Accessibility links

Xəzəryanı dövlət başçılarının Sammiti keçirilib


Xəzəryanı dövlət başçılarının Sammiti
Xəzəryanı dövlət başçılarının Sammiti

Sentyabrın 29-da Rusiyanın Həştərxan şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammiti keçirilib.

Sammitdə Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin, İran prezidenti Həsən Ruhani, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov iştirak edib.

AzərTAc agentliyinin məlumatına görə sammit çərçivəsində dövlət başçılarının məhdud və geniş tərkibdə görüşləri olub.

Prezident Vladimir Putin bildirib ki, dövlət başçıları ilk dəfə beştərəfli əməkdaşlığın əsas prinsiplərini müəyyən edən siyasi bəyanat razılaşdırıb.

Cənab Putin həmçinin Xəzəryanı ölkələrin energetika, dəniz nəqliyyatı, balıqçılıq, ekologiya, Xəzərin bioloji müxtəlifliyinin qorunması və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışıb.

Xəzəryanı dövlət başçılarının Sammiti
Xəzəryanı dövlət başçılarının Sammiti

Prezident İlham Əliyev bildirib ki, 2010-cu ildə Bakıda keçirilən Üçüncü Xəzər Sammitinin yekunlarına əsasən imzalanan “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş” qaçaqmalçılığa, brakonyerliyə, qanunsuz miqrasiyaya, insan alverinə, mütəşəkkil cinayətkarlığa və terrorizmə qarşı mübarizə sahəsində sərhəd xidmətləri və digər dövlət qurumları arasında əməkdaşlığın və qarşılıqlı fəaliyyətin mühüm mexanizmini yaradıb.

Onun sözlərinə görə Bakı sammitindən ötən dövrdə Xəzər dənizində əməkdaşlığın hüquqi bazasının möhkəmləndirilməsi üzrə xeyli iş görülüb. “Tərəflər “Xəzər dənizində fövqəladə halların qabaqlanması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş”in razılaşdırılmasını başa çatdırıb, imzalanması üçün təklif ediblər. Xəzəryanı dövlətlərin bu sahədə əməkdaşlığının və qarşılıqlı fəaliyyətinin möhkəmlənməsi Xəzərdə daha səmərəli və təhlükəsiz fəaliyyətə xidmət edəcək”.

İ.Əliyev Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsi haqqında Azərbaycanla Qazaxıstan və Rusiya, Qazaxıstanla Rusiya arasında ikitərəfli, habelə Azərbaycan, Qazaxıstan və Rusiya arasında üçtərəfli sazişləri xatırladıb. istəyirəm. “Azərbaycan hesab edir ki, bu sazişlərdə təsbit olunmuş prinsiplər bütün Xəzəryanı dövlətlər arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsinə dair razılaşmalara nail olmaq üçün yaxşı əsas ola bilər.
Biz Xəzər dənizini dostluq, sülh, təhlükəsizlik və əməkdaşlıq dənizi hesab edirik”.

Prezident Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini region üçün böyük təhlükə kimi qiymətləndirib.

Əliyev deyib ki, Xəzər dənizi regionunda ticari-iqtisadi əlaqələrin dərinləşdirilməsi, enerji ehtiyatlarının mənimsənilməsi və beynəlxalq bazarlara nəql edilməsi üzrə investisiya şəraitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyalar yaradılması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi bizim üçün mühüm prioritet olaraq qalır. “Xəzər dənizi nəqliyyat dəhlizlərinin inkişafı üzrə bir sıra beynəlxalq və regional layihələrdə əlaqələndirici elementdir.

Azərbaycan Xəzərdə qonşuları ilə neft-qaz sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir. İran və Rusiya şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda neft-qaz ehtiyatlarının işlənilməsində sərmayədarlar kimi uğurla iştirak edirlər. Azərbaycan həm də Qazaxıstan və Türkmənistan şirkətləri üçün öz ərazisindən keçməklə neftin və neft məhsullarının tranzitini həyata keçirir. Azərbaycan, İran və Rusiya arasında üçtərəfli əməkdaşlıq çərçivəsində elektroenergetika və nəqliyyat sahəsində də yaxşı perspektivlər vardır”.

