Accessibility links

Araşdırmaçı jurnalist Xədicə İsmayılova Bakı Şəhər Prokurorluğuna qarşı iddia qaldırıb. O, əsassız olaraq intihar həddinə çatdırma ittihamı ilə üç ay həbsxanada saxlandığına görə kompensasiya ödənilməsini tələb edir.

İşə üçüncü şəxs qismində Maliyyə Nazirliyi cəlb olunub.

İddia üzrə hazırlıq iclası avqustun 17-də Səbael Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə olacaq.

X.İsmayılova 2014-cü il dekabrın 5-də Cinayət Məcəlləsinin 125-ci maddəsi (Özünü öldürmə həddinə çatdırma) ilə həbs edilib. 2016-cı il martın 6-dək həmin maddə üzrə həbsdə saxlanılıb.

Lakin 2015-ci il sentyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsi X.İsmayılovaya 125-ci maddə üzrə bəraət verərək, iqtisadi cinayətlərə görə 8,5 il müddətinə azadlıqdan məhrum edib.

Bununla da məhkəmə təsdiqləyib ki, X.İsmayılova 2014-cü il dekabrın 5-dən 2016-cı il martın 6-dək - yəni, 91 gün qanunsuz olaraq həbsdə saxlanılıb.

X.İsmayılova hüquqi yardım alınması, işləmək imkanı olmadığından itirilmiş mənfəət və həbs zamanı ona yol verilən digər xərclər, həmçinin mənəvi zərərə görə kompensasiya tələb edir.

X.İsmayılova maddi zərəri 9 min 30 manat həcmində dəyərləndirib. Mənəvi zərərə görə isə 20 min manat tələb edir.

Mayın 25-də Azərbaycan Ali Məhkəməsi jurnalistin üzərindən mənimsəmə və vəzifə səlahiyyətindən sui-istifadə ittihamlarını götürərək real həbs müddətini şərti olaraq 3,5 il müddətilə əvəzləyib.

XS
SM
MD
LG