Accessibility links

Vətəndaş cəmiyyəti institutları xəstə məhbusların azad edilməsini istəyir


Həbsxana pəncərəsi
Həbsxana pəncərəsi

Hüquq müdafiəçiləri prezident Əliyevə müraciət edib

Vətəndaş cəmiyyəti institutlarının bir qrupu həbsdəki xəstə məhbuslarla bağlı dövlət başçısı İlham Əliyevə müraciət ünvanlayıb.

Sənəddə hazırda cəzaçəkmə müəssisələrində vicdan məhbusları olan şəxslərin saxlandığını, bu şəxslərin səhhətlərində problemlər olduğunu, bunun həbsxanalarda ölümlə nəticələnə biləcəyini xatırladılır. İslam partiyasının sədr müavini Vaqif Abdullayevin bu il iyulun 12-də həbsxanada vəfat etməsi yada salınır.

Sənəddə həbsdə olan hüquq müdafiəçisi Vidadi İskəndərovun, partiya sədri Nemət Pənahlının şəkərli diabet xəstəsi, Şahin Həsənlinin ürək və bel ağrılarından, Elnur Seyidovun dağınıq sklerozdan, Hilal Məmmədovun astmanın ağır formasından, keçmiş səhiyyə naziri Əli İnsanovun bel yırtığından, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin ürək xəstəliyindən əziyyət çəkdiyi qeyd edilir.

Hüquq müdafiəçiləri Cəzaların İcrası Məcəlləsinin 167-ci maddəsinin tələbinə görə məhkumların xəstəliyə görə cəza çəkməkdən azad edilməsi hüququnun olduğunu vurğulayır. Bu müddəanı əsas tutaraq xəstəliklərlə bağlı adları çəkilən məhkumların işlərinə yenidən baxılması və azad olunmaları təklif edilir. Bu addımın ölkənin insan hüquqları sahəsində beynəlxalq imicinə müsbət təsir edəcəyi bildirilir.

Sənədi İnsan Haqları Monitorinq Qrupunun üzvü Novella Cəfəroğlu, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin icraçı direktoru Bəşir Süleymanlı, İnsan Hüquqları Klubunun sədri Rəsul Cəfərov, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov, Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli bölməsinin rəhbəri Səadət Bənənyarlı, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı, Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva, İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin rəhbəri İradə Cavadova, Azadlığın və Sülhün Müdafiəsi Beynəlxalq Hüquq Təşkilatının sədri Mətləb Mütəllimli,
Siyasi Azadlıqları Müdafiə Alyansının koordinatoru Samir Kazımlı, “Demokratiyanı Öyrənmə” İctimai Birliyinin sədr müavini Vüqar Hüseynov, "Hüquq və İnkişaf" İctimai Birliyinin sədri Hafiz Həsənov, "Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansının koordinatoru Oqtay Gülalıyev imzalayıb.
XS
SM
MD
LG