Bu il sentyabrın 22-də Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin birinci mərhələsi çərçivəsində Azərbaycanda bərə terminalı istifadəyə verilib. Bu limanın yükaşırma qabiliyyəti birinci mərhələdə on milyon ton yük və ildə əlli min konteyner olacaq. İki ildən sonra həyata keçirilməsi planlaşdırılan üçüncü mərhələ başa çatandan sonra limanın yükaşırma qabiliyyəti 25 milyon ton yükə və bir milyon konteynerə bərabər olacaq.

Prezident bildirib ki, Azərbaycan Bakı Sammitində qəbul edilmiş uzlaşdırılmış qərara sadiqliyimizi təsdiqləyərək, sahilyanı dövlətin suverenliyinin şamil edildiyi su məkanı da daxil olmaqla 25 dəniz mili ölçüsünü əsas götürərək milli zonanın eninin müvafiq şəkildə razılaşdırılmasına tərəfdarıdır. ”Biz dənizin dibinin həmhüdud sahələrinin bölgüsündə əsas norma kimi hamılıqla tanınmış orta xətt prinsipini toxunulmaz hesab edir, dənizçilik, Xəzər dənizindən digər dənizlərə sərbəst gediş-gəliş və tranzit məsələlərinə böyük əhəmiyyət veririk.
Azərbaycan həm də Xəzərdəki qonşularımızla hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir. Hesab edirik ki, Xəzər dənizində tərəflərin silahlı qüvvələrinin iştirakı və hərbi fəaliyyəti bütün Xəzəryanı dövlətlər üçün bərabər təhlükəsizlik şərtlərinin təmin edilməsi prinsipi əsasında həyata keçirilməlidir. Bu, region dövlətləri arasında qarşılıqlı etimadın güclənməsinə xidmət edəcək. Xəzər dənizi bundan sonra da sülh, dostluq, əməkdaşlıq və mehriban qonşuluq zonası olaraq qalmalıdır”, İ.Əliyev qeyd edib.

İran prezidenti Həsən Ruhani Xəzərin bioloji resurslarından istifadə ilə yanaşı, Xəzərətrafı ərazilərdə turizmin inkişafı, dəniz gəmiçiliyinin genişləndirilməsi və bütövlükdə Xəzər dənizinin imkanlarından istifadədə sahil ölkələrinin birgə investisiya qoyuluşunun əhəmiyyətini qeyd edib.

O, regionda sülh və sabitlik dənizi olan Xəzəri sahillərində yerləşən ölkələrin hazırda dünyanı təhdid edən ekstremizm və terrorizmə qarşı mübarizədə birgə səylərinin də zəruriliyinə toxunub.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Bakı sammitindən sonrakı dövr ərzində Xəzərin statusunun müəyyən edilməsi ilə bağlı aparılan danışıqlar prosesindəki irəliləyişlərdən söhbət açıb və bunun sayəsində təhlükəsizlik sahəsində razılaşmanın imzalandığını vurğulayıb.

Xəzər dənizində təhlükəsizlik və əməkdaşlıq şəraitinin getdikcə gücləndiyini qeyd edən Qazaxıstan prezidenti dövlət başçılarının imzalayacağı birgə bəyanatın yaxın zamanlarda Xəzərin hüquqi statusuna dair konkret sənədin qəbul olunacağına təkan verəcəyinə əminliyini ifadə edib.

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Həştərxan sammitinin Xəzərin statusunun müəyyən edilməsində hüquqi bazanın yaradılmasına yeni töhfə verəcəyinə inandığını bildirib.

O qeyd edib ki, Türkmənistan beştərəfli əməkdaşlığın Xəzəryanı ölkələrin inkişafına təsirini yüksək dəyərləndirir. Türkmənistanın dövlət başçısı Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı sənədin imzalanması üçün tərəflərin mövqelərinin yaxınlaşmasını müsbət hadisə kimi dəyərləndirib.

İştirakçı dövlət başçıları sammitin yekunu olaraq
Xəzəryanı dövlətlərin müvafiq nazirlikləri tərəfindən Xəzər dənizinin hidrometeorologiyası sahəsində əməkdaşlıq, Xəzər dənizində fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında, Xəzər dənizinin su bioloji resurslarının qorunması və onlardan rasional istifadə olunması haqqında beştərəfli sazişlər imzalanıb.

Sonda prezidentlərin birgə bəyanatı imzalanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG