Accessibility links

Siyasi partiyalar Xəzərin hüququ statusu ilə bağlı bəyanatı qəbul etmir


bp şirkətinin Xəzər nefti ilə bağlı xəritəsi

bp şirkətinin Xəzər nefti ilə bağlı xəritəsi

Müsavat.com saytının məlumatına görə Azərbaycanın bir sıra siyasi partiyaları Xəzərin hüquqi statusuna dair Həştərxan Bəyannaməsi barədə birgə açıqlama yayıb.

Sənədi Klassik Xalq Cəbhəsi, Müsavat, Demokrat, Ümid, Azadlıq, Vətəndaş və İnkişaf, Az.DP, Böyük Azərbaycan, Aydınlar, Xalq, Liberal Demokrat Partiyaları imzalayıb. .

Açıqlamada deyilir:

“Bu açıqlamanı imzalayan siyasi partiyalar Xəzəryanı ölkələrin dövlət başçılarının Həştərxan sammitində Xəzərin hüquqi statusu ilə əlaqədar qəbul etdikləri bəyanatla bağlı ciddi narahatlıq ifadə edirlər.

Belə ki, Xəzərin hüquqi statusuna dair Konvensiya layihəsində Xəzər dənizi su səthinin 15 millik sahil zolağı istisna olmaqla ümumi dəniz elan edilməsinə razılıq verilməsi Azərbaycan Respublikasının 20 ildən bəri davam edən danışıqlar prosesində ortaya qoyduğu mövqedən birtərəfli qaydada imtina etməsi və Rusiyanın yenə 20 ildən bəri irəli sürdüyü “dibi bölüşürük, su səthi ümumidir” ultimatumunu qeyd-şərtsiz qəbul etməsi anlamına gəlir.

Qeyd olunmalıdır ki, bu gün həmin sənəddə Azərbaycanın maraqlarına və qanunvericiliyinə zidd heç bir müddəa yoxdur fikrini səsləndirən Azərbaycan Xarici İşlər Nazirliyinin vəzifəli şəxslərinin dünənə qədər bu fikrin 180 dərəcə əksini iddia edən saysız bəyanatları vardır.

Açıqlamanı imzalayan siyasi partiyalar məsələni geniş ictimai müzakirəyə çıxaracaqlarını bəyan edərək tələb edirlər ki, hakimiyyət bu barədə cəmiyyətə təfsilatlı və düzgün izahat təqdim etsin.

Milli Məclisə təklif edilir ki, Azərbaycanın milli maraqları və təhlükəsizliyi baxımından meydana çıxan narahatlıqlar aradan qalxmayana qədər həmin sənədin müvafiq qaydada təsdiq edilib qüvvəyə minməsinə yol verilməsin”.

XS
SM
MD
LG