüldü. Güllələr atılanda həyat yoldaşı və övladı evdə idi; onun qətli araşdırılmadı, heç kəsə qarşı cinayət təqibi aparılmadı, təqsirləndirilən olmadı. Onun qətli Azərbaycanda jurnalistlərə qarşı cəzasız qalan saysız cinayətlərdən birinə çevrildi. Guillermo Cano-nu xatırladığımız kimi Elmar Hüseynovu da anmalıyıq, onların həqiqətə birgə xidmətləri boşuna getməməlidir.

İndi isə özümə keçirəm. Bilirsiniz ki, sizə həbsxana kamerasından yazıram. Cinayətim nədir? Araşdırıcı jurnalistikayla məşğul olmuşam – Azərbaycan Prezidenti İlham Əliyevə və ailə üzvlərinə bağlı korrupsiyanı üzə çıxarmışam. Nədə təqsirli bilinmişəm? Cinayəti sübuta yetirən heç bir dəlilin ortaya qoyulmadığı, əleyhimə heç bir şahidin ifadə vermədiyi məhkəmə mənə 7 il yarım həbs cəzası kəsib. Ancaq həmkarım və əziz dostum Elmardan fərqli olaraq, mən ədalət mübarizəsi yolunda sağ-salamatam; amma həbs bu işi təkbaşına görməyimə əngəldir.

Bu səbəbdən bəziləri inanır ki, jurnalistlərin öldürülməsi bəşəriyyətə qarşı cinayətdir.

Ona görə sizə səslənirəm. Jurnalistlər susanda bəşəriyyət əziyyət çəkir. Bu səbəbdən bəziləri inanır ki, jurnalistlərin öldürülməsi bəşəriyyətə qarşı cinayətdir. Bu gecə buraya yığımısınız, xahiş edirəm, mənim işimi, cəsarətimi tərifləməyin, özünüzü hər birinizin mətbuat azadlığı və ədalət adına görə biləcəyiniz işə həsr edin.

İndi Guillermo Cano, Elmar Hüseynov və mənə bağlısınız. Hamımız fundamental hüquqlarımıza hücumlar, ədalətə nifrət, obyektivliyə xor baxış, həqiqətin inkarından alçalır, insanlığımızı itiririk. Bu gecə buraya mətbuat azadlığı ehtiramına (honor) yığışmışıq, onun uğrunda savaş vədi verməliyik.

UNESCO-nun, dünyada bəşəri sivilizasiya və uğurların qoruyucusunun bizi bu missiyada birləşdirməsi də təqdirəlayiqdir. Beləliklə, bu günkü hərəkət çağırışına nə daxildir? Hamımız – fərdlər, təşkilatlar və dövlətlər üçün o deməkdir ki:

Həqiqəti müdafiə etsinlər, sual verməkdən çəkinməsinlər, tənqidi düşünsünlər.

Siyasi məhbuslara görə heç bir bəhanə qəbul etməsinlər.

Cəmiyyətlər ictimai nəzarət və tənqid olmadan inkişaf edə bilməz. Narazılıq həbsə əsas verməməlidir.

Korrupsiya şər qüvvədir və tamamilə pozucudur. Bunu gözardı etməyin, yaxud qol-qanad verməyin. Etibar olmayan yerdə təhlükəsizlik və beynəlxalq standartları və öhdəliklərini pozan tərəfdaşlarla mənalı strateji alyans gözləməyin.

Korrupsiya ilə savaşın, hökumətləriniz və müttəfiqlərinizdən bütövlük və hüququn aliliyini tələb edin. Korrupsiya şər qüvvədir və tamamilə pozucudur. Bunu gözardı etməyin, yaxud qol-qanad verməyin. Etibar olmayan yerdə təhlükəsizlik və beynəlxalq standartları və öhdəliklərini pozan tərəfdaşlarla mənalı strateji alyans gözləməyin.

Qorxmayın. Buna görə qurban verməyə dəyər.

Məndən öncə görülən işlər və qurbanlar, eləcə də görüləcək işləri nəzərə alaraq bu mükafatı təvazökarlıqla qəbul edirəm. Mənimlə birlikdə azadlıq və həqiqət uğrunda savaşın.

XS
SM
MD
LG